Xəbərlər arxivi

25 Dekabr 2017

SOCAR və Türkiye Petrolleri A.O. əməkdaşlığı genişləndirmək əzmindədir

+

Dekabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiye Petrolleri A.O. şirkəti İdarə Heyətinin sədri və Baş direktoru Melih Han Bilgin arasında görüş keçirilmişdir. Görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur. SOCAR prezidenti Rövnəq Abdullayev iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləmiş, qeyd etmişdir ki, Azərbaycanda ilk xarici investorlardan biri olan TPAO şirkəti uzun müddət ərzində SOCAR-la ''Azəri-Çıraq-Günəşli'', ''Şahdəniz'', Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində uğurlu tərəfdaşlıq edir. Həmin layihələr çərçivəsində qazanılan nailiyyətlər bu gün də iki qardaş ölkənin iqtisadi yüksəlişinə xidmət edir.

Qeyd olunmuşdur ki, SOCAR son illərdə öz fəaliyyətlərini şaxələndirərək, Azərbaycanla yanaşı müxtəlif perspektivli xarici bazarlarda, o cümlədən qardaş Türkiyədə nəhəng layihələr keçirməkdədir. TANAP, STAR neft emalı zavodu kimi layihələrin yaxın aylarda tamamlanması və gələn ildən etibarən istismara başlanılması nəzərdə tutulur. Bu da öz növbəsində Türkiyə ilə yanaşı SOCAR və Azərbaycanın gəlirlərinə müsbət təsir göstərəcək.

Türkiye Petrolleri A.O. şirkəti İdarə Heyətinin sədri və Baş direktoru Melih Han Bilgin öz növbəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər olduğunu söyləmiş, qeyd etmişdir ki, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirdiyi enerji layhələrində iştirakı, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələri hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.

23 Dekabr 2017

Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib

+

23.12.2017-ci il tarixdə saat 12-30 radələrində Sumqayıtdakı Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar Azərikimya İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşmüşlər. Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırmışdır. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişmişdir. Toğrul Əzizlinin həyatı hazırda təhlukə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək. 

SOCAR rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

21 Dekabr 2017

SOCAR və “Total” gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla gələcək əməkdaşlıq imkanları, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. “Abşeron” yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,3 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur. Qeyd edək ki, “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.

20 Dekabr 2017

SOCAR və “Statoil” şirkətləri perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalamışlar

+

SOCAR Tower-də SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olmuşdur. ''Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılmışdır.

SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanmışdır. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə “Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir.

İmzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Mütəxəssislərimiz məhsuldar çalışaraq, müsbət nəticələr əldə etmişlər. Əsas prinsiplərin imzalanması iqtisadiyyatımıza yeni dəyər qazandıracaq gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu istiqamətdə aparılmış işlərin qısa zaman ərzində yekunlaşması üçün müvafiq tədbirlər görülməlidir.”

Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen deyib: “Azərbaycanla əməkdaşlığın uzun bir tarixi var. “Statoil” Azərbaycanda artıq 25 ildir, uğurla fəaliyyət göstərir. Norveç hökuməti “Statoil”un enerji layihələrinə böyük önəm verir”.

“Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulamış, AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirmişdir. Sonda yüksək səviyyəli əməkdaşlıq üçün SOCAR-ın rəhbərliyinə və mütəxəssislərdən ibarət komandasına təşəkkür etmişdir.

Qeyd edək ki, SOCAR Azərbaycan Respublikası ərazisində neft və qaz sahələrinin işlənməsi, ölkəyə yeni xarici investisiyaların cəlb olunması üçün çalışmalarını davam etdirərək, uzun müddət tərəfdaşlıq etdiyi “Statoil” şirkəti ilə də bu istiqamətdə işləməkdədir. “Qarabağ” neft yatağı və digər perspektiv sahələrdə planlaşdırılan işlər Azərbaycanda neft hasilatının sabit saxlanılması, qaz hasilatının artırılması baxımından mühüm əhəmiyyətə malik layihələr kimi qiymətləndirilir.

19 Dekabr 2017

Heydər Əliyev adına Neft Emalı Zavodu ilə Tecnicas Reunidas şirkəti arasında qurğuların rekonstruksiyası üzrə müqavilə imzalanmışdır

+

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan modernizasiya işləri daha keyfiyyətli yanacaq məhsullarının istehsalını nəzərdə tutur. NEZ-in modernizasiyası 2021-ci ilədək davam edəcək. Bununla əlaqədar, layihəyə cəlb olunmuş Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) SOCAR-KBR şirkəti tərəfindən mövcud qurğuların və ümumi zavod təsərrüfatının rekonstruksiyası işləri üzrə aparılmış Seçim Proseduruna əsasən Tecnicas Reunidas (TR) şirkəti qalib olaraq seçilmişdir.

Dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına NEZ və Tecnicas Reunidas şirkəti arasında zavodun yenidənqurulması və modernizasiya layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə,Satınalma,Tikinti) müqaviləsinin rəsmi imzalanma mərasimi keçirilmişdir.

İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə Baş direktoru Enrique Alsina Massana, Təkliflər Departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak etmişdir.

Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə Baş direktoru Enrique Alsina Massana imzalamışlar.

NEZ-da İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdıqdan sonra layihənin növbəti - Layihələndirmə, Satınalma, Tikinti (EPCEPCm) mərhələsinin icrası üçün podratçıların təyin edilməsi məqsədilə layihənin İdarəedilməsi üzrə Podratçı SOCAR-KBR şirkəti tərəfindən müvafiq Seçim Proseduru keçirilmişdir. 10 beynəlxalq şirkətin iştirak etdiyi Seçim Prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlmişdir. Qeyd edək ki, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir:

• yeni qurğuların inşası və

• mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası.

TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin rekonstruksiya işlərini əhatə edir.



Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibəti ilə təbrik etmişdir: “Bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-da yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, Tecnicas Reunidas şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcəkdir”.

İmzalanma mərasimində çıxış edən TR şirkətinin İdarə heyətinin sədrinin müavini, Baş icraçı direktoru Juan Llado Arburua demişdir: “Tecnicas Reunidas şirkətinə göstərilən etimada görə SOCAR rəhbərliyi və layihənin icra qrupuna öz təşəkkürümü bildirirəm. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəyimizə inanıram”.

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulmuşdur:

I mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

QEYD:

Tecnicas Reunidas beynəlxalq podratçı şirkətdir. 1960-cı ildə təsis edilmiş Lummus Espanola şirkəti 1972-ci ildə Técnicas Reunidasla birləşərək onun adını qəbul etmiş və Técnicas Reunidas, S.A. kimi tanınmağa başlamışdır. TR neft–qaz sektorunda mühəndislik və tikinti üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Fəaliyyət sahələri: mühəndislik, sənaye obyektlərinin tikintisi və dizaynı, neft-kimya sənayesi, bərpa olunan enerji, gübrə və qeyri-üzvi kimya, ətraf mühitin mühafizəsi, metallurgiya və s. Şirkət Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Yunanıstan, Meksika, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Viyetnamda fəaliyyət göstərir. Beynəlxalq layihələr şirkətin illik dövriyyəsinin 70%-ni təşkil edir. Şirkət indiyədək 1000-dən artıq sənaye müəssisəsini layihələndirərək inşa etmişdir.

Baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Ötən dövr ərzində enerji, karbohidrogen, elektrik enerjisi, sənaye və mülki infrastruktur, minerallar, dövlət orqanları və kommersiya sektorlarının qabaqcıl təminatçılarından birinə çevrilmiş “KBR” şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın Pay Bölgüsü Sazişləri üzrə xidmət göstərir. “KBR” şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin “SOCAR-KBR” -in təsis edilməsi haqqında Saziş 2015-ci il martin 18-də Bakıda imzalanmışdır. Yaradılan yeni müştərək müəssisə geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), layihə idarəetmə və tikinti xidmətlərini həyata keçirir.

19 Dekabr 2017

“SOCAR Energy Holdings” Avstriyanın A1 yanacaqdoldurma məntəqələri şəbəkəsini almışdır

+

SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını almışdır. “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.

Son dövrdə SOCAR İsveçrədə orta miqyaslı şirkətlərlə diler və təchizat əlaqələrinin genişləndirilməsi, ortaq kart sisteminin işlədilməsi və s. kimi müxtəlif tərəfdaşlıq layihələrini həyata keçirməkdədir. İsveçrəyə yaxın olan Avstriya bazarında tanınmış ailə biznesi olan A1 şəbəkəsinin alınması bu genişlənmə strategiyasının məntiqi davamı və növbəti addımı olmuşdur. Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik A1 şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. A1-lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən Pronto Oil Mineralölhandels GmbH şirkətini əldə etmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin idarəedilməsi məqsədi ilə “SOCAR Energy Austria” MMC təsis edilmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin əməkdaşları işlərində saxlanılacaq və “SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. A1 brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır.

“SOCAR Energy Holdings” Səhmdar Cəmiyyətinin rəhbəri Edqar Baxmann yeni layihədən məmnunluğunu belə ifadə etmişdir: “A1 şəbəkəsinin alışı Avstriyada SOCAR qarşısında yeni üfüqlər açır, yeni kommersiya imkanları yaradır və bir aparıcı enerji şirkəti kimi onun bu ölkədə mövqeyni möhkəmləndirir.”

A1 YDM şəbəkəsinin və Pronto Oil Mineralölhandels GmbH firmasının keçmiş sahibi Qerhard Annavitt belə demişdir: “Həm A1, həm də Pronto Oil şirkətlərinin işini uğurla davam etdirmək üçün SOCAR ən uyğun namizəddir. Şirkətimi sataraq, onu yüksək keyfiyyətli xidmət təklif edən qabaqcıl və innovativ bir şirkətə təqdim edirəm, fikrimcə SOCAR bu şirkətləri mənim də arzu etdiyim səmərəli tərzdə davamlı idarə edəcək.”

Qeyd edək ki, SOCAR 5 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olmuşdur. Bu gün İsveçrədəki istehlakçıların 63%-dən artıq hissəsi SOCAR brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək, 15 dilerlə tərəfdaşlıq əlaqələri qurmuşdur və gələn ildən etibarən daha 5-10 dilerin SOCAR brendinə qoşulması gözlənilir.

İsveçrə ilə qonşu və eyni mədəniyyətin daşıyıcısı olan Avstriya SOCAR üçün strateji bazardır. A1 şəbəkəsi Avstriyanın bir çox bölgələrində yüksək dəyərə sahib YDM brendi kimi tanınır.

13 Dekabr 2017

SOCAR-ın daxili təqaüd proqramının qalibləri müəyyənləşdi

+

Dekabrın 13-də SOCAR TOWER-də şirkətin əsas sosial məsuliyyət layihələrindən olan Daxili Təqaüd proqramı çərçivəsində 2016-2017-ci tədris ilinin nəticələrinə əsasən təqaüd qazanmış tələbələrə təqaüd kartlarının təqdim olunma mərasimi keçirildi. Mərasimdə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SOCAR arasında mövcud sazişə uyğun olaraq, şirkətin struktur bölmələrində təcrübə keçmiş 24 nəfər ASAN könüllüsünə sertfikatlar da təqdim olundu. Tədbirdə SOCAR rəhbərliyinin nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təmsilçiləri, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərləri iştirak etmişdir.

Son illərdə ölkəmizdə uğurla davam etdirilən neft kapitalının insan kapitalına transformasiyası kursunun aparıcı qüvvələrindən biri də SOCAR-dır. Müasir tələblərə cavab verən, yüksək ixtisaslı, səriştəli kadrların hazırlanması şirkətin prioritetlərindəndir. Çoxsaylı sosial məsuliyyət layihələri çərçivəsində təhsilə və gənc mütəxəssislər nəslinin yetişməsinə sərmayə qoymaqla Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyan SOCAR 2005-ci ildən təsis etdiyi Daxili Təqaüd proqramı üzrə artıq 19 müsabiqə keçirmiş, bu müsabiqələrə 21 mindən çox tələbə cəlb olunmuş, onlardan 2 minə yaxın tələbə şirkətin təqaüdünə layiq görülmüşdür. Bu illər ərzində Daxili Təqaüd Proqramının məzunu olan 209 nəfər SOCAR-ın struktur bölmələrində müsabiqədən kənar işə qəbul edilmişdir. Onlardan 93 nəfəri güzəştli şərtlər əsasında mənzillə təmin edilib.

SOCAR-la ASAN xidmət arasındakı tərəfdaşlıq çərçivəsində 24 nəfər ASAN könüllüsü şirkətin struktur bölmələrində təcrübə keçmək şansından yararlanmış, Geofizika və Geologiya İdarəsidə, Neft Kəmərləri İdarəsində, Neftqaztikinti trestində, Qaz ixrac idarəsində, Kompleks Qazma İşləri Trestində, Əmək şəraiti normalarının işlənməsi İdarəsində, Azneft İB-də, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində və Baş ofisin İnsan Resursları Departamentində istehsalat təcrübəsi keçmişlər

Təqdimatla çıxış edən İnsan Resursları Departamentinin nümayəndəsi Roman Süleymanov qeyd etmişdir ki, SOCAR-ın Daxili Təqaüd proqramı perspektivli gənclərə daha effektli təhsil almaq üçün səmərəli şərait yaradır. Digər tərəfdən hər il bu müsabiqənin keçirilməsi özü-özlüyündə bütün tələbələri daha çox çalışmağa, öz potensiallarını reallaşdırmağa təşviq edir.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib: “Azərbaycanın müstəqilliyinin və Ulu öndər Heydər Əliyevin enerji strategiyasının təntənəsidir ki, bu gün ölkə gəncləri iqtisadi nailiyyətlərdən bəhrələnir və artıq dünyada tanınmış şirkətlərdən olan SOCAR-ın təqaüdünə layiq görülürlər. Azərbaycan, SOCAR-ın timsalında, son illərdə əldə etdiyi imkanlardan yararlanaraq, bu gün cəmiyyətimizin dayanıqlı inkişafına, bir sözlə, gələcəyimizə sərmayə qoyur. Siz gələcəyin qurucuları kimi bu gün qazandığınız nəzəri bilikləri təcrübədə tətbiq etməlisiniz. Sizin hər birinizə təhsildə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Tədbirdə çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Gələcəyimizə qoyulan ən dayanıqlı sərmayə Azərbaycan insanına qoyulan sərmayədir. Ölkə Prezidenti İlham Əliyev cənablarının “neft kapitalını insan kapitalına çevirək” tövsiyəsini əldə rəhbər tutaraq, gələcəyimiz olan gənclərə sərmayə qoymaqdan qürur duyuruq. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan bütün tələbələrə SOCAR-ın layihələrində iştirak etmək və çoxminli neftçi ailəsinin üzvünə çevrilmək imkanı yaradılmışdır. Bunun üçün nəzəri biliklərə yüksək səviyyədə sahib olmaq, müasir texnologiyardan istifadə etmək bacarığına yiyələnmək lazımdır. Azərbaycan iqtisadiyyatının flaqmanı SOCAR indiyə qədər olduğu kimi, bundan sonra da bu strateji istiqamətdə sərmayə yatırmaqda davam edəcəkdir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev əməkdaşlığa görə SOCAR rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, SOCAR tərəfindən həyata keçirilən sosial məsuliyyət layihələri, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramları gənclər arasında böyük rəğbət qazanıb. Daxili Təqaüd proqramı ilə yanaşı SOCAR 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramını, 2010-cu ildən isə məqsədi tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması, şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmaları, nəzəri biliklərinin təcrübədə tətbiqindən ibarət olan “Ödənişli Yay Təcrübəsi” Proqramını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılmış Bakı Ali Neft Məktəbi beynəlxalq tədris proqramı əsasında, Azərbaycanda və xaricdə həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı ingilisdilli mütəxəssislər hazırlayır. Qısa müddət ərzində texniki ixtisaslar üzrə ali təhsil müəssisələrinin liderinə çevrilmiş Məktəbin ilk 102 məzunu bu il müstəqil həyata vəsiqə qazanıb. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 120-dək gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək, şirkətin strukturlarında çalışmaq imkanını qazanmış, mənzillərlə təmin olunmuşdur.

Müasir iqtisadiyyatda gənc kadrların hazırlığı işində sosial stimullara mühüm yer verilir. Bu məqsədlə SOCAR tərəfindən sosial güzəştlər sistemi işlənib hazırlanmışdır: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, həm də xarici ölkələrin nüfuzlu universitetlərinin digər gənc məzunları, həmçinin uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.

12 Dekabr 2017

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

+

Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyinin, çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. SOCAR nümayəndələri milli dövlətçiliyimizin qurucusu, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçək dəstələri düzmüşlər.

12 Dekabr 2017

Neft Daşlarında insident baş verib

+

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş vermişdir. Nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirmişdir. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişmişdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilmişdir, araşdırma aparılır.

SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bilidirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

5 Dekabr 2017

PETROFAC və SOCAR birgə müəssisə yaratmışlar

+

Birgə müəssisə beynəlxalq enerji layihələrində çalışan işçilər üçün müasir proqramlar əsasında daha mükəmməl təlim və tədris xidmətləri göstərəcək Dekabrın 5-də SOCAR Tower-də Petrofac və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə, Birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsini imzalamışlar. Müqaviləyə əsasən SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilmişdir. Təsis Müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Petrofac-ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalamışlar.

Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi, öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.

Qeyd edək ki, son illərdə SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi OPITO, IOSH və s. kimi dünyanın tanınmış təşkilatların standartlarına uyğun təlimlər həyata keçirməkdədir. Təlimlərin keçirilməsi üçün zəruri olan yüksək keyfiyyətli avadanlıqları quraşdırmaqla yanaşı, SOCAR son illərdə təklif olunan təlim növlərinin əhatə dairəsini dayanmadan genişlənidirir. Petrofac Birgə müəssisənin fəaliyyətinə öz geniş texniki təlim metodikası və rəqəmsal texnologiyaya əsaslanan unikal təlim qurğularının layihələndirilməsi, tikintisi və istifadəsi sahələrində zəngin təcrübəsi ilə töhfə verəcəkdir. Şirkət həmçinin akademik təhsil və istehsalat arasında davamlı əlaqələri daha da dərinləşdirmək məqsədi ilə SƏTƏM, mühəndislik, tikinti, əməliyyat, təmir və qazma sahələrində işçi heyətin bilik, bacarıq və səriştələrinin inkişafı üçün əlavə imkanlar təqdim edəcəkdir.

Təlimlərin təşkilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunacaq. SOCAR ölkənin neft-qaz sənayesində həyata keçirdiyi milliləşdirmə təşəbbüsünü diqqətə alaraq, yeni Birgə müəssisə çərçivəsində müxtəlif layihələrin, o cümlədən SOCAR təlim mərkəzlərinin yaradılması və fəaliyyəti istiqamətində daha əvvəl topladığı təcrübələrini yeni Birgə müəssisə çərçivəsində tam tətbiq edə biləcək.

SOCAR öz rəqabət qabiliyyətini gücləndirərək, beynəlxalq şirkətlərin personalı üçün təlim və sertifikatlaşdırılma xidmətləri həyata keçirmək imkanını əldə edəcək, bununla da sərəncamında olan təlim mərkəzlərinin kommersiya potensialını daha dolğun şəkildə reallaşdıracaqdır. Petrofac şirkəti isə yaradılan birgə müəssisə vasitəsi ilə Azərbaycanda daha dayanıqlı və səmərəli biznes qurmağa nail olacaq.

İmzalanma mərasimində çıxış edən Petrofac Mühəndislik və İstehsalat Xidmətlərinin təlim xidmətləri üzrə qlobal rəhbəri Karim Osserian demişdir: “Petrofac şirkətinin SOCAR tərəfindən tərəfdaş seçilməsi bizim üçün qürurvericidir. Birgə müəssisəmizin yaradılması malik olduğumuz səriştəlikləri, lokal bilikləri və geniş potensiallarımızı bir araya gətirəcək. Bununla da peşə təlimləri sahəsində yeni sıçrayış üçün zəmin yaradılacaq və SOCAR-ın milli kadrların yetişdirilməsi proqramının yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.”

Tədbirdə çıxış edən SOCAR-ın vitse prezidenti Xalik Məmmədov qeyd etmişdir: “Bu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan növbəti addımdır. Təlim və tədris sahəsində xidmətlər göstərən dünya şöhrətli Petrofac şirkəti ilə əməkdaşlığın qurulmasının həm SOCAR, həm də ölkə sənayesi üçün uğurlu və faydalı olacağına inanırıq. SOCAR-Petrofac BM şirkətlərimizin bu sahədə olan potensiallarının daha dolğun şəkildə reallaşmasına səbəb olacaq. Milli kadrların inkişafına xidmət edən Birgə müəssisəmizin Azərbaycanda və gələcəkdə bütün regionda kadr potensialının artırılması, eləcə də işçi qüvvəsinə olan tələbatın daha dolğun ödənilməsi baxımından dayanıqlı və uğurlu təşəbbüs olacağına əminik”.

Qeyd: Petrofac dünyanın böyük neft və qaz şirkətlərinin servis təminatını həyata keçirən aparıcı beynəlxalq şirkətdir. Şirkət neft və qaz obyektlərinin layihələndirilməsi və tikintisini, fəaliyyətini, istismar və idarə olunmasını həyata keçirir, işçi heyəti üçün təlimlər təşkil edir, istehsalı gücləndirir, öz xidmət potensialından istifadə edərək, kəşfiyyat, hasilat və infrastruktur layihələrini inkişaf etdirir və birgə sərmayə qoyuluşlarında iştirak edir. Petrofac şirkətinin təklif etdiyi xidmətlər müştərilərin neft və qaz sənayesinin dəyər zənciri üzrə bütün tələbatlarını qarşılayır.

Təxminən 13 500 işçisi olan Petrofac Aberdin, Şarca, Abu Dabi, Uokinq, Çennai, Mumbai və Kuala Lumpurda 7 strateji fəaliyyət mərkəzinə malikdir. Şirkətin dünya üzrə daha 24 ofisi fəaliyyət göstərir. Petrofac 12 ildən artıq bir müddətdə (2004-2016) Azərbaycanda BP-nın milliləşdirmə hədəflərinə nail olunmasını dəstəkləmişdir. Bu müddət ərzində şirkət Orta Şərq, Rusiya və Malayziyada texniki tədris obyektlərinin layihələndirilməsi, tikintisi və idarə olunması üzrə layihələrini də davam edir.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi Böyük Britaniyanın Neft Sənayesi sahəsində Dəniz Təlim Təşkilatı (OPITO) tərəfindən müəyyən edilmiş standartlara əsasən, stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vuraraq Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET); Batmaqda olan helikopterdən təxliyə üzrə təlim (HUET) və Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının keçirilməsi üzrə akkreditasiya edilmişdir. Bununla, İdarə Xəzər dənizi regionunda təlim xidmətlərinin təminatçısı olaraq OPITO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilmişdir. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qarşıya qoyduğu Tədbirlər Planına uyğun olaraq, dənizdə neft-qaz platformalarında və qurğularında çalışan işçi heyətinə adı çəkilən təlim kurslarını təşkil edir. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi həm də Böyük Britaniya Birləşmiş Krallığının Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun (IOSH) “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanmışdır.