Xəbərlər arxivi

20 Sentyabr 2017

SOCAR-ın idarə və müəssisələrində “Neftçilər günü”nə həsr olunmuş tədbirlər keçirilib

+

20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə SOCAR-ın idarə və müəssisələrində tədbirlər keçirilmişdir. “Azneft” İstehsalat Birliyində keçirilmiş tədbirdə Birliyin Baş direktoru Daşqın İskəndərov və digər rəhbər işçilər, müəssisələrin nümayəndələri ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Neftçilər günü” münasibəti ilə keçirilən tədbirdə müəssisənin və “BOS-Şelf” MMC-nin rəhbərliyi, zavod əməkçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, zavodun direktoru Roman Nağıyev əlamətdar gün münasibətilə kollektivin üzvlərinə xoş arzularını çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkəmizin qazandığı uğurlar ildən-ilə artır, beynəlxalq neft-qaz layihələri uğurla icra olunur. Bu günlərdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilərək yenidən tərtib olunmuş Sazişin imzalanması da ölkəmizin gələcək uğurlarından xəbər verir. “BOS-Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir neft-qaz siyasətinin nəticələrindən, əldə olunan uğurlardan danışmışdır. Qeyd olunmuşdur ki, bu günlərdə imzalanan yeni Saziş ölkə iqtisadiyyatının daha da dinamik inkişafı üçün yeni imkanlar yaradacaq.

Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilmiş “Neftçilər Günü” peşə bayramı Qaz Emalı Zavodunda əmək uğurları və bayram tədbirləri ilə qeyd edilmişdir. Əvvəlcə müəssisənin kollektivi ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstünün və Qarabağ uğrunda şəhid olan neftçilərin abidəsi önünə gül dəstələri qoymuş, onların əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Bayram münasibətilə ötən həftədən başlayan idman yarışlarının finalları keçirilmiş, qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılmış, xüsusi fərqlənmiş işçilərə Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur.

Bakı Ali Neft Məktəbində “Neftçilər günü”nə həsr olunmuş tədbirdə Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. BANM-nin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Azərbaycan neftçilərini, BANM-in professor-müəllim heyətini və əməkdaşlarını bayram münasibətilə təbrik etmişdir. O 14 sentyabr 2017-ci il tarixində ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisənin baş verdiyini, nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində yeni dövr başlandığını bildirmişdir. Daha sonra BANM-nin ingilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Azərbaycan neftini qələbəyə aparan tarixi yol” adlı məruzə ilə çıxış etmişdir. Tədbirin sonunda Azərbaycanın neft-qaz sənayesinin inkişaf yoluna həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Neftçilər günü”nə həsr olunmuş tədbirdə idarənin peşə-təlim mərkəzlərinin nümayəndələri iştirak etmişlər. İdarənin rəisi Fuad Süleymanov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının ölkəmizin parlaq inkişafına verdiyi töhfələrdən, SOCAR-ın həyata keçirdiyi qlobal layihələrdən danışmışdır. Tədbirdə SOCAR-ın Fəxri Fərmanlarına layiq görülən TTSİ-nin əməkdaşları Dünyamalı Pənahov və Fərid Babayevə Fəxri Fərmanlar təqdim olunmuşdur. Bundan başqa TTSİ-nin fəaliyyətində xüsusi əməyi ilə fərqlənən əməkdaşlara İdarənin Fəxri Fərmanları verilmişdir.

Peşə bayramı SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölşmə və Tullantıların İdarəolunması Departamentində də qeyd edilmişdir. Tədbirdə çıxış edən İdarənin rəisi Azər Əliyev “Neftçilər Günü” münasibəti ilə əməkdaşları təbrik etmişdir. O, qeyd etmişdir ki, İdarə tərəfindən SOCAR-ın fəaliyyət sahələrində aparılan neft-qaz əməliyyatlarında ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması, bioloji müxtəlifliyin qorunması, texnogen təsirlərin minimuma endirilməsi məqsədilə müasir standartlar səviyyəsində ekoloji xidmətlərin göstərilməsi bundan sonra da davam etdiriləcəkdir.

20 Sentyabr 2017

SOCAR-ın Baş ofisində Neftçilər Günü qeyd olunub

+

Sentyabrın 20-də SOCAR-ın Baş ofisində neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı, Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, eləcə də hər iki şirkətin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak etmişlər. Əvvəlcə SOCAR-ın fəaliyyətinə və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə bayramı günü münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Rövnəq Abdullayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə qazandırdığı uğurlardan, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində görülən işlərdən söz açmış, bu müqavilənin ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətindən danışmış, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmışdır. SOCAR prezidenti sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin əhəmiyyətini yüksək qiymətləndirmiş, bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır. SOCAR-ın prezidenti ölkə başçısı cənab İlham Əliyevin neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup neftçinin ali dövlət mükafatlarına layiq görməsinin çoxminli neftçilər ordusunun əməyinə göstərilən diqqət və qayğının təzahürü olduğunu söyləmiş, möhtərəm Prezidentə neftçilər adından təşəkkürünü bildirmişdir.

“BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətindən, SOCAR-la uğurlu əməkdaşlığından danışmış, bu əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini söyləmiş, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə imzalanan yeni sazişi hər iki şirkət arasındakı səmərəli əməkdaşlığın təzahürü kimi qiymətləndirmişdir.

Çoxminli neftçilər ordusunu Neftçilər günü münasibətilə təbrik edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə fədakar neftçi əməyini yüksək qiymətləndirmiş, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasında əvəzsiz xidmətlərindən danışmış, neftçilərin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini ifadə etmişdir.

Daha sonra 2016-cı ilin yekunlarına görə ilin ən yaxşısı nominasiyası üzrə qalib olan, eləcə də SOCAR-ın Fəxri fərmanı ilə təltif edilən qabaqcıl neftçilərə mükafatlar təqdim edilmişdir. Mükafat alanlar adından geoloq Zeynal Zeynalov və qazmaçı Süleyman Bayramov çıxış edərək əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

20 Sentyabr 2017

“Ümid” yatağındakı 10 saylı quyuda yüksək hasilat bərpa edilib

+

Bu günlərdə “Ümid” yatağındakı 10 saylı quyu yüksək hasilatla istismara qaytarılmışdır. 2012-ci ildə sutkalıq 750 min kubmetr qaz və 150 ton kondensatla işlənilməyə verilən 10 saylı quyuda son zamanlar hasilatın azalması xüsusi araşdırma aparılmasına zərurət yaratmış, nəticədə həm quyu içində, həm də quyuətrafı zonada bunun səbəbləri təyin edilmişdir. Yatağın işlənilməsini həyata keçirən “SOCAR-ÜMİD” MMC-nin Baş geoloqu İntiqam Bayramovun rəhbərliyi ilə quyunun turşu ilə işlənilməsi layihəsinin icrasına başlanılmışdır. Layihə uğurla başa çatdırılmış, quyu gündəlik 600 min kubmetr qaz və 110 ton kondensat hasilatı ilə istismara verilmişdir.

Hazırda, yataqdakı 10 və 14 saylı quyulardan ümumilikdə sutkada 1,5 milyon kubmetr qaz və 250 ton kondensat hasil edilir. İndiyədək “Ümid” yatağından 1 milyard 517 milyon kubmetr qaz və 237 min ton kondensat hasil edilib. Yatağın işlənilməsi uğurla davam etdirilir.

20 Sentyabr 2017

SOCAR-ın kollektivi fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini yad etmişdir

+

Sentyabrın 20-də Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” münasibəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri və çoxminli kollektivin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.