Xəbərlər arxivi

12 Oktyabr 2017

“Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017” qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır

+

Oktyabrın 12-də Bulvar Oteldə SOCAR-ın dəstəyi ilə “Argus Beynəlxalq Qiymət Agentliyi” tərəfindən təşkil olunmuş iki günlük “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017” öz işinə başlamışdır. Sammitin açılış mərasimini giriş sözü ilə ''Argus''un Rusiya, MDB və Baltikyanı ölkələrdəki rəhbəri Vyaçeslav Mişenko açaraq toplantının əhəmiyyətindən bəhs etmişdir. İlk olaraq SOCAR-ın prezidenti Rövnəq Abdullayev salamlama nitqi ilə çıxış etmişdir. SOCAR prezidenti “Argus”la birlikdə bu konfransın keçirilməsinin regionda qarşılıqlı əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmiş, Azərbaycanın əldə etdiyi uğurların, son illər qazanılan misilsiz sosial-iqtisadi nailyyətlərin əsası milli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində icra olunan beynəlxalq miqyaslı layihələrlə sıx bağlı olduğunu vurğulamışdır. O, son illər Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən neft-qaz layihələrinin qlobal iqtisadi proseslərin ayrılmaz tərkib hissəsinə çevrildiyini, ölkəmizi bütün dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısı kimi tanıtdığını qeyd edərək, hazırda həyata keçirilən layihələrin əhəmiyyətindən söz açmışdır. Çıxışının sonunda SOCAR-ın prezidenti Sammitin işinə uğurlar arzulamışdır.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Cons, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Energetika nazirinin müavini Natiq Abbasov, Gürcüstanın Energetika nazirinin müavini Romeo Mikautadze, “Özbəkneftqaz” şirkəti İdarə Heyətinin sədri Əlişir Sultanov, ''Argus Media Group''un əməliyyat direktoru Filip Şou salamlama nitqi ilə çıxış etmişlər.

Sonra tədbirin “Neft bazarı və Xəzər regionunun neft məhsulları” adlı birinci sessiyasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə, “Litasco”nun neft-kimya üzrə direktoru Aleksey Dzyuba və “Arqus” agentliyinin baş redaktoru Rauf Hüseynov müxtəlif mövzularda ətraflı çıxış etmiş, tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişlər.

“Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017” müxtəlif sessiyalarda öz işini davam etdirir.

12 Oktyabr 2017

Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsilini Yunanıstanda davam etdirəcək

+

Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 5 tələbə təhsilini Yunanıstanda davam etdirəcək. Tələbələr arasında keçirilən müsahibənin nəticələri, ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyətinə görə Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə etmişlər. Onlar təhsil almaqla yanaşı, dünyagörüşlərini genişləndirəcək, həmçinin Azərbaycanla Yunanıstan arasında elm və təhsil sahəsində mövcud olan əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəklər

12 Oktyabr 2017

ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər

+

SOCAR və ASAN xidmət arasında əməkdaşlıq müqaviləsi çərçivəsində ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri nəzərdə tutulur. Artıq ASAN könüllülərinin iki qrupu SOCAR-ın idarə və müəssisələrində ödənişsiz təcrübə keçmişdir. Könüllülərin növbəti qrupu təcrübi bilik qazanmaq məqsədilə müraciət etmiş və 45 nəfərin müraciəti qəbul olunmuşdur. Müvafiq müsabiqə prosedurunu (test imtahanı və müsahibə) uğurla keçən 20 nəfər ASAN könüllüsü SOCAR-da təcrübə imkanı əldə etmişdir. Onlardan 4 nəfəri İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, qalanları isə hər biri 3 nəfər olmaqla Neftqaztikinti Trestində və Azneft İB-də, hər biri 2 nəfər olmaqla Baş ofisin İnsan Resursları Departamentində, Heydər Əliyev adına Neft Emalı Zavodunda və Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, hər biri 1 nəfər olmaqla Ekologiya İdarəsində, Geofizika və Geologiya İdarəsində və Neftqazelmitədqiqatlayihə İnstitutunda ödənişsiz təcrübə keçəcəklər.