Xəbərlər arxivi

28 Sentyabr 2017

SOCAR-ın Elm Fondu qrant müsabiqəsi elan edir

+

SOCAR-ın Elm Fondu fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir. Müsabiqəyə yer, texnika və kimya elmlərini əhatə edən layihələr təqdim oluna bilər. Neft-qaz yataqlarının neftveriminin artırılması, quyularda parafin, qətran, asfalten və qum çökmə problemləri, neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi, quruda və dənizdəki neft-qaz obyektlərinin monitorinqində müasir robot texnikasından istifadə, neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıqlar yaradılması, neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri, hasilatın optimallaşdırılmasında kompüter proqram təminatının və informasiya texnologiyalarının tətbiqi, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi, kiçik dərinliklər geofizikasının geoloji və arxeoloji aspektləri, həmçinin neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit mövzularında elmi layihələrə üstünlük veriləcəkdir. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələrini, xüsusi layihələri və gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat”la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi tədqiqat layihələrini əhatə edən nominasiyalar üzrə keçirilir. Fundamental və tətbiqi xarakterli kiçik həcmli layihələr üçün 50 min manata qədər, orta həcmli layihələr üçün 50 mindən 100 min manata qədər, böyük həcmli layihələr üçün isə 100 mindən 200 min manata qədər maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur. Xüsusi layihələr kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş vəsait həcmində maliyyələşdirilir. Bu layihələrin predmetini Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi, xarici elmi tədbirlərdə iştirak etmə, xarici ölkələrin birində doktorantura xətti üzrə təhsil alma və ya stajkeçmə təşkil edir. “Həvəsləndirici mükafat” nominasiyası üzrə birinci yer üçün 10 (on) min manat, ikinci yer üçün hər biri 5 (beş) min manat məbləğində olan iki mükafat, üçüncü yer üçün isə hər biri 3 (üç) min manat məbləğində olan üç mükafat veriləcəkdir. Müsabiqədə AMEA-nın əməkdaşları və ya onlarla birgə layihədə çalışan SOCAR təmsilçiləri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən layihə rəhbərləri imzaladıqları ərizəni və əlavə olunan digər sənədləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 508.) şəxsən təqdim etməlidirlər. Layihələr 1 noyabr 2017-ci il tarixinədək həftə içi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün AMEA-nın Elm və Təhsil İdarəsinə (tel.: 492-84-48; e-mail: eti@science.az) müraciət etmək olar. Elm Fondunun İdarə Heyətinin (İH) və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər. Layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqəyə qatıla bilər. Bu zaman yalnız bir nominasiya üzrə layihəyə rəhbərlik, ikinci layihədə isə icraçı qismində müsabiqədə iştirak etmək mümkündür. Layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır. Bir layihə üzrə iştirakçıların ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Layihə iştirakçılarının sayı yalnız Fondun İH-nin qərarı ilə artırıla bilər. Müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda, digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə, layihələr yuxarıda qeyd olunan vaxtdan sonra təqdim edildikdə və tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmadıqda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul edilmir. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır. Bütün layihələr bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır. Ərizəyə layihənin məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən ümumi məlumatlar, xərclər smetası, layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat, eləcə də layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış kimi sənədlər ərizəyə əlavə edilir. Ərizə və məlumat formalarının nümunələrini AMEA-nın www.science.az və SOCAR-ın www.socar.az ( http://socar.az/socar/az/research-and-development/science-fund/anounse) saytlarından əldə etmək olar. Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən olunmalıdır. Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün Elm Fondunun İdarə Heyətinə təqdim edir.

28 Sentyabr 2017

“Neft Daşları” yatağında yeni quyu istismara verilmişdir

+

“Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2663 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1090-1086 metr intervaldan sutkalıq 10 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.