Xəbərlər arxivi

           
                           
                               Çinin İxrac Kredit Sığorta Korporasiyası (SINOSURE) Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərirGallery                            
                           
                               
                               
                                   21 May 2018                                                                    

Çinin İxrac Kredit Sığorta Korporasiyası (SINOSURE) Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərir

                               
                               

Mayın 21-də SOCAR prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının (SINOSURE) icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılmışdır. Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün SINOSURE və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanmış, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunmuşdur.

SINOSURE ixrac kreditlərinin sığortalanması sahəsində ixtisaslaşan yeganə Çin sığorta şirkətidir. O öz fəaliyyətini 2001-ci ilin dekabr ayında başlamışdır. Mənzil-qərargahı Pekində yerləşir. Sinosure ölkə miqyasında xidmət şəbəkəsi formalaşdırmışdır. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalamışdır. Sinosure hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.
                               

                           
                           
                       
           
                           
                               SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 100 mininci sertifikatı təqdim etdiGallery                            
                           
                               
                               
                                   15 May 2018                                                                    

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 100 mininci sertifikatı təqdim etdi

                               
                               

Mayın 15-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarında verilən 100 mininci Sertifikatın dinləyiciyə təqdim edilməsi mərasimi keçirilmişdir. SOCAR-ın 100 mininci peşə təlimi sertifikatı “Müasir elektron ölçü vasitələrinin ölçü qovşaqlarının və standartlarının tətbiqi” kursunu müvəffəqiyyətlə bitirən “Azneft” İstehsalat Birliyinin 28 May Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı Aftil Əliyevə təqdim edilmişdir.

TTSİ-nin rəisi Fuad Süleymanov İdarənin fəaliyyəti ilə bağlı təqdimatla çıxış etmiş, keçilən yola nəzər yetirmiş, SOCAR-ın beynəlxalq standartlara cavab verən və region üzrə öz sahələrində unikallığı ilə seçilən müxtəlif peşə təlimi kurslarından bəhs etmişdir. “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov texnologiyanın sürətli inkişafı dövründə müxtəlif ixtisaslar üzrə peşəkar fəhlə və mütəxəssislərin kurslara cəlb edilməsinin biznes inkişafı üçün olan zərurətini vurğulamışdır.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbirdəki çıxışında demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir” təlimatına uyğun olaraq, SOCAR bu istiqamətdə öz geniş miqyaslı layihələrini davam etdirir. Dayanıqlı inkişafımızın əsas şərtlərindən biri də beynəlxalq standartlara cavab verən yüksək səviyyəli peşə təliminin təşkilidir. 13 il ərzində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Ölkə iqtisadiyyatına dəyərli töhfə verərək təlim mərkəzlərində 100 minə qədər peşəkar fəhlə kadrının hazırlanmasına, mühəndis texniki işçilərin ixtisaslarının artırılmasına nail olunmuşdur. 100 mininci Sertifikatın Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində “28 May” NQÇİ-nin əməkdaşına qismət olması isə həm də rəmzi məna daşıyır”.

“Azneft” İstehsalat Birliyinin 28 May NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması Xidmət sahəsinin böyük mühəndisi 100 mininci Sertifikatın sahibi Aftil Əliyev demişdir: “SOCAR-da peşə təlimləri beynəlxalq standartlar əsasında keçirilir. Təlim mərkəzlərində ən müasir avadanlıqlardan istifadə olunur, peşəkarlar burada müasir bilik və səriştələrə yiyələnə bilirlər. Burada verilən sertifikatlar həm yerli, həm də xarici şirkətlərdə fəaliyyət göstərmək üçün bir vəsilədir. Belə bir şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına və SOCAR rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki və mexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarənin mütəxəssisləri tərəfindən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlər keçirilir. Həmçinin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə standartların tətbiqi və onlara nəzarət TTSİ-nin fəaliyyət sferasına daxildir.
                               

                           
                           
                       
           
                           
                               SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdirGallery                            
                           
                               
                               
                                   10 May 2018                                                                    

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

                               
                               

Mayın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və onun çoxminli kollektivinin təmsilçiləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq Ümummilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhuna dualar oxumuş, abidəsi qarşısında baş əymişlər.                                

                           
                           
                       
           
                           
                               Dünya Bankının GGFR təşkilatı Azərbaycanın təcrübəsini öyrənmək  və dünyaya yaymaq istəyirGallery                            
                           
                               
                               
                                   7 May 2018                                                                    

Dünya Bankının GGFR təşkilatı Azərbaycanın təcrübəsini öyrənmək və dünyaya yaymaq istəyir

                               
                               

Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının illik toplantısı bu il mayın 7-də SOCAR-ın təşəbbüsü ilə, ilk dəfə olaraq, Azərbaycanda keçirilir. Toplantı SOCAR ilə Dünya Bankının GGFR Təşkilatı arasında qlobal istiləşmə və iqlim dəyişmələrinin təsirinin azaldılması istiqamətində həyata keçirilən əməkdaşlığın 10-cu ildönümünə təsadüf edir. SOCAR, BP və Dünya Bankının GGFR Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan ümumi 4,5 milyard kubmetrə qədər səmt qazı platformalarda tutularaq ölkənin qaz təsərrüfatına verilmişdir.

7-8 may tarixlərində keçiriləcək tədbir zamanı şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və bu təcrübənin xaricdə tətbiqi məsələlərinin mümkünlüyünün müzakirəsi məqsədilə SOCAR-ın istehsalat ərazilərinə səfər təşkil olunacaqdır. Tədbirin işində dünyanın 18 ölkəsindən və 13 beynəlxalq neft-qaz şirkətindən 50 nəfər rəhbər şəxs və mütəxəssis nümayəndə təmsil olunur. Tədbirin açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Dünya Bankının ölkə üzrə meneceri Nəvid Nəqvi, GGFR Təşkilatının rəhbəri Kristofer Qilbert, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramı üzrə Rezident nümayəndəsi Qulam İsakzai və BP, Chevron, Exxon, “Norwegian Petroleum”, “Shell”, “Statoil”, “Total” və digər bu kimi beynəlxalq neft-qaz şirkətlərinin yüksək vəzifəli nümayəndələri iştirak edir.

Toplantıda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu gün bəşəriyyət bir neçə qlobal xarakterli problemlə üzləşib ki, bunlardan biri də ətraf mühitin qorunmasıdır. Ekoloji problemlər bir ölkənin sərhədləri ilə məhdudlaşmır, bütün yer kürəsini əhatə edir. Bu səbəbdən SOCAR bu istiqamətdə əsas çalışmaları məhz beynəlxalq təşkilatlarla birgə həyata keçirir. Səmt qazının yandırılmasının azaldılması ətraf mühitin qorunmasına töhfə verməklə yanaşı, həm də bu dəyərli resursu ölkə iqtisadiyyatına qazandırır, iqtisadi dayanıqlığa xidmət edir.”

Dünya Bankının ölkə üzrə meneceri Nəvid Nəqvi demişdir: “Hazırda 75-dən çox hökumət, neft şirkəti və inkişaf institutları 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsünə qoşulmuşdur. Azərbaycan və SOCAR-la artıq 10 ildir ki, karbon emissiyasının azaldılması istiqamətində səmərəli əməkdaşlıq edirik. Hesab edirəm ki, SOCAR-ın bu sahədə uğurlu təcrübəsi dünyamızın üzləşdiyi qlobal ekoloji problemin aradan qaldırılmasına mühüm töhfədir və bütün neft və qaz şirkətləri üçün nümunə ola bilər.”

Dünya Bankı 2002-ci ildə bir sıra hökumət və şirkətlərlə birlikdə Qlobal Səmt Qazı Yandırılmasının Azaldılması üzrə tərəfdaşlığa start vermişdir. GGFR və Dünya Bankının səylərinin əsas məqsədi qaz ehtiyatlarını ölkələrin davamlı inkişafına və iqtisadiyyatlarının şaxələndirilməsinə yönləndirməkdir. Qeyd etmək lazımdır ki, hər il dünyanın neft hasil olunan yerlərində 150 milyard kubmetr səmt qazı yandırılır. Bu, atmosferə 300 milyon tondan çox CO2 qazının emissiyasına səbəb olur. Əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 milyard kilovat elektrik enerjisi yaranardı ki, bu da Afrika qitəsinin bir illik tələbatına bərabərdir.