Xəbərlər arxivi

17 Oktyabr 2017

SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı Komissiyasının iclası keçirilmişdir

+

Oktyabrın 13-də SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramı çərçivəsində kimya mühəndisliyi, geologiya mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat və insan resurslarının idarə edilməsi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 7 məzunun hesabat xarakterli təqdimatları dinlənilmişdir. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. Hesabatlar dinlənildikdən və komissiya üzvlərinin müzakirələrindən sonra məzunlara ixtisaslarına uyğun müvafiq iş yerləri təklif edilmişdir.

Qeyd edək ki, 2006-cı ildən etibarən SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramına 293 nəfər cəlb edilmişdir. 30 nəfər tələbə hazırda Proqram çərçivəsində təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir.