Xəbərlər arxivi

22 Yanvar 2018

2017-ci il üzrə qazma, hasilat və ixrac göstəriciləri

+

SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını stabilləşdirmişdir. İl ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur. Bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilmişdir. 2017-ci ildə SOCAR üzrə hasilat 7,4 milyon ton neft, 6,1 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişmişdir. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunmuşdur.

SOCAR üzrə 2017-ci ildə xam neftin ixracı 20,7 milyon ton təşkil etmişdir. Ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm yer tutur. 2017-ci ildə SOCAR üzrə Azərbaycandan 1,5 milyon ton neft emalı və neft-kimya məhsulu ixrac edilmişdir. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür.

Qeyd edək ki, SOCAR üzrə perspektivli neft-qaz sahələrinin və yataqların mövcud potensialı növbəti illərdə neft hasilatının stabil saxlanılmasına və qaz hasilatının artımına şərait yaradır. Hazırkı mərhələdə əvvəldən istismar olunan köhnə yataqlarda hasilatın azalmasının qarşısını almaq məqsədilə aparılan tədbirlər nəticəsində SOCAR üzrə hasilat, davamlı olaraq, dünya neft bazarının tənzimlənməsi üçün zəruri olan və digər hasilatçılarla razılaşdırılmış çərçivələrdə həyata keçirilir, yataqların neftvermə əmsalından tam yararlanmağa nail olunur. Hasilatın sabitləşdirilməsi üçün yeni quyuların qazılması ilə yanaşı köhnə quyular da bərpa olunaraq, istismar fonduna daxil edilir, neftvermə əmsalının stabilliyi saxlanılır, fəaliyyətsiz quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər vasitəsilə istismarın bərpa olunması layihələri həyata keçirilir. Ləğv edilmiş quyuların bir çoxunda qalıq neft səmərəli texnologiyaların tətbiqi yolu ilə çıxarılır.

SOCAR mütəxəssisləri köhnə yataqlarda sadalanan üsulları tətbiq etməklə, ayrı-ayrı yataqlar üzrə hətta hasilat artımına da nail olmuşlar. Belə ki, ötən il Azneft İstehsalat Birliyi üzrə “Abşeronneft” NQÇİ və “Bibiheybətneft” NQÇİ neft hasilatını əvvəlki ilə nisbətən müvafiq surətdə 8,7% və 1,9% artırmışdır. Neft hasilatının stabil saxlanmasında xüsusi çəkisi olan “Neft Daşları” NQÇİ-də 2017-ci ildə 1 milyon ton neft hasil olunmuşdur ki, bu da son onilliklər üçün rekord göstəricidir. “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov yataqlarda hasilatın artımına təsir edən amilləri belə izah edir: “Yalnız Abşeron NQÇİ-yə aid olan yataqları götürsək, orada son illərdə ümumi hasilat 2,5 dəfədən çox artmışdır. Üstəlik, bu uğurları aşağı maddi məsrəflərlə əldə edə bilmişik. Belə ki, bu gün “Azneft” İB üzrə hasilatın maya dəyəri dünyada ən aşağı sıralardadır, yəni əməliyyatlarımızın səmərəliliyi olduqca yüksəkdir. Şübhəsiz ki, bu da Azərbaycan neftçilərinin məharətinin və əzmkarlığının bəhrəsidir.”

Neft ixracının müsbət dinamikası SOCAR üzrə neft və qaz ticarət əməliyyatlarının həcminin artması ilə bağlıdır. Bununla yanaşı, dünya bazarında Azərbaycan neftinə olan tələbat keçən ildə də yüksək olmuşdur. SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyir: “SOCAR Azərbaycan neftini dünya bazarlarında ən keyfiyyətli neft növlərindən biri sayılan “Azeri Light” brendi altında təqdim edir. “Azeri Light” neftinin məhz müstəqil brend kimi bazara çıxarılması milli sərvətimizin dəyərini artırmışdır.”

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin stabilləşdirilməsi üçün OPEC+ ölkələri tərəfindən hasilatın azaldılması ilə bağlı sazişin vaxtı 2018-ci ilin sonuna kimi uzadılmışdır. Azərbaycan həmin çərçivədə hasilatın məhdudlaşdırılması ilə bağlı götürdüyü öhdəlikləri tam yerinə yetirir. Hasilatın cüzi məhdudlaşdırılması müqabilində neftin qiymətinin yüksəlməsi SOCAR-ın gəlirlərinə müsbət təsir göstərmişdir.

19 Yanvar 2018

SOCAR 2017-ci ildə büdcə ödənişlərini 8,3% artırıb

+

SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat vəsait ödəmişdir. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115 milyon 577 min manat, yəni 8,3% artmışdır. Bundan əlavə, SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% artım təşkil etmişdir.

SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin artırılması şirkətin sabit maliyyə durumunun göstəricilərindəndir. Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov demişdir: “SOCAR Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət üzrə irəliləyərək, son illərdə əməliyyat portfelini genişləndirməyə və şaxələndirməyə davam etmişdir. Həyata keçirdiyimiz beynəlxalq layihələr, illər əvvəl ölkə daxilində və xaricdə qoyduğumuz sərmayələr şirkətin hazırkı maliyyə nəticələrinə müsbət təsir göstərmiş, dövlət büdcəsinə ödənişlərin davamlı və artan xətt üzrə təmin olunması üçün əlverişli zəmin yaratmışdır.”

Qeyd edək ki, bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərmişdir. Nəticədə SOCAR, dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək, 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olmuşdur.

15 Yanvar 2018

IBM və SOCAR şirkətləri birgə müəssisə yaratdılar

+

SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan edirlər. Yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir. SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcəkdir.

Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcəkdir.

SOCAR prezidenti Rövnəq Abdullayev qeyd etmişdir: “Rəqəmsal biznes transformasiya prosesləri bu gün istehsalat effektivliyinin ayrılmaz şərtlərindən biridir. Yaradılan birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir. Nəticədə, Azərbaycanda yüksək səriştəli və yüksək ödənişli bir çox yeni iş yerləri açıla bilər. Bununla biz insan kapitalının inkişafına daha bir töhfə verir, eyni zamanda bu töhfəmizi yeni müstəviyə - neft-qaz sənayesinin fövqünə qaldırırıq.”

Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcəkdir. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaqdır.

Əməkdaşlıq IBM-ə təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda və onun hüdudlarından kənarda fəaliyyətini genişləndirməyə yardım edəcəkdir.

“SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”, - IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi demişdir.

Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

IBM 170-dən çox ölkədə fəaliyyət göstərən qlobal miqyaslı müəssisədir. Bu gün IBM diqqətini koqnitiv həllər (rəqəmsal idrak həlləri), bulud hesablama, təhlükəsizlik kimi mühüm inkişaf sahələri üzərində cəmləyərək, müxtəlif müştəri kontingentinə ən çətin biznes problemlərinin həlli üçün innovativ yollar təklif edir. Dünyanın ən böyük İT və konsaltinq xidmətləri şirkəti olmaqla yanaşı, IBM həm də qlobal biznes və texnologiya lideri kimi cəmiyyətin gələcəyini hərtərəfli formalaşdırmaq məqsədi ilə tədqiqat və inkişaf sahələrinə yeniliklər gətirir. IBM özünün yüksək dəyərli tədqiqat imkanları, texniki inkişaf və istedadlı kadrlar sayəsində çağdaş dünyanın real problemləri üçün çalışan hökümətlər, şirkətlər, mütəfəkkir və fəallarla tərəfdaşlıq edir.

IBM xidmətləri haqqında ətraflı məlumat üçün https://www.ibm.com/services/ saytını ziyarət edin.

SOCAR 2006-cı ildə İnformasiya Texnologiyaları və Rabitə İdarəsini yaradaraq, şirkətdə rəqəmsal biznes transformasiyanın əsasını qoymuşdur. Son illərdə SOCAR-da biznes resurslarının rəqəmsal planlaşdırılması tətbiq olunmuş, şirkətin struktur bölmələrini əhatə edən korporativ şəbəkə sistemi qurulmuş, elektron sənəd dövriyyəsinin sayəsində kağız üzərindəki sənəd dövriyyəsi ixtisar edilmiş, insan resurslarının rəqəmsal idarə olunması layihəsinə start verilmiş, neft-qaz yataqlarının vahid korporativ məlumatlar bankı yaradılmışdır. Şirkətin müəssisələrində rəqəmsal analitika və proses proqramları istifadə olunmaqdadır, informasiyanın arxivləşdirilməsi və bərpası tam robotlaşdırılmış qurğular vasitəsi ilə həyata keçirilir. Yeni yaradılmış birgə müəssisə rəqəmsal transformasiya proseslərini yeni müstəviyə qaldıraraq, regionda digər şirkətlərə də səmərəni rəqəmsal islahatlar vasitəsi ilə artırmaq üçün qabaqcıl analitik və praktiki həllərini təklif edəcək.

11 Yanvar 2018

SOCAR Azərbaycanda 129 elmi-tədqiqat layihəsinə dəstək verib

+

SOCAR-ın 2011-ci ildən fəaliyyət göstərən “Elm Fondu” 2017-ci il üzrə müsabiqənin qaliblərini elan etmişdir. Təqdim olunan 98 layihədən 35-i AMEA-nın və SOCAR-ın alim və mütəxəssislərindən təşkil edilmiş Müsabiqə Komissiyası tərəfindən müsabiqənin qalibi seçilmişdir. Cari ildə keçirilən müsabiqədə sənayedə internet texnologiyalarının tətbiqi ilə bağlı problemlərin araşdırılması, yeraltı qaz anbarlarının istismarı prosesləri və onların ətraf mühitə təsiri, dəniz platformalarında seysmik risklərin qiymətləndirilməsi, metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii qazın karbon qazı ilə (CO2) əvəzlənməsi, kəşfiyyat, hasilat və digər sahələrdə səmərəliliyin artırılması və mümkün fəsadların qarşısının alınması istiqamətində aparılan araşdırmalara üstünlük verilmişdir.

AMEA-nın prezidenti, “Elm Fondu”-nun İdarə heyəti sədrinin müavini akademik Akif Əlizadə bildirmişdir: “SOCAR-ın “Elm Fondu”nun keçirdiyi müsabiqədə mövzular sənaye və cəmiyyət üçün praktiki faydasına görə, innovativ, mütərəqqi və qabaqcıl ideya tutumuna əsasən seçilmişdir. SOCAR tərəfindən elmin inkişafına qoyulan sərmayə, ölkəmizin gələcəyinə yatırılan ən mühüm investisiyalardan biridir.”

2017-ci il üzrə müsabiqə şərtlərinə tam cavab verən 35 layihənin 29-u fundamental və tətbiqi xarakterli ən yaxşı elmi-tədqiqat layihəsi, 3-ü xüsusi layihə, 3-ü isə gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat” layihəsidir.

“Elm Fondu”-nun sədri, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında neft və qaz sənayesinə dair elmi tədqiqatları stimullaşdırmaq üçün SOCAR-la AMEA-nın birgə təsis etdiyi “Elm Fondu” hər il müsabiqələr keçirir, sənayenin müxtəlif sahələri üzrə tədqiqatlar aparılmasına şərait yaradılır. Bununla biz Azərbaycanın dayanıqlı inkişafının təməli olan elmi tədqiqatların aparılmasına öz töhfəmizi veririk. SOCAR gələcəkdə də biznes əməliyyatlarından əldə etdiyi vəsaitlərin müəyyən hissəsini ölkəmizin dayanıqlı inkişafına yönəlmiş bu kimi layihələrə yatırmağa davam edəcək, milli sərvətimizin dəyərini artıraraq, gələcək rifah və dayanıqlı inkişafımıza öz töhfəsini verməyə davam edəcək.”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin təbii sərvətlərinin öyrənilməsi istiqamətində səmərəliliyin artırılması və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunması məqsədilə SOCAR və Azərbaycan Milli Elmlər Akademiyası arasında 26 may 2011-ci il tarixində Anlaşma Memorandumu imzalanmış, Memoranduma əsasən SOCAR-ın “Elm Fondu”nun təsis edilmişdir. “Elm Fondu”nun 2012-ci ildən etibarən sahə üzrə keçirdiyi 4 müsabiqəyə ümumilikdə 307 layihə təqdim edilmiş və bunlardan 129-u seçilərək, SOCAR-ın ayırdığı qrant vəsaiti hesabına tam maliyyələşdirilmişdir.

Xatırladaq ki, SOCAR tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət layihələri, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramları tələbələr arasında böyük rəğbət qazanıb. Daxili Təqaüd proqramı ilə yanaşı SOCAR 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramını, 2010-cu ildən isə məqsədi tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması, şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmaları, nəzəri biliklərinin təcrübədə tətbiqindən ibarət olan “Ödənişli Yay Təcrübəsi” Proqramını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi beynəlxalq tədris proqramı əsasında, Azərbaycanda və xaricdə həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı ingilisdilli mütəxəssislər hazırlayır. Müasir iqtisadiyyatda gənc kadrların hazırlığı işində sosial stimullara mühüm yer verilir. Bu məqsədlə SOCAR tərəfindən sosial güzəştlər sistemi işlənib hazırlanmışdır: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, həm də xarici ölkələrin nüfuzlu universitetlərinin digər gənc məzunları, həmçinin uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.