Xəbərlər arxivi

30 Mart 2020

Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi

+

SOCAR və “Equinor” şirkətləri əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi imzaladılar



Martın 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul etmişdir. Görüşdə “Qarabağ” yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunmuş, yeni istiqamətlərdə, o cümlədən sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. 19 mart 2020-ci il tarixində tərəflər uğurlu qazma əməliyyatı nəticəsində Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik olan yeni “Qarabağ” yatağının kəşf olunmasını elan etmişlər. “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk neft yatağıdır. Görüşdə “Equinor Apsheron AS” şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən “Qarabağ” yatağının işlənməsində öz davamlı iştirakını təsdiq etmişdir.

Görüş çərçivəsində SOCAR və “Equinor Apsheron AS” şirkətiləri arasında SƏTƏM istiqamətimdə səylərin gücləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalanmışdır. Yeni saziş SOCAR və “Equinor Apsheron” şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir. Sənədi SOCAR-ın pezidenti R.Abdullayev və “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri F.Qurayşi imzalamışlar. Tərəflər sazişə əsasən yuxarıda göstərilən sahələrdə təcrübə, prosedur və müvafiq sənəd mübadiləsi, mümkün qəzalar və yaralanma hallarına yol verilməməsi, ekologiyaya təsirin minimuma endirilməsi üçün praktik biliklərin mübadiləsi, qəza hadisələri, eyni zamanda ekoloji təsiri olan hadisələrə dair toplanmış statistik məlumatların mübadiləsi üzrə razılığa gəlmişlər. Sazişdə həmçinin texniki təhlükəsizlik və yanğından mühafizə üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı praktikanın və məlumat bazasının mübadiləsi, mümkün qəzalara çevik rekasiya verilməsi, atmosfer tullantılarının, o cümlədən istixana qazlarının idarə olunması sahəsində təcrübənin bölüşülməsi, sadalanan məsələlər üzrə tərəflər arasında görüşlərin, seminarların, məsləhətləşmələrin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətlərində əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər.

27 Mart 2020

SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olmuşdur

+

Martın 26-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olmuş, koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olmuşdur. SOCAR rəhbəri ölkəmizin həyat təminatlı obyektlərindən biri olan H. Əliyev adına NEZ-in fasiləsiz işinin etibarlı təminatının təmin olunması üçün görülən qabaqlayıcı tədbirlərlə tanış olmuş və görülmüş tədbirlərdən razı qaldığını bildirmişdir.

Qeyd edək ki, şirkətin istehsalat sahələrində və inzibati binaların giriş hissələrində daxil olan şəxslərin hərarəti ölçülür, ilkin həkim müayinəsi üçün şərait yaradılmışdır. SOCAR-ın digər istehsalat müəssisələrində olduğu kimi Heydər Əliyev adına Neft Emalı Zavodunda da mütəmadi dezinfeksiya işləri aparılır, işçilərin bir-biri ilə təması məhdudlaşdırılır. İşçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanmış və işçilər arasında, eləcə də onların ailə üzvləri arasında yayılması üçün tədbirlər görülmüşdür.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi bir çox digər qurumlarla yanaşı SOCAR-ın müəyyən olunmuş işçiləri, xüsusi ilə də rəhbər işçiləri Novruz bayramındakı bütün qeyri-iş günlərində tam iş günü ərzində işlərə cəlb edilmişdir. Beləliklə, bayram günlərində də şirkət üzrə epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.

19 Mart 2020

SOCAR və Equinor Azərbaycanda “Qarabağ” neft yatağının kəşf olunduğunu təsdiq etdilər

+

SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq edirlər. “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılmışdır. SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılmışdır. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: ““Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmış ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Qiymətləndirici quyunun layihə dərinlıyinə müvəffəqiyyətlə, təhlükəsiz şəkildə və vaxtında çatdırılması SOCAR və “Equinor” şirkətlərinin birgə səmərəli səylərinin nəticəsidir. “Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq. Yatağın adında Vətənimizin ürəyi olan Qarabağın əks olunması xüsusilə qürurvericidir.”

Xatıqladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

Caspian International Petroleum Company (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış “Qarabağ hasilatın pay bölgüsü sazişi”nə əsasən 3 kəşfiyyat quyusu qazmışdır. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləmiş, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar etmişdir. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilmışdir.

2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

SOCAR və “Statoil” (“Equinor”) 1994-cü ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və Dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edirlər.

18 Mart 2020

Mübariz Mənsimovun saxlanılması SOCAR-ın kommersiya marağında ola bilməz

+

Son günlərdə Türkiyədə Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin adı hallandırılib. Bildiririk ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupu ilə London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər. 2018-ci ildən bəri SOCAR tərəfindən Palmali qrupuna qarşı başladığı arbitraj prosedurlarının uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər və buna görə SOCAR-ın kommersiya marağında ola bilməz.

Mübariz Mənsimov Türkiyə Cümhuriyyətinin vətəndaşıdır.SOCAR Türkiyə Cümhuriyyətinin ədliyyə sisteminin effektivliyinə inanır və məhkəmə proseslərinə müdaxilə ehtimallarını birmənalı şəkildə təkzib edir.

Qeyd edək ki, SOCAR və Palmali şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmamışlar. Palmali şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri Palmali qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıb. Ümumilikdə 3 arbitraj prosesinin keçirilməsi Londan və Dubay şəhərlərində nəzərdə tutulur. İki ilə yaxın davam edən arbitraj prosedurları indiyə qədər məhz Palmali tərəfindən müxtəlif əsaslarla təxirə salınıb.

17 Mart 2020

SOCAR MARINE beynəlxalq dəniz yanacağı bazarında lider oldu

+

600 MİN TONLUQ SATIŞLA BAZAR PAYI 25%-İ ÖTDÜ

2013-cü ildən beynəlxalq dəniz yanacağı sektorunda fəaliyyət göstərən SOCAR MARINE, 2019-cu ildə 600 min tonluq satışla sektorun lideri oldu. Sektorun gənc iştirakçısı olan SOCAR MARINE-in bazar payı 25%-i ötdü. Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR Türkiyə-nin sərmayələrinə paralel olaraq sürətlə böyüyən SOCAR MARINE markası beynəlxalq dəniz yanacağı sektorunun liderliyinə yüksəldi. 2019-cu ildə SOCAR MARINE-nin satışları 600 min tonluq həcmi aşdı. Türk boğazlarından keçən, Türkiyə limanlarında yük əməliyyatlarını yerinə yetirərək xaricə çıxan, yaxud da ölkəyə daxil olan gəmilərə satışları əhatə edən bu həcmlə şirkətin bazardakı payı 25%-dən artıq oldu.

LİDERLİYİN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİ MÜŞTƏRİ MƏRKƏZLİ STRUKTURDUR



Türkiyədə 7 ildən bəri fəaliyyət göstərən SOCAR MARINE Dəniz Satışlarının Direktoru Zəki Tarakçı deyib: “Sektorda yeni iştirakçılardan olmağımıza baxmayaraq, yüksək keyfiyyətli məhsul və xidmət anlayışımız, müştərilərimizi və onların ehtiyaclarını daim diqqət mərkəzində saxlamağımız qısa müddətdə lider mövqeyi i əldə etməyimizə imkan yaratdı. Bu gün Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələri ilə yanaşı Cəbəlütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaqdoldurma fəaliyyəti SOCAR MARINE markasının beynəlxalq müstəvidə gücünü günbəgün daha yüksək səviyyəyə qaldırır. Əldə etdiyimiz bu güclü mövqe 2020-ci ildən etibarən daxili bazarın dənizçilik sektorunda da fəaliyyətə başlamağımıza imkan verir. Bu çərçivədə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan dənizçilik şirkətlərinin, turizm gəmilərinin və balıqçıların ehtiyaclarını ödəyə biləcək xidmətlərimiz və rəqabətədavamlı yanaşmamız ilə bu sektorda da fərqlənəcəyimizə inanırıq.”

“SOCAR TÜRKİYƏ”NİN SƏRMAYƏLƏRİ İLƏ YARANAN SİNERJİ

Beynəlxalq bazarlarda, ilk növbədə Türkiyədə dəniz və enerji sektorlarında daim keyfiyyətli xidmət göstərməyi hədəfləyən SOCAR MARINE liderliyə gedən yolda ən böyük sinerjini “SOCAR Türkiyə”nin həyata keçirdiyi nəhəng layihələr hesabına qazandı. 2018-ci ildə fəaliyyətə başlayan beynəlxalq səviyyəli enerji layihələri- TANAP və STAR neft emalı zavodu ilə yanaşı Petkim və “SOCAR Depolama”nın sahib olduğu limanlar vasitəsi ilə “SOCAR Terminal”-dakı gəmilərə xidmət göstərən və dünyanın qabaqcıl enerji şirkətlərindən olan SOCAR, dənizçilik sahəsində də Türkiyənin ən mühüm şirkətləri arasında yer alır. SOCAR bu gün artıq SOCAR MARINE markasını gücləndirərək, yalnız Türkiyənin deyil, Aralıq dənizi hövzəsinin ən böyük şirkətinə çevrilmək istiqamətində möhkəm addımlarla irəliləyir.

17 Mart 2020

Vətəndaşların qəbuluna dair məlumat

+

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır. Bu dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaqdır. Vətəndaşlar həmçinin SOCAR-ın rəsmi headoffice@socar.az elektron poçt ünvanına müraciət edə və elektron resursda (www.socar.az) təqdim edilən “Email yaz” xidmətindən yararlana bilərlər.



10 Mart 2020

SOCAR-da ''Özbəkneftegaz'' rəhbərliyi ilə görüş keçirilmişdir

+

Martın 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev ''Özbəkneftegaz'' ASC-nin İdarə Heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə SOCAR və ''Özbəkneftegaz'' arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunmuşdur. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilmiş, “Özbəknefteqaz” ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilmişdir.



Azərbaycanın qlobal brendinə çevrilmiş SOCAR-da tətbiq edilən rəqəmsal texnologiyaların, SAP şirkətinin müxtəlif modullarının, süni zəka texnologiyalarının tətbiqi haqqında qonaqlara ətraflı məlumat verilmiş, əldə olunan nailiyyətlərin və təcrübənin bölüşdürülməsi üçün texniki səviyyədə bir sıra görüşlərin keçirilməsi qərara alınmışdır. SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin , Heydər Əliyev adına NEZ-in moderinizasiyası istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədi ilə təcrübə mübadiləsi aparılacağı da qeyd edilmişdir. Görüşdə SOCAR-ın 2005-ci ildə qəbul etdiyi 10 illik strteji inkişaf planının əhəmiyyəti vurğulanmış, bildirilmişdir ki, hazırda SOCAR və məşvərətçi McKinsey şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.