Xəbərlər arxivi

19 Sentyabr 2017

“Neft Daşları” nda yeni quyu istismara verilib

+

SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. Bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2584A nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2521-2515 metr intervaldan sutkalıq 15 ton neft və 2300 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

19 Sentyabr 2017

Bakı Ali Neft Məktəbi Yunanıstan Universiteti ilə əməkdaşlıq edir

+

Bakı Ali Neft Məktəbində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetinin (PUAS) Mühəndislik fakültəsinin professoru Panayotis Yannakopolus və Universitetin Erasmus proqramının koordinatoru Konstantinos-Stefanos Nikasla görüş keçirilmişdir. BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq əməkdaşlığın iki ali məktəb üçün əhəmiyyətini vurğulamışdır.

PUAS-ın nümayəndələri universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-lə əməkdaşlığa açıq olduqlarını bildirmişlər. Görüşdə birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi ilə bağlı məsələlər müzakirə edilmiş, tədris və elmi materialların mübadiləsi, magistratura səviyyəsində təhsil istiqamətində birgə tədbirlərin həyata keçirilməsi üçün danışıqlar aparılmışdır. Səfər çərçivəsində Yunanıstanlı qonaqlar BANM-in yeni kampusu və Bakının tarixi abidələri ilə tanış olacaqlar.

Xatırladaq ki, ötən ilin yaz semestri ərzində Erasmus + proqramı çərçivəsində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə V kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov PUAS-da təhsil alıblar. Cari ilin payız semestrində isə BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Rəmziyyə Qarazadə PUAS-da təhsil alacaq.