Xəbərlər arxivi

25 Sentyabr 2017

“Ümumdünya Dəniz günü”nə həsr olunmuş aksiya keçirilmişdir

+

Sentyabrın 25-də SOCAR-ın Ekologiya İdarəsi “Bibiheybətneft” NQÇİ ilə birlikdə “Ümumdünya Dəniz Günü” və “Biz dünyanı təmizləyirik” həftəsinə həsr olunmuş maarifləndirici aksiya keçirmişlər. Əvvəlcə Ekologiya İdarəsinin əməkdaşları “Ümumdünya Dəniz Günü” və “Biz dünyanı təmizləyirik” həftəsi haqqında məlumat vermişlər. Sonra aksiya çərçivəsində Xəzərin sahil ərazilərində təmizlik işləri aparılmışdır. Tədbir zamanı toplanılan zibil çeşidlənərək qablaşdırılmış və müvafiq qaydada ərazidən kənarlaşdırılmışdır.

Qeyd edək ki, Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 1977-ci ilin noyabrında keçirilmiş 10-cu sessiyasının qərarına əsasən, “Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd olunur. Azərbaycanda sentyabr ayının son həftəsinə təsadüf edən bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb olunur.

25 Sentyabr 2017

Bakı Ali Neft Məktəbinin 18 məzunu “Azneft” İB-də işlə təmin edildi

+

Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil almış 18 məzun SOCAR-ın “Azneft” İstehsalat Birliyində peşə fəaliyyətinə başlamışdır. Yeni işçilərin təqdimatı ilə əlaqədar olaraq Birlikdə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri Bəhram Hüseynov və Yaşar Lətifov, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, BANM-nin rektoru Elmar Qasımov iştirak etmişlər. Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov şirkətin qarşıdakı illərdə həyata keçirəcəyi layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu vurğulamışdır. Yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov BANM-in ilk məzunlarına peşə fəaliyyətlərində uğurlar arzulamış, əmin olduğunu bıdirmişdir ki, böyük potensiala və imkanlara malik məzunlar gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi yetişəcəklər. BANM-nin rektoru Elmar Qasımov qeyd etmişdir ki, hazırda BANM-in ilk məzunlarından 30 nəfəri PETKİM və STAR zavodlarında, 7 nəfər BP şirkətində, digərləri isə Maire Technimont Group, Halliburton və başqa transmilli şirkətlərdə işlə təmin olunmuşdur. “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov çıxışında bildirmişdir ki, BANM böyük nüfuza malik olan ali təhsil müəssisələrindən biridir. Məktəbin tələbələri Birlikdə təcrübə keçərkən özlərini fəal və aktiv göstərmişlər. Hazırda İstehsalat Birliyində çalışan BANM-in məzunlarından Aytəkin Qasımova və Roman Rəhimli SOCAR rəhbərliyinə, “Azneft” İB-nə və sevimli müəllimlərə minnətdarlıqlarını bildirmişlər. Sonda gənc mühəndislərə “Azneft” İB-nin vəsiqələri təqdim olunmuşdur.

25 Sentyabr 2017

SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olmuşlar

+

SOCAR Midstream Operations MMC tərəfindən idarə və istismar olunan “AzTAP GmbH” şirkətinin nümayəndələri “TAP AG” Direktorlar Şurasının iclasında iştirak etmişlər. Daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniyaya (Yunanıstana) səfər etmiş, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirmiş, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə etmişlər. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunmuşdur. Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52.8% və ümumilikdə isə 57% təşkil edir.