Xəbərlər arxivi

30 Mart 2018

SOCAR Türkiyədəki neft emalı zavodunu istismara buraxır

+

2008-2017-ci illərdə Petkimin xalis mənfəəti 9,2 dəfə artıb. Ötən il aparılmış optimallaşdırma tədbirləri nəticəsində 50 milyon dollara yaxın vəsaitə qanaət edildi.

SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində martın 30-da şirkətin Əliağada həyata keçirdiyi layihələrin gedişi ilə tanış olmaq məqsədi ilə “Petkim” neft-kimya kompleksinə, eləcə də cari ilin sentyabrında istismara veriləcək STAR neft emalı zavoduna baş çəkib. SOCAR-ın Əliağadakı bütün törəmə şirkətlərinin ümumi idarəetmə binasına gələn şirkət rəhbərliyi binaya baxışdan sonra burada Türkiyədəki aktivlərinin cari vəziyyəti və gələcək planları ilə bağlı müşavirə keçirmişdir.

Qeyd olunmuşdur ki, ötən il “Petkim” üzrə istehsal prosesləri, tədarük zənciri və digər sahələrdə aparılmış optimallaşdırma tədbirləri nəticəsində 48 milyon dollar vəsaitə qənaət edilmişdir. 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra 2017-ci ilin sonuna kimi “Petkim” şirkətinin xalis mənfəəti 9,2 dəfə, bu şirkətin səhmlərinin dəyəri isə 8,7 dəfə artmışdır.

Müşavirədə SOCAR rəhbərliyinə məruzə olunmuşdur ki, dəyər zənciri üzrə “Petkim”lə sinerji təşkil edəcək STAR NEZ-də artıq tikinti işlərinin 99 fazi yekunlaşdırılmışdır. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. STAR zavodunda illik 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton nafta və həmçinin, mayeləşdirilmiş təbii qaz, qarışıq ksilen, HRON, neft koksu və kükürd kimi əsas məhsullar istehsal olunacaq. Zavodun məhsullarının böyük qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “STAR zavodu SOCAR-ın tərkibində neft-kimya kompleksi olan “Petkim”lə sinerji təşkil edəcək, “Petkim”i onun əsas xammalı olan nafta ilə təmin edəcəkdir. STAR zavodunun yanacaq məhsulları isə nəhəng potensiala malik olan Türkiyə bazarında reallaşdırılacaq. Beləliklə, Azərbaycana əlavə gəlir qazandırmaqla yanaşı, STAR NEZ-in fəaliyyəti həm də qardaş ölkədə yeni iş yerləri yaradacaq, idxalatın bir qisminin daxili istehsalatla əvəzləyəcək.”

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin “Petkim” neft-kimya kompleksinin səhmlərinin 51 faizlik nəzarət paketinə sahib olmuşdur. “Petkim”-in dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə inşa edilən STAR neft emalı zavodu SOCAR-ın yeni strateji inkişaf kursunda mühüm yer tutan bir layihə olaraq şirkətin emal və kimya aktivlərinin şaxələndirilməsinə mühüm töhfə verəcək.

Cari ildə SOCAR kimya sənayesi sahəsində 3 zavodun istismara verilməsini planlaşdırır. Azərbaycanda istifadəyə veriləcək “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodları ölkəmizdə SOCAR-ın digər müəssisələri ilə interqrasiya ediləcək. Türkiyədə reallaşdırılan STAR layihəsi isə “Petkim” kompleksi ilə inteqrasiya ediləcək.

30 Mart 2018

Hava şəraiti ilə əlaqədar 1000 nəfərdən çox işçi təxliyyə edilmişdir

+

Martın 30 və 31-də açıq dənizdə proqnozlaşdırılan hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə dənizdə fəaliyyət göstərən bütün struktur bölmələri məlumatlandırılmışdır. SOCAR-ın idarə aparatı və sahələrdə növbətçilik təşkil olunmuşdur. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülmüş və yerinə yetirilmişdir. Dəniz neft-qazçıxarma obyektlərində yalnız istehsalat zərurətinin tələb etdiyi qədər işçilər saxlanılmışdır.

Bununla yanaşı rəhbərlik tərəfindən bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində bütün işlərin maksimum dərəcədə məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya dəniz özüllərinin istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyətin qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilmişdir.

Bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

29 Mart 2018

TANAP boru kəmərinin Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanmışdır

+

Martın 29-da Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilmişdir. İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşmışdır. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilmişdir. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanmışdır. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.

TANAP-ın idarə heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaqdır. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”.

Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaqdır. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

Layihədə SOCAR 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir.

9 Mart 2018

BP şirkəti ilə SOCAR-ın Bakı Ali Neft Məktəbi “Mühəndislər üçün biznes təhsili” proqramına başladılar

+

• Yerli mühəndislərin universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edən innovativ təhsil layihəsi

• Azərbaycanda SOCAR və BP-nin əsas sosial sərmayələrindən olan təhsil və bacarıqların yaradılmasına daha bir töhfə SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) BP Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə, yerli mühəndislərin inkişafına töhfə olaraq, “Mühəndislər üçün biznes təhsili” kursuna start verildi. Bu proqram Bakı Ali Neft Məktəbinin (BANM) 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradılacaq.

Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Beləliklə kursun tədris planı səkkiz əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları; layihələrin idarə edilməsi; vaxtın idarə edilməsi və səmərəliliyi; liderlik; risklərin idarə olunması; maliyyənin əsasları, büdcə və xərclərə nəzarət; insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir: “Bu gün BP şirkəti ilə tərəfdaşlığımız yeni mərhələyə daxil olur. Əminəm ki, Bakı Ali Neft Məktəbində həyata keçirilən bu layihə gənclərimiz üçün faydalı olacaq, onları daha da böyük uğurlara doğru aparacaq. Bakı Ali Neft Məktəbi SOCAR-ın ən uğurlu sosial layihələrindən biridir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılan bu ali təhsil ocağı artıq texniki təhsilin avanqardına çevrilib, ölkə daxilində yeni standartın əsasını qoyub. Bu da ölkədəki digər təhsil müəssisələri üçün əlavə stimuldur və ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində təkanverici rol oynayır.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Azərbaycanda öz sosial sərmayələri üçün təhsil sahəsini əsas istiqamət seçmiş bir şirkət kimi, BP üçün bu çox əhəmiyyətli bir layihədir. Bu layihə vasitəsilə biz universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyirik. Əksər məzunlar müasir təşkilatlarda öz biznes karyerasına başladıqları zaman bu bacarıqları əldə etməkdə çətinlik çəkirlər. Biz öz təcrübəmizdən də görürük ki, bir çox hallarda bu, universitet məzunları, o cümlədən mühəndislər üçün asan olmur. İnanırıq ki, bu proqram ali məktəbin axırıncı kursunda olan tələbələrə biznesin idarə olunması vasitələri və üsulları haqqında bilgilər verməklə onların universitet təhsilindən biznes karyerasına rahat keçməsinə yardım edəcək. Bu, həmçinin bizim üçün də gözəl bir imkandır ki, SOCAR və BANM ilə sıx əməkdaşlıq edərək ölkəyə yüksək keyfiyyətli yerli mühəndislərin yetişdirilməsində yardım edək.”

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov: “Bakı Ali Neft Məktəbi SOCAR-ın strukturunda yaradılanda qarşımızda qoyulan məqsəd müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması olub. SOCAR tərəfindən müasir tədris ləvazimatı ilə təchiz olunmuş və beynəlxalq tədris proqramını tətbiq edən BANM qısa müddətdə gənclərin texniki fənlərə olan marağını artırmağa nail olub. Bu gün bizdə ölkəmizin ən parlaq zehinli gəncləri təhsil alır. Ötən il minimal qəbul balı 662 olmuşdur. Bu ildə isə biz ilk məzunlarımızı yola saldıq. Onlar hamısı aparıcı şirkətlərdə işlə təmin olunub. SOCAR tərəfindən əsası qoyulmuş bu uğur hekayəsinə başqa şirkətlər də qoşula bilər. Bu gün biz uğur hekayəmizin yeni səhifəsini tərəfdaş BP şirkəti ilə birgə yazırıq. Yeni proqramın sayəsində gənc mühəndislər müasir biznes mühitinə daha effektli inteqrasiya edəcək, daha da yüksək müvəffəqiyyətlər əldə edə biləcəklər.”

Qeyd edək ki, layihənin müddəti 11 aydır (fevral - dekabr 2018) və ümumi dəyəri 180000 ABŞ dolları təşkil edir.

6 Mart 2018

SOCAR BMT-nin İnkişaf Proqramı ilə ətraf mühitin qorunmasına dair Niyyət Protokolunu imzaladı

+

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə SOCAR arasında imzalanan sənəd iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf mühitin qorunması istiqamətlərində iki qurum arasındakı əməkdaşlıq imkanlarını genişləndirəcək. Martın 6-da SOCAR TOWER-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Inkişaf Proqramı (BMTİP) arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə Niyyət Protokolu imzalanmışdır. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai imzalamışlar. SOCAR və BMTİP ortaq maraq kəsb edən sahələrdə - iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının azaldılması və ümumən ətraf-mühitin qorunması sahələrində birgə layihələr keçirmək və mövcud əməkdaşlığı davam etdirmək istəklərini bəyan etdilər.

BMTİP və SOCAR 2015-ci ildən etibarən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsini həyata keçirirlər. Gələcək əməkdaşlığa dair Niyyət Protokolunun imzalanmasından sonra SOCAR Tower-də NAMA layihəsi çərçivəsində görülmüş tədbirlərə həsr olunan elmi-texniki konfrans keçirildi.

Tədbirdə çıxış edən SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə demişdir: “SOCAR-ın BMTİP ilə birgə həyata keçirdiyi NAMA layihəsi ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. Layihə çərçivəsində artıq 6 külək turbini və 63 kw gücündə günəş panelləri quraşdırılıb, il ərzində 1000-ə yaxın işçiyə eko-sürücülük təlimləri keçirilməsi planlaşdırılıb. Həmçinin “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı ərazisində 63 quyuda səmt qazının yığılıb emal edilərək əhaliyə verilməsi istiqamətində işlərə başlanılmışdır. Layihə çərçivəsində il ərzində 6.8 milyon m3 səmt qazının yığılması nəzərdə tutulur.”



BMT-nin Rezident Əlaqələndiricisinin müavini Alessandro Frakasetti demişdir: “İqlim dəyişmələrinə qarşı tədbirlər, enerji səmərəliliyi və dayanıqlı inkişafın təmin edilməsi bu gün nəinki Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələlərdir. Bu baxımdan SOCAR-ın ekoloji layihələri, o cümlədən 2010-cu ildən qüvvədə olan İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyası böyük qlobal missiyanın tərkib hissəsidir.”

Qeyd edək ki, SOCAR NAMA layihəsini Qlobal Ekoloji Fond (GEF) və BMTİP ilə birgə olaraq, 3 istiqamət üzrə həyata keçirir: binalarda enerji səmərəliyinin artırılması, nəqliyyatda alternativ yanacağa keçid və neft quyularında səmt qazının yığılması. Layihə 2020-ci ildə yekunlaşacaq.

2013-cü ildən başlayaraq, SOCAR hər il özünün birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir. Beynəlxalq təşkilatlarla müştərək keçirilən proqramlardan əlavə olaraq, SOCAR Azərbaycanda ətraf mühitin qorunması istiqamətində hər il birbaşa öz imkanları ilə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və s. kimi zəruri tədbirləri həyata keçirir.