Xəbərlər arxivi

           
                           
                               “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan Polipropilen zavodunun açılışı olub
<br><br>Gallery                            
                           
                               
                               
                                   18 Iyul 2018                                                                    

“SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan Polipropilen zavodunun açılışı olub

                               
                               

İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan Polipropilen zavodunun açılışı olub. Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella mərasimdə iştirak etmişlər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev yeni sənaye müəssisənin fəaliyyətə başlaması münasibəti ilə xalqımızı təbrik etmişdir. Bu mərasimdə İtaliya prezidentinin iştirakını yüksək qiymətləndirən dövlət başçısı zavodun yaradılmasını İtaliya-Azərbaycan dostluğunun təzahürü kimi qiymətləndirmiş və beynəlxalq əməkdaşlıq sayəsində yaradılan zavodun ölkəmizin ixrac potensialının artmasına güclü təkan verəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, müəssisəsinin fəaliyyəti ilə Azərbaycanın ixrac potensialı artacaq, idxaldan asılılıq azalacaq və qeyri-neft sektoru inkişaf edəcək. “Azərbaycanın müasir tarixində bu ölçüdə sənaye müəssisi tikilməyib” - deyən Prezident İlham Əliyev son 15 ildə ölkəmizə 250 milyard dollara yaxın sərmayə qoyulduğunu vurğulayaraq, qeyd etmişdir ki, İtaliya şirkətləri bundan sonra da ölkəmizdə uğurla fəaliyyət göstərəcəklər.

“Bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin, dostluğun və səmimiyyətin təzahürüdür”-deyən İtaliya Prezidenti Sercio Mattarella layihənin icrasında iştirak edən SOCAR və “Maire Tecnimont” şirkətlərinin fəaliyyətini vurğulayaraq bu müəssisənin Azərbaycanın inkişafında mühüm rol oynacayacağına ümidvar olduğunu bildirmiş və Azərbaycana rəsmi səfərinin məhsuldar keçdiyini diqqətə çatdırmışdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisənin tikintisinin yüksək səviyyədə aparıldığını, bütün texniki və ekoloji parametrlərin yerinə yetirildiyini diqqətə çatdıraraq, 3000-dən çox işçinin tikintisində iştirak etdiyi layihənin tam icrası nəticəsində minlərlə yeni iş yerlərinin açılacağını bildirdi. “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato bu zavodun tikintisinin birgə əməkdaşlığın yüksək nümunəsi olduğunu, burada tətbiq edilən texnologiyaların yüksək səviyyəsi ilə diqqət çəkdiyini söyləmişdir.

Daha sonra Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella polipropilen zavodunu işə salmışlar. Azərbaycan Respublikasının və İtaliya Prezidentlərinə zavod haqqında məlumat verilmişdir.

Qeyd edək ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlar və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer”-in təməli qoyulub. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” və digər şirkətlər cəlb edilib.

“SOCAR Polymer” zavodları ildə 19 çeşiddə 184 min ton polipropilen və 12 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İstehsal olunan məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz edilməsində əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron İqtisadi Regionunun ÜDM həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq. Zavodların istismar dövründə 6.3 milyard dollar həcmində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq.

“SOCAR Polymer” bir çox istiqamətdə birincidir:

Azərbaycanın neft-kimya sənayesində dövlət - özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir;

Layihə maliyyələşdirilməsi prinsipləri əsasında ana şirkətin təminatı olmadan borc kapitalı cəlb etmiş ilk şikətdir;

Azərbaycanda polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edəcək ilk şirkətdir.

“SOCAR Polymer”in zavodları yerli bazarların ehtiyaclarını tam qarşılayacaq, 75 faiz məhsul Türkiyə və Avropa bazarlarına ixrac ediləcəkdir.