Xəbərlər arxivi

23 Oktyabr 2017

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzində audit keçirilmişdir

+

Oktyabrın 19-20-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilmişdir. Tədris prosesi tam müşahidə olunmuş, hovuz-təlim kompleksinin infrastrukturuna və qurğularına baxış keçirilmiş, dərs planlarının və təlim ləvazimatlarının BOSIET standartına uyğunluğu yoxlanılmışdır. Təlim kursunun sənədləşdirilməsi, dinləyicilərin qeydiyyatının aparılması, standartlara dair siyasət, təlim kursunun idarəetmə və qiymətləndirmə prosedurları təhlil edilmişdir. Audit zamanı sözügedən təlim mərkəzində cari ilin yanvar-oktyabr aylarında SOCAR-ın 329 nəfər işçisinin BOSIET kursuna cəlb olunduğu bildirilmiş, 2018-ci ildə 450-500 nəfər dinləyicinin bu kursda iştirakının proqnozlaşdırıldığı barədə məlumat verilmişdir. Auditorun bəzi qeydləri və tövsiyələri növbəti il ərzində tətbiq edilməsi üçün nəzərə alınmışdır.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi 3 beynəlxalq təlim kursunun - “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET), “Batmaqda olan helikopteri tərketmə üzrə təlim” (HUET) və “Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim” (FOET) kurslarının tədrisi sahəsində OPITO tərəfindən akkreditasiya edilmişdir.

23 Oktyabr 2017

BANM-də tədris olunan Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ən nüfuzlu ixtisas kimi qiymətləndirilmişdir

+

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərində keçirdiyi nəzarət tədbirlərinə əsasən Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilmişdir. Bu ixtisas Bakı Ali Neft Məktəbində tədris edilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 700 bal toplamış 15 tələbənin 7-si BANM-i, onların da 5 nəfəri ixtisas olaraq məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyini seçmişdir.

Prezident təqaüdçülərinin sayına görə respublikada 2-ci yeri tutan BANM-də 24 nəfər Prezident təqaüdçüsü təhsil alır ki, onların da 21-i məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə ixtisaslaşır. Bu il həmin ixtisasa 40 nəfər tələbə qəbul edilmişdir. İxtisas üzrə minimal keçid balı 685, maksimal bal 700, orta bal isə 691 olmuşdur. Müqayisə üçün deyək ki, 2013-cü ildə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə orta bal 669, 2014-cü ildə 684, 2015-ci ildə 685, 2016-cı ildə 681 olmuşdur.