Xəbərlər arxivi

7 Noyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik etmişdir.



Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

+

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə



Möhtərəm cənab Prezident!

Sizi Neft Daşlarında neft hasilatının başlanmasının 70-ci ildönümünə həsr olunmuş təntənəli mərasimin iştirakçıları, ilk növbədə dəniz neftçiləri və SOCAR-ın çoxminli əmək kollektivi adından hərarətlə salamlayır, bu tarixi gün münasibəti ilə Zati-alinizi təbrik edirik. İş qrafikinizin gərgin olmasına baxmayaraq, vaxt tapıb Neft Daşlarında ilk neftin hasil olunmasının 70 illiyi münasibəti ilə neftçilərə təbrik ünvanlamağınız, əməkdə fərqlənən bir qrup dəniz neftçisini Vətənimizin yüksək mükafatlarına, orden və medallara, fəxri təqaüdə layiq görməyiniz bu günü bizim üçün ikiqat bayrama çevirmiş, sevincimizə sevinc qatmışdır. Azərbaycan neft-qaz sənayesi tarixinin bu əlamətdar anında Zati-Alinizə müraciət etməkdən böyük şərəf duyur, bütün neft-qaz əməkçiləri adından Sizə dərin minnətdarlığımızı və sonsuz ehtiramımızı bildiririk. Dövlətimiz və onun müdrik rəhbəri olaraq Siz neftçi əməyini həmişə yüksək qiymətləndirirsiniz. Bu günkü təbrik və təltiflər də dəniz neftçilərinin rəşadətli əməyinə verdiyiniz yüksək dəyərin növbəti təzahürüdür. Ölkəmizin neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxladığınıza, SOCAR-ın çevik, rəqabətədavamlı və modern bir şirkətə çevrilməsinə böyük qayğı ilə yanaşdığınıza görə neftçilərimiz Sizə daim minnətdardırlar. Onlar bu gün də Sizi öz sıralarında hiss edir, Sizi özlərinin ən sevimli dostu və himayədarı hesab edirlər.

Zati-alinizin dəfələrlə vurğuladığı kimi, müstəqil Azərbaycan dövlətçilyinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyası ölkəmizi misilsiz inkişaf və tərəqqi yoluna çıxarmışdır və respublikanın bu yolla davamlı olaraq irəliləməsində müstəsna əhəmiyyət daşıyır. İqtisadiyyatı gün-gündən qüdrətlənən, beynəlxalq mövqeləri möhkəmlənən, regionun lider dövləti kimi böyük nüfuz sahibinə çevrilən respublikamız hazırda müasir tarixinin sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Biz neftçilər bu gün Sizin inamlı rəhbərliyiniz altında xalqımızı, dövlətimizi qələbələrdən dələbələrə aparan dahiyanə enerji strategiyasının icra olunmasında yaxından iştirak etməkdən qürur duyuruq. Sevinir və fəxr edirik ki, Sizin həyata keçirdiyiniz uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan demokratik, hüquqi dövlət olaraq beynəlxalq aləmdə böyük rəğbət qazanmış, iqtisadi inkişaf tempinə görə misli görünməmiş tərəqqiyə nail olmuşdur. Xalqımızın rifah halı durmadan yüksəlir. Biz səmimi olaraq başa düşürük ki, bugün ölkəmizdəki sabitliyi, firavanlığı, birliyi təmin edən taleyüklü uğurların şəriksiz müəllifi Zati-alinizdir. Odur ki, biz neftçilər həmişə olduğu kimi, bu gün də Sizin göstərdiyiniz tərəqqi və inkişaf yolu ilə dönmədən irəliləyir, Vətənimizin daha da qüdrətlənməsi naminə var gücümüzü səfərbər edirik. Bilirik ki, bu yol Heydər Əliyev yolu, qələbələr yoludur, yeganə düzgün yoldur!

Son illər dünyanın aparıcı neft, qaz və neft məhsulları ixracatçıları sırasında layiqli yer tutan Azərbaycanda kəşfiyyat, qazma, hasilat, emal sahələrində yeni-yeni uğurlar qazanılır. Bütün dünyanın diqqət mərkəzində olan qlobal əhəmiyyətli Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı və hərəkətverici qüvvəsi Azərbaycandır. Avropanın enerji təhlükəsizliyi baxımından mühüm önəm daşıyan bu möhtəşəm layihə artıq sona çatmaqdadır. Azərbaycan nefti və qazı qonşu ölkələrin enerji təhlükəsizliyinin vacib amilinə çevrilmidir. SOCAR artıq dünya bazarlarına uğurla inteqrasiya edərək, yaxın və uzaq xaricdə ölkəmizə strateji önəm daşıyan aktivlər qazandırır. Əldə etdiyimiz bütün bu nailiyyətlər ölkə həyatının müxtəlif sahələrində inkişafa müsbət təsirini göstərir, xalqımızın maddi rifah halının get-gedə daha da yaxşılaşmasına dəyərli töhfə verir.

Əziz Prezidentimiz!

Azərbaycan neftçiləri həyata keçirdiyiniz tarixi işlərdə həmişə Sizin sadiq köməkçiləriniz olmuşlar. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Zati-alinizin həyata keçirdiyi uğurlu islahatlar kursunun xalqımızın daha işıqlı gələcəyi naminə aparıldığına dərindən inanır, bu kursu hamılıqla dəstəkləyir, bu yolda öhdəmizə düşən işlərin öhdəsindən gəlmək üçün yorulmadan çalışırıq. Sizi əmin edirik ki, qarşımızda duran vəzifələri layiqincə yerinə yetirmək üçün, indiyə qədər olduğu kimi, bundan sonra yorulmaq bilmədən əzmkarlıq göstərəcək, Azərbaycan neft-qaz sənayesinin şanlı zəfər salnaməsinə yeni-yeni parlaq səhifələr yazacağıq.

Sizə bir daha sonsuz minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycanın qüdrətlənməsi naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə yeni-yeni uğurlar arzulayırıq. Tanrı yardımçınız olsun!





Müraciət Neft Daşlarının 70 illiyi münasibəti ilə keçirilmiş təntənəli mərasimin iştirakçıları tərəfindən qəbul olunmuşdur.

7 Noyabr 2019

Neft Daşlarının 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

+

Noyabrın 7-də Neft Daşlarında ilk neftin çıxarılmasınn 70-ci ildönümü günündə SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri müstəqil Azərbaycan dövlətçilyinin memarı, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun abidəsi qarşısına əklillər qoymuş, tər çiçəklər düzmüşlər.

Həmin gün əlamətdar yubiley münasibəti ilə SOCAR-ın Baş ofisində təntənəli mərasim keçirilmişdir. Əvvəlcə Neft Daşlarına həsr olunmuş film nümayiş etdirilmişdir. Filmdə Neft Daşlarının yaranması, Azərbaycan neftçilərinin ilk neftin çıxarılması üçün göstərdikləri şücaət və qəhrəmanlıq, ötən 70 ildə burada əldə edilmiş nailiyyətlər əks olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Neft Daşlarının 70 illiyi münasibətiilə Azərbaycan neftçilərinə təbrikini oxumuşdur.

Yubiley mərasimində geniş məruzə ilə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft Daşlarının fəth edildiyi dövrdə dəniz neftçilərinin ilk nəslinin göstərdiyi qəhrəmanlıq və fədakarlığın sonrakı nəsillər üçün örnək olduğunu vurğulayaraq demişdir: “ 1949-cu ildə hələ dənizdə neft kəşfiyyatı və hasilatı sahəsində heç bir təcrübə yox idi, müasir texnologiyalar, norma və standartlar işlənilməmişdi. Geoloji strukturunun çoxlaylı olmasına, zəngin ehtiyatlarına görə unikal bir yataq olan Neft Daşlarında kəşfiyyat və istismar məqsədlərinə çatmaq üçün yeni və tamamilə fərqli yanaşmaya ehtiyac vardı. Azərbaycan neftçiləri bütün bu problemlərin öhdəsindən layiqincə gələ bildilər. Neft Daşlarında qazanılan zəngin təcrübə sonrakı dövrdə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə güclü təkan verdi, az müddətdə yeni yataqların kəşf olunmasına və istismara daxil edilməsinə yol açdı. Xəzərin qəhrəman fatehlərinin və onların ardıcılları olan dəniz neftçilərinin hünəri nəsillərə nümunədir”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Neft Daşlarının istismara başlanılmasının 70 illiyi münasibəti ilə neftçiləri təbrik etdi və bildirdi ki, bu hadisə Xəzər Dəniz Gəmiçiliyi üçün də əlamətdardır. Neft Daşlarının kəşfi ilə neftçilərlə gəmiçilər arasında yaranmış işgüzar əlaqələr bu gün də yüksək səviyyədədir. Rauf Vəliyev Azərbaycanın neft donanmasının da bu gün özünün 70-ci ildönümünü qeyd etdiyini bildirmiş, Azərbaycan dənizçilərinin də böyük neftçi ailəsinin ayrılmaz hissəsi olduğunu vurğulamışdır.

Daha sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə söz alaraq uzun illər çalışdığı Neft Daşlarının şanlı inkişaf tarixindən danışmış və demişdir: “Məndən əvvəl çıxış edənləri dinləyərkən gözlərim önündə Xəzərdə keçən aylarım, illərim canlanır, “Əsrin müqaviləsi”nin işlənib hazırlanmasının və imzalanmasının iştirakçılarından biri kimi düşünürəm ki, indiyədək dənizdə gördüyümüz işlərin, əldə etdiyimiz nailiyyətlərin təməli Azərbaycan neftçilərinin dənizdə məskən saldıqları və məşhur Neft Daşlarının dünyaya səs saldığı vaxtdan qoyulmuşdur”.

Tədbirdə gənc neftçilər adından “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyasının baş mühəndisi Cavid Qocayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan və həyata keçirilən islahat kursundan söhbət açmış, SOCAR-da çalışan gənclərin yeni çağırışlara cavab verdiklərini bildirmişdir.

Sonra “Neft Daşları” NQÇİ-nin Baş geoloqu Əhəd Abduyev Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini oxumuşdur.

Tədbirin sonunda “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə fəxri adlara layiq görülən neftçilərə mükafatlar təqdim edilmişdir.

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əvsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin gerçəkləşdirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmışdır ki, Neft Daşlarının bir müddət xalq arasında “Yeddi gəmi adası” kimi məşhurlaşması da bununla əlaqədardır. 1951-ci ildə Neft Daşlarında hasil edilmiş ilk məhsul tankerlə sahilə göndərilmişdir. İstismar dövründə “Neft Daşları” Neft-qazçıxarma İdarəsi ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində dönüş nöqtəsi olmuş və ölkəmizin tarixində ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi dəniz mədənlərində çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə əlaqələndirən və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə hasil olunan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi məhz Neft Daşları üzərindən sahilə ötürülür.