Xəbərlər arxivi

20 Oktyabr 2017

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilmişdir

+

Oktyabrın 20-də SOCAR-ın Baş ofisində Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilmişdir. Qurultayı giriş sözü ilə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev açmış, qurultayın katibliyi, redaksiya, mandat və hesablama komissiyaları seçilmişdir.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev hesabat məruzəsində ötən 5 ilə nəzər salmış, ölkəmizin iqtisadiyyatının əldə etdiyi uğurlarda neft-qaz sənayesi işçilərinin əməyini vurğulamış, neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində SOCAR ilə birlikdə həyata keçirilən layihələrin önəmindən danışmışdır. Respublika Komitəsinin Nəzarət təftiş komissiyasının sədri Cavanşir Bayramov, Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqının sədri İlham Quliyev, Mandat Komissiyasının sədri İmanqulu Bayramov, “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və “BoşŞelf” MMC-nin Həmkarlar İttifaqının sədri Allahyar Allahverdiyev çıxış edərək Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2007-ci ildən 2012-ci ilədək olan fəaliyyətini müsbət dəyərləndirmiş, eləcə də öz fəaliyyətləri haqqında qurultay iştirakçılarına məlumat vermişlər.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək, şirkətin prezidenti Rövnəq Abdullayevin təbriklərini qurultay iştirakçılarına çatdırmış, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 5-ci qurultayının işinə müvəffəqiyyətlər arzulamışdır. Akademik X.Yusifzadə qeyd etmişdir ki, Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı zəngin tarixi ənənələrə malikdir. NQSİHİ-nın özəyinin, əsas qüvvəsinin məhz SOCAR əməkçiləri tərəfindən təşkil olunduğunu söyləyən natiq ötən qurultaydan keçən dövrdə birgə səylər nəticəsində neftçilərin sosial müdafiəsinin gücləndirilməsi, neft-qaz sənayesi əməkçilərinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi, iş şəraitinin və əməkçilərin maddi rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə söz açmışdır.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalyev neft-qaz sənayesi işçilərini qurultay münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, beynəlxalq Ümum Həmkarlar İttifaqları Konfederasiyası Şurasının qərarına əsasən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Konfederasiyanın 25 illiyi münasibəti ilə gümüş medala layiq görülmüşlər. O medalları SOCAR-ın birinci vitse-prezidentinə təqdim etmişdir. Daha sonra Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisi və nəzarət-təftiş komissiyası seçilmişdir. Cahangir Əliyev yenidən Respublika Komitəsinin sədri, Fətulla Mustafayev və Sadiq Qurbanov sədr müavinləri seçilmişlər.