Xəbərlər arxivi

18 Sentyabr 2017

“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib

+

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “8 mart” yatağındakı 566 saylı stasionar dəniz özülündə əsaslı təmir işləri həyata keçirib. Özülün modernizasiyası və daha keyfiyyətli istismarını təmin etmək məqsədi ilə aparılan işlər zamanı 1 minik və 2 yanalma meydançası, 2 metal lövhə, 24 ədəd elektrik dirəyi və lafet lüləsi üçün 1 ədəd dor quraşdırılmış, 28 svay vurulmuş, 41,6 tonluq metal döşəmə və məhəccər çəpəri, həmçinin 7,4 tonluq piyada körpüsünün dayaq və döşəməsi əsaslı təmir edilmiş, işıqlandırma işləri görülmüşdür.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən özülün tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.

18 Sentyabr 2017

Goranboyun Boluslu kəndində yanacaqdoldurma məntəqəsi açıldı

+

Goranboy rayonu, Boluslu kəndi ərazisində ''SOCAR” brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir. Azərbaycan ərazisində sayca 25-ci olan YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət edəcək müasir avtomat sistemlər quraşdırılmışdır. “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışını həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılmışdır. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılmışdır.

YDM-in açılışında “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov iştirak etmiş, bildirmişdir ki, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən YDM şəbəkəsi genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 45 nəfər çalışır. Açılış mərasimində tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş müasir avadanlıqlarla tanış olublar.