Xəbərlər arxivi

6 Oktyabr 2017

BANM ilə DAAD əməkdaşlığının yeni mərhələsi başlanır

+

Bakı Ali Neft Məktəbinin yeni açılmış kampusunda DAAD (Almaniya Akademik Mübadilə Xidməti) təqaüd proqramına həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə proqramın perspektivlərindən və tələbələr üçün yaratdığı imkanlardan söhbət açılmışdır. Bildirilmişdir ki, beynəlxalq səviyyədə tanınan DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını özündə birləşdirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və DAAD arasında azərbaycanlı tələbələrin Almaniyada təhsili üçün nəzərdə tutulan təqaüd proqramı ilə bağlı saziş mövcuddur. Bakı Ali Neft Məktəbi də bu əməkdaşlığın genişlənməsinə öz dəstəyini göstərir. Bir müddət əvvəl Bakı Ali Neft Məktəbi və DAAD arasında “Şərqə Doğru” Proqramı üzrə əməkdaşlıq çərçivəsində Almanıyanın nüfuzlu universitetlərindən olan tələbələr “Bakı Yay Neft Məktəbi”ndə iştirak etmişlər.

Tədbirdə DAAD Bakı Məlumat Mərkəzinin təmsilçisi Hikmət Kamallı proqramın geniş təqdimatını keçirmiş, tələbələrin suallarını cavablandırmışdır. Təqdimatda təqaüd proqramının mahiyyəti və üstünlükləri, qeydiyyat və müraciətlə bağlı məsələlər ətraflı izah edilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, hazırda DAAD təqaüd proqramına sənəd qəbulu elan edilmişdir. Bakı Ali Neft Məktəbinin tələbələri arasında proqrama böyük maraq var və onlar proqram çərçivəsində uğur əldə edəcəklərinə əmindirlər.

6 Oktyabr 2017

Azərbaycan geoloq və qazmaçıları növbəti uğura imza atmışlar

+

SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə həyata keçirdiyi axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla davam etdirir, neft-qaz hasilatının sabit saxlanılması üçün mühüm işlər görür. Trest bu günlərdə “Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərini vaxtından əvvəl başa çatdırmış və sifarişçiyə-“Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə təhvil vermişdir. Bu, Azərbaycan geoloq və qazmaçılarının dünya miqyaslı nailiyyəti kimi qiymətləndirilir. Quyuda qazma işlərinə cari ilin yanvar ayında başlanılmış, qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilmişdir. Qazmaçıların faziləsiz və gərgin əməyinin nəticəsi olaraq quyu layihə dərinliyinə - 6153 metrə çatdırılmış, layihə horizontu tam açılmışdır. Geoloji mürəkkəb kəsilişə (müxtəlif lay təzyiqlərinə) malik olan bu quyuda V və VII horizontların birlikdə qazılması və 1 kəmərlə hər iki horizontun bağlanması mümkün olmuş, anomal yüksək lay təzyiqli VIII horizontun uğurla qazılaraq mənimsənilməsinə nail olunmuşdur. Qazma prosesində SOCAR-ın Baş ofisinin, Neftqaztikinti Trestinin, Neftqazelmitədqiqatlayihə İnstitutunun, və “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə görülmüş tədbirlər öz bəhrəsini vermişdir. 5 oktyabr 2017-ci ildə perforasiya işləri aparılmış və quyu məhsuldar qatın VIII horizontundan, 6057-6097 metr intervaldan ilkin olaraq sutkalıq 180-200 ton kondensat və 800 000 kubmetr qaz hasilatı ilə istismara verilmişdir.

Qeyd edək ki, Azərbaycanda belə mürəkkəb quyular SOCAR-dan başqa heç bir neft şirkəti tərəfindən qazılmır. Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağının şimal-şərq qanadında (II tektonik blok) yerləşən 122 nömrəli özüldən indiyədək 124 və 125 nömrəli quyular qazılaraq istismara verilib. Əldə edilmiş yüksək məhsuldarlıq gələcəkdə bu özüldən əlavə quyuların qazılmasına zəmin yaradır.

6 Oktyabr 2017

“SOCAR PETROLEUM” QSC “ASAN Radio” ilə birgə sürücülər üçün kampaniya keçirir

+

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti hər il olduğu kimi bu il də müştəriləri üçün kampaniya keçirir. Bu gün müştərilər yüksək keyfiyyətli xidmət təklif edən, müasir standartlara cavab verən yanacaqdoldurma stansiyalarına üstünlük verirlər. Kampaniyanın gedişində həftə içi 3 gün fərqli saatlarda “ASAN Radio”nun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Hər verilişdə radionun aparıcısı tərəfindən elan olunan ASAN xidmətə birinci yaxınlaşan sürücü qalib hesab olunacaq və 30 manatlıq kuponla mükafatlandırılacaq. Qalib “SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən birinə yaxınlaşaraq 30 manat dəyərində istənilən növ yanacaq əldə etmək şansı qazanacaq. QSC bundan sonra da müxtəlif növ kampaniyalarla müştərilərini sevindirmək niyyətindədir.