Xəbərlər arxivi

16 Oktyabr 2017

Bolqarıstan Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində olmuşdur

+

Bolqarıstan Respublikası Universitet Rektorları Şurasının sədri, İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru professor Lyuben Totev və Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin rəhbəri Kiril Apostolov Bakı Ali Neft Məktəbinin qonağı olmuşlar. BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqlara Ali Məktəbin strukturu, fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Professor Lyuben Totev BANM-in statistik göstəriciləri ilə tanış olmuş, Məktəblə əməkdaşlıq qurulmasında maraqlı olduqlarını söyləmişdir.

Görüşdə əməkdaşlıq perspektivlərindən danışılmış, müxtəlif sahələrdə əlaqələrin qurulması üçün geniş imkanların mövcud olduğu vurğulanmışdır. Görüşdən sonra qonaqlar Ali Məktəbi gəzərək, onun fəaliyyəti ilə əyani tanış olmuşlar.

16 Oktyabr 2017

H.Əliyev adına NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində ƏMTQ Sənədi təqdim olunacaq

+

Noyabrın 8-də saat 10:00-da SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Mədəniyyət Mərkəzinin kiçik akt zalında (2-ci mərtəbə) NEZ-in yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində Ekologiya İdarəsi tərəfindən hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi Sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcəkdir. Qeydiyyat saat 9:30-da başlanacaqdır. Bütün maraqlı şəxslər tədbirdə iştirak edə bilər.

İctimaiyyət nümayəndələrinin tanış olması üçün ƏMTQ sənədi elektron formatda SOCAR-ın rəsmi internet səhifəsində (NEZ ƏMTQ_Faza 2-3.pdf), çap variantı isə NEZ-in kitabxanasında (Nizami rayonu, Oqtay Vəliyev küçəsi 1 ünvanında) yerləşdirilmişdir. Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi, layihənin həyata keçirildiyi dövrdə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də aparılmış monitorinqlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaqdır.

Maraqlananlar H.Əliyev adına NEZ-in Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin Ekologiya şöbəsinin rəisi Qiyas Bayramovla (+99412) 521 00 00 (daxili nömrə 17623) və ya (+99450) 841-76-23 (mob.) telefon nömrələri, eləcə də Giyas.Bayramov@socar.az email ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərlər.

16 Oktyabr 2017

SOCAR-ın 2017-ci ilin sentyabr ayı üzrə ödənişləri

+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilmişdir. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilmişdir. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140 milyon 833 min manat və ya 13,7 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 600 min manat vəsait köçürülmüşdür. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112 milyon 426 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 263 min manat və ya 4,9 faiz çoxdur.