Xəbərlər arxivi

25 Noyabr 2020

SOCAR və LUKoil prezidentləri görüşmüşlər

+

Noyabrın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və LUKoil prezidenti Vahid Ələkbərov arasında görüş keçirilmişdir. Görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak etmişlər. Görüşdə LUKoil şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılmış, Azərbaycanda həyata keçirilən layihələrdə LUKoil-un iştirakı yüksək qiymətləndirilmiş, “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılmışdır.

V.Ələkbərov LUKoil şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmiş, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılmışdır.

LUKoil şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, LUKoil Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.

20 Noyabr 2020

SOCAR-da 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyəti müzakirə olundu

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilmişdir. Rövnəq Abdullayev çıxışında qlobal pandemiya ilə əlaqədar hesabat dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd etmiş, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışmış, SOCAR-ın bu yolla maksimum səmərə əldə etməsinin zəruriliyini vurğulamışdır. Sonra şirkətin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim etmişdir. Hesabatda bildirilmişdir ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn islahat və optimallaşdırma tədbirləri diqqət mərkəzindədir. Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) şirkətin hesabına 4,1 milyard manat ümumi pul vəsaiti daxil olmuşdur ki, bunun da 2,8 milyard manatı (68,3 %) daxili bazarın, 1,3 milyard manatı (31,7 %) isə xarici bazarın payına düşür. 2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 milyon manat və ya 17 % azalmışdır. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunmuş, azalma isə əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışında qeydə alınmışdır. S.Qasımıov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək, vurğulamışdır ki, əmək haqqı məbləği və sosial müdafiə fonduna ayırmalardan başqa bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılmış və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunmuşdur. Beləliklə, dünya bazarlarında lokdaun və neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri və buna uyğun olarq xərcləri də azaldılmış, bununla da əməliyyatların dayanıqlığı təmin olunmuşdur.

İclasda SOCAR-ın vitse-prezidentləri akademik X.Yusifzadə, Y. Lətifov, X. Məmmədov, M. İsmayılov, D. İskəndərov, “Azneft” İB-nin Baş direktoru Ş. Hüseynov idarə və müəssisələrinin xərclərinin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikirlərini bölüşmüşlər.

SOCAR prezidenti Rövnəq Abdullayev iclasa yekun vuraraq bildirmişdir ki, şirkətin bütün strukturlarında rəqəmsallaşma irəliləməli, vəsaitlərə maksimum qənaət olunmalı, 2021-ci ilin gəlir və xərclər smetası yaxın dövrdə hazırlanıb təqdim edilməlidir. Dünya bazarlarında hökm sürən çətin iqtisadi vəziyyət yeni çağırışlar gətirməklə, SOCAR-da aparılan islahatları da sürətləndirmişdir. R. Abdullayev qeyd etmişdir ki, aparılan islahatlar nəticəsində SOCAR-ın dayanıqlığı daha da artacaq, şirkət hazırki böhrandan daha güclü çıxacaqdır.

15 Noyabr 2020

TAP kommersiya əməliyyatlarına başlayır

+

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur

Baar, İsveçrə. Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarim sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başladı. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışmışdır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

TAP-ın idarəedici direktoru Luca Schieppati belə şərh vermişdir: “Bu gün, uzunmüddətli perspektiv planlar gerçəkləşir! Mən ilk növbədə layihəyə cəlb olunmuş bütün insanların sədaqəti və fədakarlığı, səhmdarlarımızın, dəyər zənciri üzrə bütün hökumətlərin, Avropa İttifaqının, layihə üzrə çalışmış tədarükçü və podratçıların möhkəm inamı və qətiyyəti sayəsində gerçəkləşmiş bu nailiyyətə görə hədsiz qürur duyuram. Yeni nəqliyyat sistemi operatoru kimi, ən yaxşı sənaye praktikası və standartlarına uyğun işlənmiş və inşa edilmiş TAP iki cəhətdən diversifikasiya üçün imkan yaradır: kəmər yeni və davamlı enerji marşrutu və eyni zamanda gələn onilliklərdə Avropanın milyonlarla istehlakçısına qaz çatdıracaq etibarlı mənbədir.”

TAP Direktorlar Şurasının sədri Murad Heydərov əlavə etmişdir: “Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya əsas təbii qaz daşıyıcısı və hazırda enerji nəqlinin ən müasir və etibarlı sistemlərindən biridir. 3500 kilometrlik Cənub Qaz Dəhlizinin əsas komponentlərindən olan TAP özündə strateji və bazar rəqabəti xüsusiyyətlərini birləşdirir. Avropa İttifaqının inteqrasiya edilmiş enerji bazarına və davamlı, etibarlı və çoxşaxəli enerji istehlakı strukturuna nail olmaq kimi əsas hədəflərini dəstəkləyən, təmiz enerji nəqli istiqamətində davam edən axınlara töhfə verən layihə Avropanı daha bir tədarük mənbəyi ilə təmin edir.”

TAP layihəsinin icrası dövründə qeydə alınmış bəzi faktlar və rəqəmlər:

■ Yunanıstan (550 km), Albaniya (215 km) ərazileri, Adriatik dənizinin dibile (105 km) kecerek, İtaliya sahillərinə (8 km) çıxır.

■ Ümumi çəkisi 520 000 ton olan təxminən 55 000 boru kəməri parçası; Albaniya dağlarında 2100 metr hündürlükdən Adriatik dənizində 810 metr dərinliyə qədər tikinti işləri.

■ 50 milyon insan-saatdan çox iş həcmi, 140 milyon kilometrlik avtomobil hərəkəti; böyük insidentlər olmadan dünya standartlı təhlükəsizlik rekordu.

■ €3.9 milyard məbləğində layihə maliyyələşdirilməsinin etibarlı təminatı və torpaq icarədarlarının sosial və ekoloji tələblərinə riayət olunması.

■ Kəmərin marşrutu boyunca yerli icmalarla davamlı ünsiyyətdə olan TAP etibarlı münasibətlər qurmuş və geniş spektrdə sosial və ekoloji investisiyalar həyata keçirərək, insanların həyatında real dəyişikliklər yaratmışdır.

■ Mükəmməllik, insan amili, dürüstlük və məsuliyyət dəyərlərinə əsaslanan və ''nəticəyə necə nail olmağımız nəticənin özü qədər vacibdir'' şüarında əks olunan güclü bir korporativ mədəniyyətin qurulması.

TAP səhmdarları bp (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar vermişlər.

Trans-Adriatik Boru Kəməri (TAP) haqqında

TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. 878 km-lik kəmər Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək, Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır.

TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır.

Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi, TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsiliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

TAP haqqında daha ətraflı məlumat üçün: www.tap-ag.com | www.twitter.com/tap_pipeline

İngilis dilində media arayışları: media@tap-ag.com

12 Noyabr 2020

SOCAR rəhbərliyi OPEC+ çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılmasından irəli gələn məsələləri müzakirə etdi

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin iştirakı ilə keçirilən iclasda “Azneft” İB-nin idarəetmə strukturunun yenidən təşkil olunması, pandemiya dövründə OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn şirkətdaxili islahat və optimallaşdırma tədbirlərinin hazırkı statusu, eləcə də perspektiv addımlar müzakirə edilib. Qeyd olunub ki, hasilat məhdudlaşdırıldığına görə şirkətin əsasən qurudakı istehsalatlarında hasilat dayandırılıb. Həmin sahələrdə faktiki olaraq, fəaliyyətsiz qalmış işçilərin qüvvəsindən səmərəli istifadə etmək məqsədi ilə şirkətin əsas istehsalat bölmələri olan “Azneft” İB, Kompleks Qazma İşləri Tresti və bir sıra digər idarələrdə işçilərin səriştəliliklərinin qiymətləndirilməsi və inkişafı proqramı həyata keçirilib. Səriştə qiymətləndirilməsinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsini və istedadını müəyyən etmək və hər işçinin potensialına uyğun təlimlərin təşkilidir. İclasda bildirilib ki, bu günə qədər test üsulu ilə “Azneft” İB-nin 4778 nəfər, Kompleks Qazma İşləri Trestinin 1932 nəfər işçisinin səriştəliliyi qiymətləndirilib. Pandemiya ilə əlaqədar onlayn formatda keçirilmiş 177 təlim-vebinarda isə 13342 nəfər SOCAR əməkdaşı iştirak edib. Aparılan sorğuya əsasən, onların 94 %-i şirkətin sertifikatlı təlimçiləri tərəfindən həyata keçirilmiş təlimlərdən məmnun qaldıqlarını bildirmişdir.

Toplantıda o da qeyd olunub ki, xərclərin minimuma endirilməsi məqsədi ilə qazma işlərinin 2021-ci ildə də azaldılması nəzərdə tutulur. Qarşıdakı mərhələdə də şirkətin gəlirliyinin və əməliyyat effektivliyinin təmin olunması üçün imkanlar səfərbər olunur, preventiv tədbirlər görülür.

İclasın sonunda SOCAR-ın prezidenti R.Abdullayev şirkət işçiləri arasında hərbi xidmətə səfərbər edilən qazilərə və şəhid ailələrinə bütün lazımi maddi və mənəvi dəstəyin göstərilməsinin zərurətini vurğulayaraq, müvafiq tapşırıqlar verib.

10 Noyabr 2020

SOCAR-ın prezidenti böyük Qələbə münasibətilə şirkətin rəhbər heyəti ilə onlayn görüş keçirib

+

Noyabrın 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin rəhbər heyəti, idarə və müəssisə rəhbərləri ilə Azərbaycanın böyük Qələbəsi münasibətilə onlayn görüş keçirib. Görüş iştirakçılarını Vətən müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edən R.Abdullayev deyib: “Xalqımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşməsi ölkəmizin müdafiə gücünü artırdı. Müzəffər Ordumuzun bir-birinin ardınca qazandığı hərbi əməliyyatlar nəticəsində düşmənin müqaviməti qırıldı. Duruş gətirə bilməyən düşmən təslim olmaq məcburiyyətində qaldı. Beləliklə də, qələbə bizim oldu! Bu qələbədə bütün Azərbaycan xalqı kimi, çoxminli neftçilərin də danılmaz əməyi var. Bu münasibətlə mən neftçi həmkarlarımızı ürəkdən təbrik edirəm. Biz çox xoşbəxt insanlarıq ki, ulu Tanrı bizə bu günləri görməyi nəsib etdi. İndi qarşımızda daha məsul vəzifələr durur. Azərbaycan respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz Qarabağımızı, xüsusilə onun incisi olan Şuşa şəhərini dirçəltməliyik. Azərbaycan neftçiləri olaraq, bu işdə bütün gücümüzü səfərbər edib, daha da əzmlə çalışacağıq”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək, neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız cənab İlham Əliyevi təbrik edib. O, deyib: “Qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin rolu böyükdür. Bu qələbə Ordumuzun rəşadətli əsgər və zabitlərinin, eyni zamanda ölkəmizin maddi vəziyyətinin, xalqımızın sosial rifahının yüksəlməsi, ordumuzun maddi təminatının yaxşılaşdırılması üçün gecə-gündüz yorulmaq bilmədən əzmlə çalışan neftçilərin əməyinin nəticəsidir. Möhtərəm Prezidentimiz özü də neftçilərlə çiyin-çiyinə çalışıb, onda da neftçi ruhu var. Azərbaycan xalqının qətiyyətli lideri, rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi bu qələbənin əldə olunmasında məhz İlham Əliyev həlledici rol oynayıb. Onun xalqımıza, xalqımızın ona olan inamı, bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Azərbaycan neftçiləri olaraq, biz hər zaman cənab Prezidentimizin arxasındayıq və onunla fəxr edirik!”

Azərbayan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq, işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.

Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına müraciət qəbul olunub.

7 Noyabr 2020

London Beynəlxalq Arbitraj Məhkəməsi SOCAR-ın iddiasını təmin etdi

+

SOCAR Overseas və Palmali arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsində 5 Noyabr 2020-ci il tarixində arbitraj qərarı verilmişdir. Qərar SOCAR Overseas-in lehinə çıxarılmışdır. SOCAR-ın Palmali-yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49.500.000 ABŞ dolları məbləğində təzminat müəyyən edilmişdir. Palmali-nin çox milyonluq qarşılıqlı iddiası tamamilə rədd edilmişdir.

Xatırladaq ki, SOCAR və Palmali şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmamışlar. Palmali şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri Palmali qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlamışlar. Beləliklə, iki ildən artıq davam edən 3 beynəlxalq arbitraj prosesindən biri artıq başa çatmış oldu.