Xəbərlər arxivi

           
                           
                               SOCAR prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim etmişdir
<br><br>Gallery                            
                           
                               
                               
                                   16 Sentyabr 2016                                                                    

SOCAR prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim etmişdir

                               
                               

“Neftçilər günü” ərəfəsində, sentyabrın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu 2944-cü məhəllə M.Hadi küçəsində inşa olunmuş yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə iştirak etmişlər. SOCAR prezidentinə məlumat verilmişdir ki, 9 mərtəbəli binanın tikintisinə 2014-cü ilin sentyabr ayında başlanılmışdır. Bina 4 blokdan, 144 mənzildən, o cümlədən 16 mansarddan ibarətdir. İkiotaqlı və üçotaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 17637 kvadrat metr, yaşayış sahəsi isə 12726 kvadrat metrdir. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilmişdir. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılmış, ətraf abadlaşdırılmışdır.

Sakinlər qarşısında çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən tərəqqi strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləmiş, qarşıdan gələn “Neftçilər günü” münasibəti ilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik etmişdir. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirmiş, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulamışdır. Neftçilərin mənzil problemlərinin həlli istiqamətində görülən işlərdən danışan Rövnəq Abdullayev qeyd etmişdir ki, SOCAR bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir. Son 10 ildə 3 minə yaxın neftçi ailəsi növbə əsasında mənzillə təmin olunmuşdur. Bu işi daha da təkmilləşdirmək məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılmışdır. Kooperativ uğurla çalışaraq, fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin etmişdir. Hazırda SOCAR üzrə 3392 nəfər işçi mənzil uçotundadır ki, onların da 2950 nəfəri Bakıda, 442 nəfəri isə respublikamızın müxtəlif rayonlarında yaşayır. Bildirilmişdir ki, SOCAR-da çalışan gənc mütəxəssislər, şirkətin təqaüd proqramlarının iştirakçıları da diqqətdə saxlanılır, ehtiyacı olduqda Kooperativə üzv qəbul edilir və mənzillə təmin olunurlar. Bu gün SOCAR-ın Təqaüd Proqramının 12 məzunu da mənzil alanlar sırasındadır. “Neftçi” mənzil-tikinti kooperativi yeni-yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Lökbatan qəsəbəsi 28 may küçəsində ümumilikdə 452 mənzildən ibarət 7 yaşayış binasının inşası uğurla davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli, eyni zamanda “Azərikimya” İstehsalat Birliyinin əməkçiləri üçün Sumqayıt şəhəri A.Quliyev küçəsində 100 mənzilli və S.Vurğun küçəsində 172 mənzilli yeni yaşayış binalarının inşası nəzərdə tutulur. Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi də veriləcəkdir. Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 yüksək mərtəbəli yaşayış kompleksi tikiləcəkdir. Artıq kompleksin layihələndirmə işləri başa çatdırılmışdır. SOCAR prezidenti neftçilərin sosial şəraitinin yaşxılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Daha sonra Rövnəq Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşaiyət edən şəxslərlə birlikdə mənzilləri gəzmiş, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olmuşdur. Neftçilərə order və açarları təqdim edən SOCAR prezidenti onlara yeni mənzillərində firavan həyat arzulamışdır. Yeni binanın sakinləri adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.