Xəbərlər arxivi

3 Noyabr 2017

SOCAR-la “DeGolyer and MacNaughton” şirkəti arasında müqavilə imzalanmışdır

+

Noyabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimi salamlayan R.Abdullayev SOCAR-ın layihələrindən söhbət açmış, hər zaman müasir texnologiyaların tətbiqində maraqlı olduqlarını bildirmişdir. Səmimi qəbula görə təşəkkürünü bildirən “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villas dünya neft sənayesinin inkişafında Azərbaycan neftçilərinin xüsusi yer tutduğunu qeyd edərək, SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır.

Sonra SOCAR və “DeGolyer and MacNaughton” (ABŞ) şirkəti arasında “Yataqların işlənmə prosesinin səmərəliyini və SOCAR-ın neft-qaz yataqlarında hasilatı artırmaq üçün təhlil və texniki dəstək” üzrə müqavilənin imzalanma mərasimi keşirilmişdir. Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “DeGolyer and MacNaughton” şirkətinin baş vitse-prezidenti Martin Çarls Vieviorovski imzalamışlar. Müqaviləyə əsasən “DeGolyer and MacNaughton” şirkəti SOCAR-ın mövcud və uzun müddət istismar olunan yataqlarında neft və qaz obyektlərinin səmərəli idarə olunması istiqamətində xidmətləri yerinə yetirəcəkdir. Bu məqsədlə ABŞ şirkəti 20 yataq üzrə işlənmə planlarını təhlil edəcək, hasilat səviyyəsini və neftvermə əmsalını yüksəltmək, neftçıxarma xərclərini azaltmaq, təcili strateji hədəfləri müəyyən etmək üçün tövsiyələr hazırlayacaq və həyata keçirilməsində iştirak edəcəkdir.

Tədbirdə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov iştirak etmişlər.

Xatırladaq ki, dünyada neft və qaz sektorunda qabaqcıl sevris xidmətləri göstərən şirkət kimi tanınmış “DeGolyer and MacNaughton” 1936-ci ildə təsis edilmişdir. Şirkətin əksər mütəxəssisləri dünyanın qabaqcıl upstrim şirkətlərində, eləcə də kiçik və orta miqyaslı müstəqil şirkətlərdə təcrübə keçmiş peşəkarlardırlar. Şirkət Rusiyanın və Qazaxstanın onlarla yatağında müvafiq işləri yerinə yetirmiş və müsbət nəticələrə nail olmuşdur.

3 Noyabr 2017

Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir

+

“Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanmış və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirmişdir. Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmışdır. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

3 Noyabr 2017

2017-ci ilin oktyabr ayında həyata keçirilmiş qazma işləri

+

2017-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 114909 metr qazma işi görülmüşdür ki, bunun da 106593 metri istismara, 8316 metri isə kəşfiyyata aid olmuşdur. 2017-ci ilin oktyabr ayında proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilmişdir. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılmışdır.

Ümumiyyətlə ilin əvvəlindən bəri 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilmişdir.