Xəbərlər arxivi

18 Oktyabr 2017

Bakı Ali Neft Məktəbində Müstəqillik Günü qeyd olunmuşdur

+

Bakı Ali Neft Məktəbində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Məktəbin rektoru Elmar Qasımov giriş nitqində 18 oktyabr Dövlət Müstəqilliyi Gününün tarixindən, xalqımızın müstəqillik uğrunda mübarizəsindən, ölkəmizin beynəlxalq nüfuzundan, bu günə qədər əldə etdiyi siyasi-iqtisadi nailiyyətlərdən danışmış, bu nailiyyətlərin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin seçdiyi strateji inkişaf yolunun və uzaqgörən siyasətin bəhrəsi olduğunu qeyd etmişdir.

BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin tarixi məqamları və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermişdir. Sonra tələbələr bu mövzuda maraqlı təqdimatlar keçirmişlər.

Elmar Qasımov müstəqilliyimizin 26-ci ildönümü münasibətilə bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etmiş, müstəqilliyimizin daimi və möhkəm olmasını arzulamışdır.

18 Oktyabr 2017

SOCAR kəşfiyyat və hasilat sahəsində effektivliyin artırılması istiqamətində önəmli addımlar atır

+

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq Independent Projects Analysis (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilmişdir. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynovun, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, eləcə də Baş ofisin idarə və şöbə rəislərinin iştirak etdiyi tədbirdə hesabatın ekspertlər səviyyəsində müzakirəsi aparılmışdır.

Bildirilmişdir ki, SOCAR-ın da üzv olduğu “Upstream International Benchmarking Consortium” (Kəşfiyyat və Hasilat Sahəsində Kapital Layihələrinin müqaisəli təhlili (bençmarkinqi) üzrə beynəlxalq konsorsium) - UİBC çərçivəsində kəşfiyyat və hasilat sahəsində təmsil edilən transmilli və milli şirkətlər tərəfindən bütün dunyada həyata keçirilən kapital layihələrin effektivliyinin müqayisəli təhlili aparılır. SOCAR və onun stukturuna daxil olan “Azneft” İstehsalat Birliyi işlənmənin son mərhələsində olan yataqlarda hasilatın sabit saxlanılması məqsədi ilə mütəmadi olaraq kapital qoyuluşu layihələri icra edir. Bundan əlavə, yaxın zamanlarda SOCAR tərəfindən “Qarabağ”, “Ümid”, “Babək” kimi perspektiv yataq və strukturların kəşfiyyatı, işlənilməsi və abadlaşdırılması, həmçinin “Abşeron” yatağının işlənilməsi və bu yatağın “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilməsi kimi iri layihələrin həyata keçirilməsi nəzərdə tutulur. SOCAR, məsuliyyətli neft-qaz yataqlarının operatoru rolunda, qarşısında qoyulan əməliyyat və kapital effektivliyinin artırılmasına yönəldilən tapşırıqlara uyğun olaraq, UIBC çərçivəsində aparılan tədbirlər nəticəsində korporativ portfelində olan kapital layihələrin daxili idarəetmə sisteminin monitorinq üsullarını tətbiq etmək, eləcə də yataqların işlənilməsinə yönəldilən kapital layihələrinin idarəetmə sisteminin xarici şirkətlər tərəfindən Azərbaycan Respublikasında və dünyada həyata keçirilən layihələrlə obyektiv müqayisəli təhlilini (bençmarkinqi) aparmaq üçün əlavə imkanlar əldə etmişdir.

Qeyd edək ki, SOCAR-ın Baş ofisində, “Azneft” İstehsalat Birliyində, eləcə də “Neftqazelmitədqiqatlayihə” İnstitutunda UİBC çərçivəsində görülən işlərə dair silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə “Azneft” İstehsalat Birliyi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 7 , “Bulla dəniz” yatağındakı 6, “Qərbi Abşeron” yatağındakı 54 nömrəli özüllərin tikintisi hərtərəfli qiymətləndirilmiş, Birliyin qarşısında duran yeni iri layihələr və bu layihələrin icrasına hazırlıq səviyyəsi müzakirə olunmuşdur. Bu tip işgüzar görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.