Xəbərlər arxivi

3 Oktyabr 2017

“SUEZ Groupe” nümayəndələri SOCAR-da olmuşlar

+

Oktyabrın 3-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Fransanın “SUEZ Groupe” şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul etmişdir. Manuel Nivet “SUEZ Groupe” şirkətinin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat vermiş, istehsalat-tullantı, habelə lay sularının emalı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, tullantıların idarə olunması sahələrində SOCAR ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişdir.

SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-ın tullantıların idarə olunması istiqamətində gördüyü genişmiqyaslı işlər və əldə etdiyi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat vermişdir. Görüşün sonunda əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi üçün bilik, bacarıq və məlumatların mübadiləsi haqqında razılıq əldə olunmuşdur.

3 Oktyabr 2017

2017-ci ilin sentyabr ayında həyata keçirilmiş qazma işləri

+

2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 103625 metr qazma işi görülmüşdür ki, bunun da 96250 metri istismara, 7375 metri isə kəşfiyyata aid olmuşdur.

2017-ci ilin sentyabr ayında qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.