Xəbərlər arxivi

25 Avqust 2018

SOCAR və Almaniyanın Uniper şirkəti Azərbaycanda enerji səmərəliliyini artırmaq istəyirlər

+

Uniper SE və SOCAR Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaqlar. Hər iki şirkət bu gün Bakıda Almaniya Federal Kansleri Dr. Angela Merkelin Azərbaycana səfəri zamanı müvafiq razılaşmanı imzaladılar. Alman enerji təchizatçısı və Azərbaycanın dövlət neft şirkəti artıq 5 ildir ki, sıx əməkdaşlıq edirlər.

Yeni razılaşmanın məqsədi, ilk növbədə Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır. Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır. İlkin araşdırmalar göstərmişdir ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür.

SOCAR və Uniper şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlamışlar. 2045-ci ilədək hər il 1,5 milyard m³ təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.

Sənaye səmərəliliyi sahəsində SOCAR və Uniper şirkətləri 2015-ci ildə birgə müəssisə yaratmışlar. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Azərikimya kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək. Yeni qurğuların istismara verilməsi 2020-ci ilin əvvəlində planlaşdırılır. Almaniyanın Federal Hökuməti bu layihənin həyata keçirilməsini Hermes eksport kredit zəmanəti ilə dəstəkləmişdir. Təqribən 30 milyon avro dəyərində olan bu layihədə əsasən alman texnologiyası tətbiq olunur.

Uniper və SOCAR şirkətlərinin tərəfdaşlığı bir çox digər istiqamətlərdə də həyata keçirilir, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlər

Uniper şirkətinin İdarə Heyətinin üzvü Kristofer Delbrük demişdir: „Yeni layihə iki şirkət arasındakı uzunmüddətli tərəfdaşlığı növbəti mərhələyə gətirib çıxarır. Bu layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım edəcəkdir. Uniper və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər vəd edir.“

SOCAR-ın prezidenti Rövnəq Abdullayev : „Almaniyanın aparıcı şirkətlərindən biri olan Uniper ilə həyata keçirdiyimiz strateji əməkdaşlıq Azərbaycan üçün öz təbii resurslarını reallaşdırmaqla yanaşı, həm də qabaqcıl texnologiyalardan bəhrələnməsi üçün əlverişli imkanlar yaratmışdır. Enerji səmərəliliyinin artırılması ətraf mühitimizin qorunması ilə yanaşı həm də qazın qənaəti sayəsində əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz müqavilənin imzalanması ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, tərəflərin Cənub Qaz Dəhlizi layihələri çərçivəsində əməkdaşlığını nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycan və SOCAR-ın əhəmiyyətli rolunu bir daha ifadə edir.“

Uniper haqqında:

Uniper beynəlxalq səviyyədə fəaliyyət göstərən və dünya üzrə 12.000 işçisi olan enerji şirkətidir. Şirkət Avropa və Rusiyada əsasən qaz, kömür və su elektrik stansiyalarından ibarət olan təxminən 36 qiqavatt elektrik enerjisi istehsal edir. Öz tarazlaşdırılmış əməliyyat portfeli, texniki və kommersiya təcrübəsinə əsaslanan Uniper yüksək keyfiyyətli məhsullar və rəqabət qabiliyyətli xidmətlər təklif edir. Uniper ticarət sahəsindəki fəaliyyəti ilə qlobal enerji bazarları arasında əlaqələr yaradır. Bu fəaliyyət elektrik enerji, təbii qaz, maye qaz (LNG), kömür və emissiya sertifikatlarının ticarəti ilə enerji daşiyiciları bazarının bütün spektrini əhatə edir. Bundan əlavə, şirkət enerji istehsal edən qurğuların idarə olunması və servisi sahəsindəki təcrübəsi və dünya üzrə enerji daşıyıcılarının ticarət həcmi sayəsində geniş xidmət paketləri təklif edə bilir. Uniper elektrik stansiyalarının layihələndirilməsi, işə salınması və idarə olunması ilə yanaşı, onların enerji daşıyıcıları ilə təchizatını da həyata keçirir.

SOCAR haqqında:

SOCAR aparıcı beynəlxalq enerji şirkətlərindən biridir. Azərbaycan xalqının iqtisadi maraqlarını təmin etmək məqsədi ilə SOCAR ölkə daxilində və xaricdə bir sıra nəhəng transmilli layihələrin iştirakçısı və əsas əməliyyatçısıdır. Şirkət neft-qaz sənayesi dəyər zəncirinin bütün halqalarında fəaldır. Neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və nəqli SOCAR əməliyyatlarının əsas hissəsini təşkil edir. SOCAR, həmçinin təbii qazı, neft və neft-kimya məhsullarını ölkə bazarına, eləcə də, beynəlxalq bazarlara çıxarır. Şirkətin hədəfi effektiv əməliyyat, sosial və ekoloji məsuliyyət sahəsində qabaqcıl təcrübəyə malik olan şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilməkdir. SOCAR Avropa İttifaqının mühüm enerji təhcizatçısı olduğu üçün Avropanın davamlı iqtisadi inkişafında xüsusi rol oynayır.

Bu press-relizdə gələcəyə ünvanlanmış müəyyən fikirlərin əksini tapması mümkündür ki, onlar Uniper SE-nin rəhbərliyinin hazırki gümanlarına və proqnozlarına və onların hazırda malik olduqları məlumatlara əsaslanır. Müxtəlif məlum, eləcə də naməlum risklər və qeyri-müəyyənliklər, eləcə də digər amillər ona aparıb çıxara bilər ki, faktiki nəticələr, maliyyə vəziyyəti, şirkətin inkişafı, yaxud iş görmə vəziyyəti burada verilmiş qiymətləndirmələrdən əhəmiyyətli dərəcədə fərqlənsin. Uniper SE bu cür gələcəyə ünvanlanmış fikirləri aktuallaşdırmaq və ya onları gələcək hadisələrə və ya inkişaflara uyğunlaşdırmaq niyyətində deyil və üzərinə belə bir öhdəlik götürmür.

17 Avqust 2018

Bakı şəhərində ikinci CNG/STQ yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olmuşdur

+

Avqustun 17-də Bakının Badamdar qəsəbəsi, Xarici dairəvi yol, yeni avtomobil bazarının yaxınlığında “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən SOCAR brendli ikinci sıxılmış təbii qaz (STQ -beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olmuşdur. Bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatmışdır. SOCAR prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsmiş, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulamışdır. Tədbirdə qeyd olunmuşdur ki, ikinci sıxılmış təbii qaz məntəqəsinin istifadəyə verilməsi Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəliş, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Hazırda ölkəmizdə 2,6 trilyon m3 təsdiqlənmiş və 7 trilyon m3 potensial qaz ehtiyatı mövcuddur. SOCAR ölkəmizdə hasil olunan təbii qaz həcmlərinin Türkiyə və Avropa Birliyi dövlətlərinə nəql edilməsi məqsədi daşıyan möhtəşəm Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə, dünyada enerji mənbələrinin diversifikasiyasına, qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.

SOCAR-ın prezidenti R.Abdullayev eyni zamanda qeyd etmişdir ki, “Azərbaycan vətəndaşlarının, yanacaq istehlakçılarının daha səmərəli qaz yanacaqları ilə təchiz olunması daim diqqət mərkəzindədir. Təbii qazın hasilatı və nəqli istiqamətində qazanılan nailiyyətlər bizi ölkə daxilində sıxılmış təbii qaz məntəqələri şəbəkəsinin qurulması layihəsini həyata keçirməyə ruhlandırır. Qeyd etmək istəyirəm ki, hazırda dünya miqyasında STQ yanacağına tələbat sürətlə artmaqdadır. STQ daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda daha təhlükəsiz yanacaqdır. STQ benzinə görə karbon monoksid qazını 80% daha az emissiya edir. Bu layihəni həyata keçirməklə SOCAR ölkə ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir”.

Daha sonra SOCAR prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olmuşlar. Bildirilmişdir ki, yeni açılan məntəqədə son model Yaponiya istehsalı olan 5 yanacaqpaylayıcı kalonka quraşdırılmışdir ki, onlardan 2-si STQ satışını həyata keçirəcəkdir. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. YDM-də nağdsız satış üçün POS-terminallar, “SOCAR” yanacaq kartı, “ASAN”, “E-manat” ödəniş terminalları, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilmişdir. Məntəqədə 30 nəfər işçi çalışır.

Tədbirin sonunda SOCAR prezidenti Rövnəq Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik etmiş, əməkdaşlara uğurlar arzulamışdır.



KİV üçün məlumat :



Dünyada STQ ilə işləyən nəqliyyat vasitələrinin sayı 26 milyondan, müvafiq yanacaqdoldurma stansiyalarının sayı isə 31 mindən çoxdur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, son illərdə təbii qaz istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb. Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və digər Avropa ölkələrini görmək olar.



Qrafik 1. Dünyada STQ ilə işləyən avtomobillərinin ən çox olduğu ölkələr





Mənbə: http://www.iangv.org/current-ngv-stats/


Bunun da səbəbləri aydındır.
Əvvəla, STQ benzin və dizellə müqayisədə xeyli ucuzdur. Xüsusilə Şimali Amerikada şist qazı hasilatının artması qlobal miqyasda STQ qiymətlərini aşağı salmışdır. Hesablamalara görə, STQ avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 600 manat aşağı salmağa imkan verir.

Cənubi Koreya, Yaponiya və Hindistan kimi ölkələrdə ətraf mühitin qorunması məqsədilə ictimai nəqliyyatda əsasən STQ ilə işləyən nəqliyyat vasitələrindən istifadə edilir. Dolaysıyla, ucuz, təmiz və ekoloji cəhətdən əlverişli olması qlobal miqyasda STQ tələbatının artmasına səbəb olur. 2017-ci ildə qlobal CNG (STQ) bazarının dəyəri 76,3 milyard ABŞ dolları təşkil edib və bu miqdarın 2020-ci ildə 130 milyard ABŞ dolları, 2025-ci ildə 316 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. CNG istifadəsi baxımından dünyada ən böyük bazarlardan biri də Avropa bazarıdır. Avropada CNG istehlakının artmasının ən böyük səbəbi ətraf mühit göstərilməkdədir. Belə ki, Avropa İttifaqı ətraf mühiti qorumaq məqsədilə karbon emissiyasını 2020-ci ilə qədər (1990-cı il ilə müqayisədə) 20%, 2030-cu ilə qədər isə 40% azaltmağı planlaşdırır. Avropada hazırda 1 milyon 316 min CNG avtomobili mövcuddur. Avropa bu rəqəmi 2030-cu ilə qədər 15 milyona çatdırmağı planlayır. (Bu da, növbəti 10 il üçün 11 dəfədən çox artım deməkdir). CNG avtomobillərinin sayına görə İtaliya Avropada ilk sırada, Almaniya isə ikinci sırada qərarlaşır. Belə ki, İtaliyada 1 milyondan çox CNG avtomobilləri mövcuddur. Bu da, Avropada mövcud olan CNG avtomobillərinin təqribən 76%-ni təşkil edir. Hazırda İtaliyda istehlak edilən təbii qazın təqribən 1,3%-i sıxılmış təbii qazdan meydana gəlir. İtaliya növbəti 10 ildə CNG avtomobillərinin sayını 3 dəfə daha artırmağı planlaşdırır.

Azərbaycanda da “SOCAR PETROLEUM” QSC tərəfindən bu layihənin sürətlə davam etdirilməsi nəzərdə tutulur. Avqust-oktyabr aylarında Bakı şəhərində 5 ədəd STQ məntəqəsi istehlakçılara təhvil veriləcək. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrin sayının ümumilikdə 20-ə çatdırılması planlaşdırılır.

16 Avqust 2018

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir

+

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubovun 14 avqust 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Ölkəmizin qocaman neftçi-aliminə mükafat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təqdim olunmuşdur. Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni səmimi qəlbdən təbrik etmiş, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulamışdır. Nazir qeyd etmişdir ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.

Akademik Xoşbəxt Yusifzadə mükafat üçün səmimi minnətdarlığını bildirmiş, respublikada asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulamışdır.

1 Avqust 2018

Avropa İttifaqı TANAP layihəsinə qrant ayırıb

+

Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə “CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48.4 milyon Avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırmışdır. Qərara görə, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə “Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya işləri ilə əlaqədar çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5.044.394 avro qrant ayrılmışdır.

TANAP təbii qaz boru kəməri layihəsi CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir. Avropa Komissiyası 2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin (PCI) siyahısını dərc etmişdir. Bu siyahıda 53 qaz infrastruktur layihəsi var. Xatırladaq ki, PCI statusuna malik layihələr 2014-2020-ci illər üçün büdcəsi 5.35 milyard avro olan “CEF Energy” fondunun maliyyə dəstəyindən yararlanmaq hüququna malikdirlər.

Xatırladaq ki, 2014-cü ildən bu günə qədər TANAP layihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün CEF Energy proqramı vasitəsilə əldə olunan vəsait 15 milyon avronu ötmüşdür. Ümumilikdə isə, TANAP və TAP layihələri çərçivəsində müxtəlif iş həcmlərinin maliyyələşdirilməsi üçün əldə olunmuş qrantların məbləği 30 milyon avroya yaxındır.