Xəbərlər arxivi

5 Oktyabr 2017

Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər günü qeyd olunmuşdur

+

Oktyabrın 5-də Bakı Ali Neft Məktəbində müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. BANM-in rektoru Elmar Qasımov müəllimləri təbrik etmiş, ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, müəllim əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasında rolundan danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin mayında BANM-in yeni kampusunun açılışında ölkəmizdə həyata keçirilən təhsil islahatlarını, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri xüsusi vurğulamış, Ali Məktəbin ölkəmizin təhsil sistemində qazandığı uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirmişdir.

Daha sonra SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək bildirmişdir ki, müəllimlik həmişə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Məhz müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşü və nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. X. Yusifzadə daha sonra qeyd etmişdir ki, müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. BANM-in ilk məzunlarından biri, neft-qaz mühəndisi, SOCAR Polymer şirkətinin əməkdaşı Gülnar Hüseynli doğma müəllimlərinin onun bir kadr kimi yetişməsində sonsuz əməyinin olmasını qürur hissi ilə qeyd etmişdir.

Sonra ali məktəbin bir qrup müəllimi təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə fəxri diplomlarla təltif olunmuşlar. Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

5 Oktyabr 2017

Sentyabr ayında Ceyhan limanından 1,9 milyon tondan artıq neft dünya bazarlarına çıxarılmışdır

+

2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

5 Oktyabr 2017

Sentyabr ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunmuşdur

+

2017-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunmuşdur. Cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.