Xəbərlər arxivi

19 Oktyabr 2017

Neftçilərə ''Fəxri Fərman''lar təqdim edilmişdir

+

Oktyabrın 19-da ''Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunmuş bir qrup əməkdaşa mükafatların təqdim edilməsi mərasimi keçirilib. Tədbiri giriş sözü ilə SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə açaraq, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışmış, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini yüksək qiymətləndirmişdir. O, qeyd etmişdir ki, qazanılan nailiyyətlər Vətən və dövlətə sonsuz sədaqətin parlaq təzahürüdür. Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov Şirkətin hazırda ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən danışaraq, bu layihələrin icra olunmasında Azərbaycan neftçilərinin daha böyük uğurlara imza atacağına əminliyini vurğulayaraq, təltif olunanları təbrik etmiş, onlara yeni-yeni əmək nailiyyətləri arzulamışdır.

Fəxri fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

19 Oktyabr 2017

“Neft Daşları” nda yeni quyu istismara verilib

+

“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar olunur.

Quyuda “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

19 Oktyabr 2017

BANM və Türkiyənin Orta Doğu Texniki Universiteti arasında əməkdaşlığın əsası qoyulmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ümumi işlər üzrə prorektor Rəşad Həsənov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində (ODTU) olmuş, ODTU-nin rektoru, professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq ilə görüşmüşlər. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuş, ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisasları əsasında BANM-də də eyni adlı ixtisasların açılması haqqında razılıq əldə edilmişdir. Tərəflər təhsil müəssisələri arasında ikili diplomun verilməsi imkanlarını da nəzərdən keçirmişlər. Rektor Elmar Qasımov türkiyəli həmkarını BANM-ə dəvət etmişdir.



Səfər zamanı BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsinə təkan verilmişdir. ODTU-nin rəhbərliyi BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək, bu təhsil müəssisəsinə böyük maraq göstərdiklərini vurğulamışdır.