Xəbərlər arxivi

29 Noyabr 2017

SOCAR prezidenti İranın neft nazirinin müavini ilə görüşmüşdür

+

Noyabrın 29-da SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. SOCAR-ın prezidenti R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd etmişdir. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açmış, genişlənmə imkanlarını qeyd etmişdir.

İranın Neft Nazirinin muavini Ə. Zəmaniniya ölkələrimiz arasında iqtisadi sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləymiş, neft-qaz sənayesində əməkdaşlığın qonşu ölkələrdə inkişafa daha böyük töhfələr verəcəyinə əminliyini qeyd etmişdir. Planlaşdırılan əməkdaşlıq layihələri sayəsində yaxın perspektivdə İranda neft və qaz hasilatının artırılacağını diqqətə çatdıran nazir müavini, SOCAR-ın qlobal layihələrdə böyük təcrübəsi olan beynəlxalq şirkət kimi həmin müştərək layihələrdə iştirakında maraqlı olduqlarını vurğulamışdır. Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda, o cümlədən İran körfəzində və Xəzər dənizində də, tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilmiş, tərəflər əməkdaşlığın genişləndirilməsi üçün olduqca münasib imkanların mövcud olduğunu vurğulamışlar.

Xatırladaq ki, İranın NICO şirkəti hazırda “Şahdəniz” (10%) və Cənubi Qafqaz Qaz Boru Kəməri (10%) layihələrinin iştirakçısıdır. Eyni zamanda SOCAR-ın “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında 2015-ci ildə üçtərəfli əməkdaşlıq protokolu imzalanmışdır.

28 Noyabr 2017

Əməyin mühafizəsinin gücləndirilməsi üçün estakadaların təmiri davam edir

+

“Neft Daşları”nda əməyin təhlükəsizliyi və neftçilərin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə 630 metr uzunluğunda estakada təmir edilib
Əməyin təhlükəsizliyinin daha da gücləndirilməsi, neftçilərin iş şəraitinin yaxşılaşdırılması, neft-qaz hasilatının stabilləşdirilməsi və artırılması məqsədi ilə “Azneft” İB tərəfindən istismar olunan qurğuların təmiri daim diqqət mərkəzindədir. Tarixdə ilk dəniz platforması olmaqla yanaşı, bu gün də ölkəmizin neft-qaz hasilatında böyük rol oynayan “Neft Daşları” yatağında da mühüm təmir-bərpa işləri davam etməkdədir. Belə ki, 617A saylı estakadayanı meydançaya giriş estakadası əsaslı təmir olunub. Estakadayanı meydançada hazırda 9 quyu fəaliyyət göstərir və quyulardan sutkada 45 ton neft hasil edilir. Bundan əlavə, yataqda daha bir estakada təmir edilib, işlər zamanı möhkəmləndirici svaylar vurulub, rigellər, oturacaqlar quraşdırılıb, məhəccər çəpəri çəkilib. Təmirdən sonra yataqdakı meydançalara gediş-gəliş xeyli asanlaşıb, quyuların təhlükəsiz istismarı, hasil olunan neftin, qazın nəqli, avadanlıqların enerji ilə təchizatı daha da yaxşılaşdırılıb.

“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abbasov: “Bu gün SOCAR-ın hasilat göstəricilərində dəniz yataqlarının rolu danılmazdır. “Neft Daşları” dünyada dənizdə ilk neft platforması olmasına baxmayaraq, bu gün də hasilat tempini artırmaqda davam edir. Yatağa sanki ikinci həyat verilib. Bu istiqamətdə əzmkar neftçilərimizin əməyini xüsusi vurğulamaq lazımdır. Onların meydançalara gediş gəlişinin, iş şəraitinin daha da yaxşılaşdırılması üçün estakadaların təmiri hər zaman diqqətdə olan məsələlərdəndir”.

Bu il ərzində SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyi üzrə ümumilikdə 920 metr uzunluğunda estakada əsaslı təmirdən sonra istismara verilib. Təmir olunan estakadaların hamısı “Neft Daşları” yatağındadır.

Dəniz mədənlərində əməyin mühafizəsinin ümumi gücləndirilməsi üçün SOCAR tərəfindən görülən geniş miqyaslı tədbirlər davam edir: Estakadaların əsaslı təmiri, eyni zamanda neft-qaz meydançalarının istismara yararsız estakadalardan ayrılması kimi geniş miqyaslı təmir-bərpa işləri ilə yanaşı həm də, mütəmadi olaraq, dənizdə çalışan əməkdaşlar üçün beynəlxalq standartlara cavab verən Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə (BOSIET) təlimlər də həyata keçirilir.

Cari ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılmış, 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilmişdir. Eyni zamanda N.Nərimanov adına NQÇİ-də də 8 meydança birləşdiyi estakadalardan ayrılmışdır. Bununla da neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb.

Qeyd edək ki, son 3 il ərzində ümumi uzunluğu 6459 metr estakada əsaslı təmir edilərək istismara təhvil verilib. Ümumiyyətlə, 2014-2016-cı illərdə 56 obyekt (estakada, özül, estakadayanı meydança və s.) üzrə təmir-bərpa işləri həyata keçirilib, bununla yanaşı Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə (BOSIET) təlimlərində 2011-ci ildən bəri 36 mindən çox SOCAR əməkdaşı iştirak edib. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

23 Noyabr 2017

SOCAR-da Natiq Əliyevin xatirəsi anılmışdır

+

Noyabrın 23-də SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri mərhum energetika naziri Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü ilə əlaqədar onun 2-ci Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər. Azərbaycan neft-qaz sənayesinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin enerji strategiyasının həyata keçirilməsində xüsusi rolu olmuş, əsas icraçılardan biri Natiq Əliyevin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhuna dualar oxumuşlar. SOCAR Towerdə keçirilmiş toplantıda SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, yaşasaydı bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 yaşı tamam olacaqdı. O, Natiq Əliyevi Azərbaycanın enerji strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu qeyd etmiş, 100-dən artıq elmi məqalə və kitab müəllifi kimi beynəlxalq enerji siyasəti sahəsində nüfuzlu mütəxəssislərdən biri olduğunu diqqətə çatdırmış, onun adının tarixdə daim Dövlət Neft Şirkətinin prezidenti kimi yaşayacağını vurğulamışdır.

Təkcə Azərbaycanda deyil, eləcə də Avropada neft və qaz sənayesində tanınmış mütəxəssis, sadə insan Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyev haqqında xatirələrini bölüşən SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki Xoşbəxt Yusifzadə həyatını hələ gənc yaşlarından neft sənayesi ilə bağlamış bir insanın mənalı və şərəfli ömür yolu keçdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, əmək fəaliyyətinə 1970-ci ildə mühəndis-geoloq kimi başlamış N.Əliyev daim öz səriştəsi, sadəliyi, gözəl insani keyfiyyətləri ilə seçilirdi. Bu keyfiyyətlərin sayəsində o, həm də məharətli rəhbər kimi, karyera yolunda Azərbaycan Respublikasının energetika naziri kimi mühüm bir vəzifəyədək yüksəlmişdir. Akademik X.Yusifzadə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında gerçəkləşdirilmiş yeni neft strategiyasına N.Əliyevin verdiyi töhfələri, eləcə də onun bilavasitə iştirakı ilə dünyanın aparıcı şirkətləri ilə Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənməsinə dair beynəlxalq sazişlərin imzalandığını qeyd etmişdir. X.Yusifzadə çıxışında bildirmişdir ki, Natiq Əliyev ölkəmizdən dünyaya ünvanlanan, respublikamızın təşəbbüsü ilə regionu, bütün Avropanı əhatə edən qlobal enerji layihələrinin, müstəqil Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov bir zamanlar Dövlət Neft Şirkətində ciyin-ciyinə çalışdığı mərhum Natiq Əliyevin Ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və respublika Prezidenti İlham Əliyevin qətiyyətlə gerçəkləşdirdiyi neft və qaz strategiyasının təntənəsi üçün ona etibar edilmiş sahələrdə var qüvvə ilə çalışdığını və Azərbaycanın milli maraqları kontekstindən çıxış etdiyini demişdir. Anım tədbirində həyatını neft sənayesi ilə bağlayan mərhum energetika naziri Natiq Əliyevin yaddaşlarda səmimi və bacarıqlı bir insan kimi həkk olunduğu bildirilmişdir. Toplantıda mərhum Natiq Əliyevin xatirəsinə həsr olunmuş video material nümayiş olunmuşdur.

17 Noyabr 2017

SOCAR-da Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanovla görüş keçirilmişdir

+

Noyabrın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov arasında görüş keçirilmişdir. Qonağı səmimi salamlayan Rövnəq Abdullayev onu Özbəkistanın Baş nazirinin müavini təyin edilməsi münasibəti ilə təbrik etmiş, yeni vəzifəsində ona daha böyük müvəffəqiyyətlər arzulamışdır.

Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov Azərbaycana yenidən səfər etməkdən məmnun olduğunu söyləmiş, qeyd etmişdir ki, Özbəkistan qardaş Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə görüşündən söz açmış, Azərbaycan dövlətinin başçısının Özbəkistanla energetika, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bəyan etdiyini söyləmişdir. SOCAR-ın “Özbəkneftqaz” üçün doğma şirkət olduğunu vurğulayan A.Sultanov iki şirkət arasında davam edən uğurlu əməkdaşlığı həqiqi qardaşlıq nümunəsi adlandırmışdır.

SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləmişdir. O, qeyd etmişdir ki, “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər vardır və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırmışlar. R.Abdullayev şirkətlər arasında mövcud Memorandum çərçivəsində diqqət mərkəzində olan istiqamətlərdə konkret fəaliyyətlərə tezliklə start veriləcəyinə əminliyini ifadə etmişdir.

Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov nəzərdə tutulan istiqamətlər üzrə işçi qruplarının yaradılmasını əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olduğunu bildirmiş, gələcək birgə layihələrin Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edəcəyini vurğulamışdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər üzrə ətraflı müzakirə və fikir mübadiləsi aparılmışdır.

13 Noyabr 2017

SOCAR rəhbərliyi dünyanın aparıcı şirkət rəhbərlərinin dəyirmi masasında iştirak etdi

+

Rövnəq Abdullayev: “Bu gün burada dünyanın aparıcı şirkətlərı sırasında yer almağımız SOCAR-ın beynəlxalq səviyyədə nüfuzlu bir şirkətə çevrilməsinin göstəricisidir.” 12 noyabr 2017-ci il tarixində dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri Abu Dabidə təşkil olunan “Şirkət Rəhbərlərin Dəyirmi Masası”nda iştirak etmişlər. Abu Dabi Milli Neft Şirkətinin baş qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər müzakirə olunmuşdur.

Dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Dəyirmi masa çərçivəsində müasir texnologiyaların təsirləri, dünyada yeni enerji mənbələrinin yayılması kimi aktual məsələlər əsas müzakirə mövzusu olmuşdur. Bu proseslərin qlobal enerji bazarlarına, tələb-təklif dinamikasına göstərdiyi təsirlər dəyərləndirilmiş, yeni qlobal çağırışları daha dərindən dərk etmək üçün fikir mübadiləsi aparılmışdır.

Dəyirmi masa müzakirəsindən sonra SOCAR prezidenti BP, Total, Statoil, Petronas, Saudi Aramco şirkətlərinin rəhbərləri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirmiş, bu görüşlərdə mövcud əməkdaşlıqlar çərçivəsində aktual məsələlər müzakirə olunmuş, yeni əməkdaşlıq imkanları araşdırılmışdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Şirkət Rəhbərlərinin Dəyirmi Masası”nın təşkil olunmasını daha sonra bu cür şərh etmişdir: “Qlobal energetika sahəsində sürətlə gedən proseslərin daha səmərəli idarə olunması üçün aparıcı şirkətlər arasında fikir mübadiləsi aparılmalıdır. Buna görə biz bu tipli müzakirələrin təşkil olunmasını müsbət dəyərləndiririk.

Burada müzakirə etdiyimiz proseslər bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir göstərir. Yeni texnologiyaların sayəsində alternativ enerji mənbələrinin rolu artmaqdadır. Neft və qaz məhsulları isə gələcəkdə yalnız yanacaq mənbəyi kimi deyil, həm də daha çox müxtəlif plastik əşyaların, gübrə və qida məhsullarının hazırlanmasında mühüm rol oynamağa davam edəcək. Bu baxımdan, SOCAR-ın ötən illərdə daha çox neft və qaz emalı layihələrinə sərmayə qoymaqla əsas tutduğu strategiya, bu günün reallığına və gələcəyə nəzər saldıqda, özünü bir daha doğruldur.

Bu gün burada dünyanın aparıcı şirkətlərı sırasında yer almağımız SOCAR-ın beynəlxalq səviyyədə nüfuzlu bir şirkətə çevrilməsinin göstəricisidir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, SOCAR nəinki Azərbaycan daxilində, həm də dünya miqyasında mühüm rol oynayan bir şirkətdir, və, bu mövqeyindən istifadə edərək, həm ölkəmizin gəlirlərinə, həm də qlobal məsələlərin koordinasiyasına öz töhfəsini verməyə davam edəcək.”

Qeyd edək ki, “Şirkət Rəhbərlərinin Dəyirmi Masası” adlı xüsusi tədbir Abu Dabidə keçirilən nüfuzlu ADİPEC ümumdünya Neft-Qaz Sərgisi və Konfransının ərəfəsində təşkil edilmişdir. 13-16 noyabr tarixlərində keçirilən həmin sərgi və konfransda 135 ölkədən olan 2000-dən çox şirkət təmsil olunur.

13 Noyabr 2017

Oktyabr ayında Ceyhan limanından 1,9 milyon ton neft dünya bazarlarına çıxarılmışdır

+

2017-ci ilin oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 milyon 870 min 909 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

13 Noyabr 2017

Oktyabr ayında BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunmuşdur

+

2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunmuşdur. Cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.

10 Noyabr 2017

SOCAR-ın 2017-ci ilin oktyabr ayı üzrə ödənişləri

+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödənilmişdir. Bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11 milyon 607 min manat və ya 9,3 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 302 milyon 630 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152 milyon 440 min manat və ya 13,3 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 13 milyon 70 min manat vəsait köçürülmüşdür. Bu, ötən ilin oktyabr ayına nisbətən 863 min manat və ya 7,1 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 125 milyon 496 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6 milyon 126 min manat və ya 5,1 faiz çoxdur.

7 Noyabr 2017

SOCAR təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

+

Noyabrın 7-də SOCAR-ın rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Azərbaycan neft-qaz sənayesinin tarixində əlamətdar hadisə, sənaye üsulu ilə 2 milyardıncı ton neftin hasil olunmasını qeyd edən neftçilər suveren dövlətimizin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış, ölkəmizin neft sənayesinin inkişafında müstəsna xidmətləri olmuş yeni enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhuna dualar oxumuş, abidəsi önündə baş əymişlər.

4 Noyabr 2017

“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşmüşdür

+

Nöyabrın 4-də səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşmüş, operativ tədbirlər nəticəsində sudan çıxarılmış, lakin vəfat etdiyi məlum olmuşdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcəkdir.

More