Xəbərlər arxivi

4 Oktyabr 2017

N.Nərimanov adına NQÇİ-nin istismar obyektlərində infrastruktur təkmilləşdirilir

+

Dənizdəki neft-qaz yataqlarının abadlaşdırılması, yeni hidrotexniki qurğuların tikintisi, eləcə də mövcud infrastrukturun daha səmərəli istismar edilməsi istiqamətində mühüm işlər görülür, iş prosesində əməyin təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır. Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunmuşdur. 279A saylı estakadayanı meydançada 98 möhkəmləndirici svay vurulmuş, 11 metal lövhə, 237 metr uzunluğunda məhəccər çəpəri quraşdırılmış, 2 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənmiş, əlavə işıqlandırma işləri görülmüşdür. Ümumiyyətlə, estakadayanı meydançanın 2080 kvadratmetrlik hissəsi əsaslı təmir edilmişdir.

332 saylı estakadayanı meydançanın 1070 kvadratmetrlik hissəsində 38 möhkəmləndirici svay vurulmuş, 5 metal lövhə, 132 metr uzunluğunda məhəccər çəpəri, dalma nasosları üçün 2 ədəd şaxta və 1 ədəd xidmət meydançası quraşdırılmış, 1 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənmiş, əlavə işıqlandırma işləri həyata keçirilmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Görülən tədbirlər başa çatdırıldıqdan sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançaların tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və obyektlər istismara qəbul edilmişdir.