Xəbərlər arxivi

13 Oktyabr 2017

“Qarabağ” yatağında ekoloji monitorinq tədqiqatı keçirilmişdir

+

SOCAR-ın Ekologiya İdarəsinin ekspedisiya qrupu “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi çərçivəsində oktyabr 5-dən 11-ə kimi “Qarabağ” yatağı ərazisində ekoloji monitorinq tədqiqatı həyata keçirmişdir. Monitorinq planına əsasən yataqda ətraf mühitin ilkin tədqiqi aparılmışdır. Tədqiqatda istifadə olunan “Nefteqaz-62” gəmisinin göyərtəsində ekoloji monitorinq üçün tələb olunan cihaz və avadanlıqlar quraşdırılmışdır. Yataq ərazisində hidrogeoloji və coğrafi amillər nəzərə alınmaqla seçilmiş 25 stansiyadan dib çöküntüsü, müxtəlif dərinliklər üzrə su və plankton nümunələr götürülmüş, hidroloji ölçmələr aparılmış və dəniz axınları təyin edilmişdir. Nümunələr beynəlxalq standartların tələblərinə uyğun qablaşdırılmış, etiketlənmiş, laborator təhlillərin aparılması məqsədilə Ekologiya idarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına (KTL) təhvil verilmişdir. Laboratoriyada nümunələr fiziki-kimyəvi göstəricilər, biogen maddələr, neft məhsulları, dib çöküntülərinin qranulometriyası, metallar, üzvi maddələr, mikroorqanizmlərin taksonomiyası, planktonların kütləsi və növ tərkibi, mikrobioloji göstəricilər və digər parametrlər üzrə təhlil ediləcək, flora və fauna, biomüxtəlifliyin vəziyyəti qeydə alınacaqdır. Ekoloji tədqiqatın nəticələri “Qarabağ” yatağının işlənməsi layihəsi çərçivəsində hazırlanacaq Ətraf Mühitin İlkin Vəziyyətinin tədqiqi və Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi hesabatlarına daxil ediləcək.

13 Oktyabr 2017

BANM və Poltava Milli Texniki Universiteti arasında Memorandum imzalanmışdır

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Ukraynalı nümayəndələr Poltava Milli Texniki Universiteti barədə ətraflı məlumat vermiş, universitetin 1930-cu ildən fəaliyyət göstərdiyini qeyd etmişlər. Tədris müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə Azərbaycana səfər etdiklərini bildirən qonaqlar BANM-in qısa müddət ərzində qazandığı nailiyyətləri təqdir etmiş, bu nüfuzlu ali məktəblə əməkdaşlığa xüsusi maraq göstərdiklərini vurğulamışlar.

BANM-in rektoru Elmar Qasımov öz növbəsində qonaqlara təşəkkür etmiş, Poltava Milli Texniki Universitetinin BANM-in tərəfdaşları sırasına qoşulmasından məmnunluğunu bildirmiş, ali məktəblər arasında əməkdaşlığın tezliklə öz bəhrəsini verəcəyindən əminliyini ifadə etmişdir.

Sonra BANM və Poltava Milli Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.