Xəbərlər arxivi

26 Sentyabr 2017

Layihələrin İdarəedilməsi Məktəbinin növbəti təlimi baş tutmuşdur

+

Bakı Ali Neft Məktəbində təşkil edilən Layihə İdarəetmə Məktəbinin II qrupun birinci modulunu yüksək imtahan nəticələri ilə başa vuran tələbələrinə sertifikatlar təqdim olunmuşdur. BANM-nin rektoru Elmar Qasımov hər bir iştirakçını yüksək nəticə əldə etməsi münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.

“Cədvəl və xərclərə nəzarət” modulunda iştirakçılara layihələrin planlaşdırılması və nəzarəti üçün lazım olan bacarıqlar aşılanmış, xərclərlə bağlı hesablama, proqnozlaşdırma, smeta tutma, monitorinq, təhlil metodları göstərilmişdir. Təlimi bank, informasiya texnologiyaları, inşaat və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malik olan Con Pelham aparmışdır.

Layihə İdarəetmə Məktəbinin iştirakçıları sırasına SOCAR, BP, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Sığorta”ASC və digər şirkətlərin nümayəndələri daxildir. “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən tədris proqramı 7 moduldan ibarətdir. Yekunda iştirakçılara Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatının verilməsi nəzərdə tutulur. Hazırda BANM-nin ən uğurlu layihələrindən biri olan Layihə İdarəetmə Məktəbinin növbəti qruplarına qeydiyyat aparılır.

26 Sentyabr 2017

SOCAR Midstream Operations mütəxəssisləri Gürcüstan ərazisindəki ölçü qovşağı və kompressor stansiyalarında olmuşlar

+

SOCAR Midstream Operations şirkətinin mütəxəssisləri sentyabrın 21-22-də Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin Gürcüstan ərazisində yerləşən 81 saylı Ölçü Qovşağı və 77 saylı Kompressor Stansiyasına səfər etmişlər. Səfər zamanı müəyyən edilmişdir ki, 81 saylı sahənin tikintisi üzrə 99,8% yüksək inkişaf göstəricisi əldə olunmuşdur. Bildirilmişdir ki, oktyabrın 1-dən sahə mexanki olaraq tamamlandıqdan sonra işəsalma və istismar qrupuna təhvil veriləcəkdir. Mütəxəssislərin qaldırdığı bütün suallara BP və podratçıları tərəfindən ətraflı cavab verilmişdir. BP nümayəndələri bildirmişlər ki, TANAP Boru Kəmərinin ilkin qazla doldurulması üçün nəzərdə tutulan 81 saylı sahənin tikinti və sazlanmasında heç bir gecikmə yoxdur və cari ilin sonunda 81 saylı Ölçü Stansiyası tam şəkildə istismara hazır olacaqdır.

77 saylı Kompressor Stansiyasında da işlərin yüksək templə davam etdiyi və bu ilin sentyabrına kimi 77% yüksək göstəricinin əldə edildiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, stansiyanın əsas boru kəmərinə qoşulması üçün nəzərdə tutulan işlər 2018-ci ilə planlaşdırılır. Sahəyə baxış zamanı tikinti və quraşdırma işlərində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunması müşahidə edilmişdir.