Xəbərlər arxivi

2 Noyabr 2017

Kembric Universitetində SOCAR-BP əməkdaşlığının 25 illiyi münasibətilə tədbir keçirilmişdir

+

Oktyabrın 30-da Kembric Universitetinin Kinq Kollecində SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş böyük tədbir keçirilmişdir. Tədbirdə SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Kembric Universitetinin professorları və digər rəsmi şəxslər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Lord Devid Evans bildirmişdir ki, BP və SOCAR arasında uzun illərdən bəri davam edən uğurlu əməkdaşlıq ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin qurulmasında mühüm rol oynamışdır. İki ölkə arasında körpü rolunu oynayan bu enerji bağları yalnız neft sektorunun inkişafı ilə məhdudlaşmır, elm və təhsil sahəsində də birgə fəaliyyətə yol açır. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-BP əməkdaşlığı çərçivəsində həyata keçirilmiş uğurlu layihələrdən danışmış, Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasının Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəltdiyini qeyd etmişdir. Bu siyasi xətti inamla davam etdirən Prezident İlham Əliyevin əməli fəaliyyətinin bariz nümunəsi kimi, artıq BP və SOCAR arasında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılmışdır. BP-nin Azrbaycan, Gürcüstan və Türkiyə üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli ötən 25 ildə Azərbaycanda həyata keçirilən uğurlu sosial investisiya layihələrindən danışmış, bu layihələrin təhsil proqramları, icmaların sosial infrastrukturunun təkmilləşdirilməsi, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım və s. məsələləri əhatə etdiyini bildirmişdir. Kembric Universitetinin professorları bu cür mötəbər tədbirin məhz təhsil müəssisində təşkil edilməsini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, neft gəlirlərinin təhsilin inkişafına yönəldilməsi hər iki ölkədə gözəl ənənəyə çevrilmişdir. Bu cür təşəbbüslər birbaşa elmin inkişafına xidmət edir.

Tədbirin sonunda Lord Evans və Rəfiqə Hüseynzadənin həmmüəllifləri olduğu, Böyük Britaniyada çap edilmiş “Azərbaycanı kəşf et” kitabının 2-ci nəşri qonaqlara təqdim edilmişdir.