Xəbərlər arxivi

22 Sentyabr 2017

“Günəşli” yatağındakı 115 nömrəli quyu istismara qaytarılıb

+

Neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də fəaliyyətsiz fondda olan quyuların istismara qaytarılmasıdır. “Azneft” İstehsalat Birliyi bu sahədə fəaliyyətini uğurla davam etdirir. Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 115 nömrəli quyu əsaslı işlərdən sonra istismara qaytarılıb. Məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul vermiş quyu 2291-2234 metr intervaldan gündəlik 190000 kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Ümumiyyətlə, cari ilin əvvəlindən “Günəşli” yatağındakı fəaliyyətsiz fondda olan 45 quyu gərgin araşdırma və əməliyyatlardan sonra istismara daxil edilib. Bu quyulardan cari ilin yanvar-avqust ayları ərzində ümumilikdə 125,6 milyon kubmetr qaz və 167,6 min ton neft hasil edilib.







22 Sentyabr 2017

TOTAL şirkəti SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil etmişdir

+

Bu günlərdə Fransanın TOTAL şirkətinin mütəxəssisləri SOCAR-da 25 nəfərlik mütəxəssis heyəti üçün təlim-seminarlar keçirmiş, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmışlar. Beş gün davam edən seminarda təlim və inkişaf sahəsi üzrə təlim ehtiyaclarının təhlili, təlim büdcəsinin işlənməsi, təlimlərin effektivliyinin ölçülməsi, kouçinq və mentorluq proqramları, elektron təlimlər və digər məsələlər, işə qəbul sahəsi üzrə müsahibə bacarıqları, davraşın səriştəsinin düzgün qiymətləndirilməsi, işə qəbulun planlaşdırılması, əmək bazarının araşdırılması və digər məsələlər, karyera planlaması sahəsi üzrə səriştələrin qiymətləndirilməsi, performansın qiymətləndirilməsi zamanı yol verilən xətalar, istedadların idarə edilməsi, karyera inkişafı, mükafatlandırma, iş analizi, insan resursları sahəsi üzrə müxtəlif qiymətləndirmə üsullarının tətbiqi və s. mövzular müzakirə edilmiş, TOTAL şirkətinin təcrübəsi öyrənilmişdir. Təlim-seminarları TOTAL-ın Filiallara dəstək və inkişaf departamentinin rəhbəri Jose Mesa, Avropa və Mərkəzi Asiya regionu üzrə İnsan resursları biznes partnyoru Svetlana Buşmarinova və TOTAL-ın Azərbaycandakı nümayəndəliyinin İnsan Resurları üzrə meneceri Südabə Xəlilova aparmışlar. SOCAR-ın Kadr, rejim və informasiya texnoligiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov onlarla görüş keçirmişdir. Görüşdə Fransa və Azərbaycan arasındakı elm, təlim, tədris və İR sahəsindəki əməkdaşlıq müzakirə edilmiş, xüsusilə TOTAL və SOCAR-ın birgə həyata keçirdiyi Təqaüd proqramının uğurlu nəticələri qeyd edilmişdir. Bildirilmişdir ki, 2008-ci ildən bu günədək TOTAL və SOCAR əməkdaşlığı çərçivəsində 28 nəfər azərbaycanlı gənc Fransada təhsil alıb vətənə qayıtmışdır.

22 Sentyabr 2017

BANM-nin tələbələri beynəlxalq forumda iştirak etmişlər

+

Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə III və IV kursunda təhsil alan tələbələri -Orxan Xankişiyev, Fərdin Vətəni və Elmir Əbilov Rusiyanın İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin Neft Mühəndisləri Cəmiyyəti tərəfindən təşkil olunmuş Tələbələrin II Beynəlxalq Forumunda iştirak etmişlər. “Yeni nəsil: kainatı birləşdirək” adlı forumda 55 ölkədən 100-dən artıq tələbə və xarici neft-qaz şirkətlərində çalışan gənc mütəxəssis qatılmışdır. BANM-nin tələbələri forumda neft-qaz ekspertləri və əcnəbi tələbələrlə şəxsi bilik və bacarıqlarını bölüşmüş, Azərbaycanı və BANM-i layiqincə təmsil etmişlər.

BANM-nin tələbələri “Enerji Transformasiyası: Gələcəyin xəritəsi”, “Smart Neft Sənayesi”, “İnsan Resursları-səmimi ünsiyyət” adlı plenar iclaslarda qabaqcıl ekspertlərin təqdimatlarını dinləmiş, 10-dan çox beynəlxalq enerji şirkətinin yer aldığı karyera sərgisində iştirak etmiş, Schlumberger şirkətinin mütəxəssisləri tərəfindən aparılan dərslərdə aktiv müzakirələr aparmışlar. Orxan Xankişiyev 50-dən çox ölkənin tələbə nümayəndələri ilə birlikdə “Beynəlxalq Neft-Qaz Mühəndisliyi Tələbələri İdarəedici Biriliyi”nin görüşündə iştirak etmiş, Fərdin Vətəni isə “Gubkin Talks” yarışında “Necə çempion olmalı” adlı təqdimatı ilə çıxış edərək sertifikata layiq görülmüşdür.