Xəbərlər arxivi

11 Oktyabr 2017

BANM və Almaniyanın “Lucas-Nülle” şirkəti arasında əməkdaşlıq uğurla davam edir

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniyanın tanınmış “Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppleri qəbul etmişdir. Yüksək keyfiyyətli təlim sistemlərinin inkişafı və istehsalı ilə məşğul olan “Lucas-Nülle” təhsil müəssisələri üçün müasir avadanlıqlar və proqram təminatı sahəsində dünyanın qabaqcıl şirkətlərindən biridir. BANM rektoru “Lucas-Nülle” ilə əməkdaşlıqdan razılığını bildirmiş, şirkətin BANM-in yeni açılmış kampusu üçün hazırladığı laboratoriyaların dünya standartları səviyyəsində olduğunu qeyd etmişdir. Kampusun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən həmin laboratoriyalara verilən yüksək qiymət bu əməkdaşlığın uğurlu nəticəsi kimi vurğulanmışdır.

“Lucas-Nülle” şirkətinin ixrac üzrə direktoru Hains Keppler birgə fəaliyyət nəticəsində əldə olunan uğurları qeyd edərək, əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirmişdir. O, külək və günəş enerjisi əsasında yeni laboratoriyaların quraşdırılması, BANM-in mütəxəssisləri üçün bu sahə üzrə treninqlərin keçirilməsi imkanlarından söz açmışdır.

Söhbətin sonunda əməkdaşlığın daha da genişləndirilməsi və davam etdirilməsinin zəruriliyi ifadə edilmiş, xatirə şəkli çəkdirilmişdir.

11 Oktyabr 2017

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Piarallahıda yığım nəqli sahəsinin açılışında iştirak etmişdir

+

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Pirallahı qəsəbəsində “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neftqazçıxarma İdarəsinə məxsus yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişlər. Tədbir iştirakçılarını salamlayan SOCAR prezidenti yeni yığım sahəsinin istismara verilməsi münasibəti ilə NQÇİ-nin kollektivini təbrik etmişdir. O, obyektin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra inzibati binaya baxış keçirmiş, sonra isə binanın qarşısında ağac əkmişdir. Daha sonra Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər yığım nəqli sahəsindəki çənlər parkına baxış keçirmiş, onun iş rejimi və ərazisi ilə tanış olmuşlar. Bildirilmişdir ki, SOCAR-ın ”Neftqaztikinti” Tresti tərəfindən 2013-cü ildən etibarən tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hektardır. Yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çən, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kv-luq elektrik yarımstansiyası fəaliyyətə başlamışdır. Qeyd olunmuşdur ki, çənlərdən 3 ədədi 3000, 6 ədədi 2000, 4 ədədi 1000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi isə 100 kubmetr maye tutumuna malikdir. Neft üçün nasosxanada 6 ədəd, lay suları üçün nasosxanada isə 4 ədəd nasos quraşdırılmışdır. Məlumat verilmişdir ki, yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədi ilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılmışdır. Əməyin mühafizəsi və texniki təhküləsizlik qaydaları yüksək tələblər səviyyəsinə çatdırılmış, əməkçilərin sosial məişətinin yaxşılaşdırılması məqsədi ilə optimal iş şəraiti yaradılmışdır. Yığım nəqli sahəsi və onun ətrafında yaşıllıq zonası salınmış, 6 mindən artıq gül-çiçək və ağac əkilmişdir.

Görülmüş işlərdən razılığını bildirən SOCAR prezidenti Rövnəq Abdullayev yeni yığım nəqli sahəsinin istismara buraxılmasının neft hasilatının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə etmiş, qarşıda duran vəzifələrdən danışmış, konkret tapşırıqlar vermişdir.