Xəbərlər arxivi

31 Oktyabr 2017

SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunmuşdur

+

Oktyabrın 26-da Böyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Lord Devid Evans belə görüşlərin artıq ənənə halı aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək 25 illik SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat vermiş, ötən dövr ərzində həyata keçirilmiş uğurlu layihələrdən danışmışdır. Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edərək bildirmişdir ki, “Əsrin müqaviləsi”nin təməlinin Heydər Əliyev tərəfindən qoyulması və onun davamçısı Prezident İlham Əliyev cənabları tərəfindən 2050-ci ilə qədər uzadılması çox əlamətdar bir hadisədir.

Tədbirdə Lordlar Palatasının üzvləri Lord Richard Rizbi, Lord Devid Evans, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə və Tofiq Qəhrəmanov, Böyük Britaniyanın Avropa və Amerika üzrə Dövlət Naziri Alan Dankan, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BP-nin baş ofisində vitse-prezident Emili Olson, Baş Əməliyyatlar Rəhbəri Qordon Birrel, BP-nin AGT üzrə vitse-prezindenti Co Mörfi, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroft, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən bir çox ölkələrin səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər.

Görüş qarşılıqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilmişdir.

24 Oktyabr 2017

Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılıb

+

Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işləri aparıb. Mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə cari ilin aprel ayından aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işləri görülüb. Bu il üçün nəzərdə tutulumuş çöl işləri uğurla başa çatdırılmışdır. Əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir. Tədqiqat sahəsində işlənilmiş profillər üzrə alınan geofiziki məlumatlar əsasında müxtəlif miqyaslarda dərinlik kəsilişləri qurulacaq, quyu və seysmik məlumatların kompleks interpretasiyası nəticəsində seysmostratiqrafik təhlillər aparılacaq, həmçinin seysmofasial komplekslər ayrılacaqdır. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaqdır.

23 Oktyabr 2017

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzində audit keçirilmişdir

+

Oktyabrın 19-20-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilmişdir. Tədris prosesi tam müşahidə olunmuş, hovuz-təlim kompleksinin infrastrukturuna və qurğularına baxış keçirilmiş, dərs planlarının və təlim ləvazimatlarının BOSIET standartına uyğunluğu yoxlanılmışdır. Təlim kursunun sənədləşdirilməsi, dinləyicilərin qeydiyyatının aparılması, standartlara dair siyasət, təlim kursunun idarəetmə və qiymətləndirmə prosedurları təhlil edilmişdir. Audit zamanı sözügedən təlim mərkəzində cari ilin yanvar-oktyabr aylarında SOCAR-ın 329 nəfər işçisinin BOSIET kursuna cəlb olunduğu bildirilmiş, 2018-ci ildə 450-500 nəfər dinləyicinin bu kursda iştirakının proqnozlaşdırıldığı barədə məlumat verilmişdir. Auditorun bəzi qeydləri və tövsiyələri növbəti il ərzində tətbiq edilməsi üçün nəzərə alınmışdır.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi 3 beynəlxalq təlim kursunun - “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET), “Batmaqda olan helikopteri tərketmə üzrə təlim” (HUET) və “Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim” (FOET) kurslarının tədrisi sahəsində OPITO tərəfindən akkreditasiya edilmişdir.

23 Oktyabr 2017

BANM-də tədris olunan Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ən nüfuzlu ixtisas kimi qiymətləndirilmişdir

+

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərində keçirdiyi nəzarət tədbirlərinə əsasən Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilmişdir. Bu ixtisas Bakı Ali Neft Məktəbində tədris edilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 700 bal toplamış 15 tələbənin 7-si BANM-i, onların da 5 nəfəri ixtisas olaraq məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyini seçmişdir.

Prezident təqaüdçülərinin sayına görə respublikada 2-ci yeri tutan BANM-də 24 nəfər Prezident təqaüdçüsü təhsil alır ki, onların da 21-i məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə ixtisaslaşır. Bu il həmin ixtisasa 40 nəfər tələbə qəbul edilmişdir. İxtisas üzrə minimal keçid balı 685, maksimal bal 700, orta bal isə 691 olmuşdur. Müqayisə üçün deyək ki, 2013-cü ildə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə orta bal 669, 2014-cü ildə 684, 2015-ci ildə 685, 2016-cı ildə 681 olmuşdur.

20 Oktyabr 2017

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilmişdir

+

Oktyabrın 20-də SOCAR-ın Baş ofisində Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilmişdir. Qurultayı giriş sözü ilə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev açmış, qurultayın katibliyi, redaksiya, mandat və hesablama komissiyaları seçilmişdir.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev hesabat məruzəsində ötən 5 ilə nəzər salmış, ölkəmizin iqtisadiyyatının əldə etdiyi uğurlarda neft-qaz sənayesi işçilərinin əməyini vurğulamış, neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində SOCAR ilə birlikdə həyata keçirilən layihələrin önəmindən danışmışdır. Respublika Komitəsinin Nəzarət təftiş komissiyasının sədri Cavanşir Bayramov, Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqının sədri İlham Quliyev, Mandat Komissiyasının sədri İmanqulu Bayramov, “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və “BoşŞelf” MMC-nin Həmkarlar İttifaqının sədri Allahyar Allahverdiyev çıxış edərək Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2007-ci ildən 2012-ci ilədək olan fəaliyyətini müsbət dəyərləndirmiş, eləcə də öz fəaliyyətləri haqqında qurultay iştirakçılarına məlumat vermişlər.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək, şirkətin prezidenti Rövnəq Abdullayevin təbriklərini qurultay iştirakçılarına çatdırmış, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 5-ci qurultayının işinə müvəffəqiyyətlər arzulamışdır. Akademik X.Yusifzadə qeyd etmişdir ki, Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı zəngin tarixi ənənələrə malikdir. NQSİHİ-nın özəyinin, əsas qüvvəsinin məhz SOCAR əməkçiləri tərəfindən təşkil olunduğunu söyləyən natiq ötən qurultaydan keçən dövrdə birgə səylər nəticəsində neftçilərin sosial müdafiəsinin gücləndirilməsi, neft-qaz sənayesi əməkçilərinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi, iş şəraitinin və əməkçilərin maddi rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə söz açmışdır.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalyev neft-qaz sənayesi işçilərini qurultay münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, beynəlxalq Ümum Həmkarlar İttifaqları Konfederasiyası Şurasının qərarına əsasən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Konfederasiyanın 25 illiyi münasibəti ilə gümüş medala layiq görülmüşlər. O medalları SOCAR-ın birinci vitse-prezidentinə təqdim etmişdir. Daha sonra Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisi və nəzarət-təftiş komissiyası seçilmişdir. Cahangir Əliyev yenidən Respublika Komitəsinin sədri, Fətulla Mustafayev və Sadiq Qurbanov sədr müavinləri seçilmişlər.

19 Oktyabr 2017

Neftçilərə ''Fəxri Fərman''lar təqdim edilmişdir

+

Oktyabrın 19-da ''Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunmuş bir qrup əməkdaşa mükafatların təqdim edilməsi mərasimi keçirilib. Tədbiri giriş sözü ilə SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə açaraq, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışmış, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini yüksək qiymətləndirmişdir. O, qeyd etmişdir ki, qazanılan nailiyyətlər Vətən və dövlətə sonsuz sədaqətin parlaq təzahürüdür. Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov Şirkətin hazırda ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən danışaraq, bu layihələrin icra olunmasında Azərbaycan neftçilərinin daha böyük uğurlara imza atacağına əminliyini vurğulayaraq, təltif olunanları təbrik etmiş, onlara yeni-yeni əmək nailiyyətləri arzulamışdır.

Fəxri fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

19 Oktyabr 2017

“Neft Daşları” nda yeni quyu istismara verilib

+

“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar olunur.

Quyuda “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

19 Oktyabr 2017

BANM və Türkiyənin Orta Doğu Texniki Universiteti arasında əməkdaşlığın əsası qoyulmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ümumi işlər üzrə prorektor Rəşad Həsənov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində (ODTU) olmuş, ODTU-nin rektoru, professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq ilə görüşmüşlər. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuş, ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisasları əsasında BANM-də də eyni adlı ixtisasların açılması haqqında razılıq əldə edilmişdir. Tərəflər təhsil müəssisələri arasında ikili diplomun verilməsi imkanlarını da nəzərdən keçirmişlər. Rektor Elmar Qasımov türkiyəli həmkarını BANM-ə dəvət etmişdir.



Səfər zamanı BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsinə təkan verilmişdir. ODTU-nin rəhbərliyi BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək, bu təhsil müəssisəsinə böyük maraq göstərdiklərini vurğulamışdır.

18 Oktyabr 2017

Bakı Ali Neft Məktəbində Müstəqillik Günü qeyd olunmuşdur

+

Bakı Ali Neft Məktəbində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Məktəbin rektoru Elmar Qasımov giriş nitqində 18 oktyabr Dövlət Müstəqilliyi Gününün tarixindən, xalqımızın müstəqillik uğrunda mübarizəsindən, ölkəmizin beynəlxalq nüfuzundan, bu günə qədər əldə etdiyi siyasi-iqtisadi nailiyyətlərdən danışmış, bu nailiyyətlərin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin seçdiyi strateji inkişaf yolunun və uzaqgörən siyasətin bəhrəsi olduğunu qeyd etmişdir.

BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin tarixi məqamları və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermişdir. Sonra tələbələr bu mövzuda maraqlı təqdimatlar keçirmişlər.

Elmar Qasımov müstəqilliyimizin 26-ci ildönümü münasibətilə bütün tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etmiş, müstəqilliyimizin daimi və möhkəm olmasını arzulamışdır.

18 Oktyabr 2017

SOCAR kəşfiyyat və hasilat sahəsində effektivliyin artırılması istiqamətində önəmli addımlar atır

+

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq Independent Projects Analysis (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilmişdir. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynovun, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, eləcə də Baş ofisin idarə və şöbə rəislərinin iştirak etdiyi tədbirdə hesabatın ekspertlər səviyyəsində müzakirəsi aparılmışdır.

Bildirilmişdir ki, SOCAR-ın da üzv olduğu “Upstream International Benchmarking Consortium” (Kəşfiyyat və Hasilat Sahəsində Kapital Layihələrinin müqaisəli təhlili (bençmarkinqi) üzrə beynəlxalq konsorsium) - UİBC çərçivəsində kəşfiyyat və hasilat sahəsində təmsil edilən transmilli və milli şirkətlər tərəfindən bütün dunyada həyata keçirilən kapital layihələrin effektivliyinin müqayisəli təhlili aparılır. SOCAR və onun stukturuna daxil olan “Azneft” İstehsalat Birliyi işlənmənin son mərhələsində olan yataqlarda hasilatın sabit saxlanılması məqsədi ilə mütəmadi olaraq kapital qoyuluşu layihələri icra edir. Bundan əlavə, yaxın zamanlarda SOCAR tərəfindən “Qarabağ”, “Ümid”, “Babək” kimi perspektiv yataq və strukturların kəşfiyyatı, işlənilməsi və abadlaşdırılması, həmçinin “Abşeron” yatağının işlənilməsi və bu yatağın “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilməsi kimi iri layihələrin həyata keçirilməsi nəzərdə tutulur. SOCAR, məsuliyyətli neft-qaz yataqlarının operatoru rolunda, qarşısında qoyulan əməliyyat və kapital effektivliyinin artırılmasına yönəldilən tapşırıqlara uyğun olaraq, UIBC çərçivəsində aparılan tədbirlər nəticəsində korporativ portfelində olan kapital layihələrin daxili idarəetmə sisteminin monitorinq üsullarını tətbiq etmək, eləcə də yataqların işlənilməsinə yönəldilən kapital layihələrinin idarəetmə sisteminin xarici şirkətlər tərəfindən Azərbaycan Respublikasında və dünyada həyata keçirilən layihələrlə obyektiv müqayisəli təhlilini (bençmarkinqi) aparmaq üçün əlavə imkanlar əldə etmişdir.

Qeyd edək ki, SOCAR-ın Baş ofisində, “Azneft” İstehsalat Birliyində, eləcə də “Neftqazelmitədqiqatlayihə” İnstitutunda UİBC çərçivəsində görülən işlərə dair silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə “Azneft” İstehsalat Birliyi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 7 , “Bulla dəniz” yatağındakı 6, “Qərbi Abşeron” yatağındakı 54 nömrəli özüllərin tikintisi hərtərəfli qiymətləndirilmiş, Birliyin qarşısında duran yeni iri layihələr və bu layihələrin icrasına hazırlıq səviyyəsi müzakirə olunmuşdur. Bu tip işgüzar görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

More