Xəbərlər arxivi

15 Sentyabr 2017

TTSİ-nin Qobustan Regional Təlim Mərkəzində yeni tədris ilinin başlanması mərasimlə qeyd olunmuşdur

+

Sentyabrın 15-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan regional təlim mərkəzində yeni tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov İdarənin rolunu qeyd etmiş, bu il yüksək bal toplayaraq mərkəzə qəbul olunmuş şagirdləri təbrik etmiş, onların nəzəri və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli ruhlu layiqli kadrlar kimi yetişəcəklərinə əmin olduğunu söyləmişdir. Bildirilmişdir ki, şagirdlər gələcəkdə SOCAR ailəsinin üzvü olmaq üçün 10 aylıq müddətdən maksimum dərəcədə bəhrələnməlidirlər.

TTSİ-nin Qobustan Regional Təlim Mərkəzinin direktoru Nəzakət Məmmədova Mərkəzin fəaliyyəti barədə məlumat vermiş, bildirmişdir ki, 2013-cü ildən fəaliyyətə başlayan mərkəz 48 sinif otağından, inzibati otaqlardan və labaratoriyalardan ibarətdir. Bu dərs ilində 104 nəfər gənc 10 ixtisas üzrə 10 ay müddətinə təlim prosesinə çəlb olunmuşlar. Şagirdlərdən 24 nəfəri ali, 10 nəfəri orta ixtisas, 4 nəfəri isə peşə təhsillidir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən göndərilən, uşaq evlərində böyümüş orta təhsilli 4 nəfər gənc də bu tədris ilində təlim mərkəzində təhsil alacaqlar. Tədris müddətində onlar gündəlik isti yemək və yataqxana ilə təmin olunacaqlar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə neft-qaz hasilatı üzrə operator ixtisasına qəbul olmuş Cəmilə Əliyeva yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, təhsildə əldə etdikləri nailiyyətlərlə ölkəmizin iqtisadiyyatına töhfə verməyə çalışacağını bildirmişdir.

Tədbirdə çıxış edən Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, “Azneft” İB-nin baş direktorunun birinci müavini Balamirzə Ağarəhimov şagirdləri təbrik etmiş, peşəkar fəhlə kadrların hazırlanmasında göstərilən əməyə görə TTSİ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirmiş, gənclərə öz tövsiyələrini vermişlər.

15 Sentyabr 2017

Bakı Ali Neft Məktəbində “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində 2017/2018-ci tədris ilinin başlanması münasibəti ilə “Bilik günü”nə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Dövlət himni səsləndikdən sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlamış, 2017/2018-ci tədris ilində yüksək balla BANM-ə qəbul olunmuş gəncləri və onların valideynlərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmiş, məktəbin qısa zamanda əldə etdiyi uğurlar və perspektivlər haqqında danışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən I qrup üzrə 25 təqaüdçüdən 24 nəfərin məhz Bakı Ali Neft Məktəbinin tələbəsi olduğunu bildirən rektor bu il “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına minimal keçid balının (685) ölkə üzrə rekord göstərici olduğunu vurğulamışdır. Rektor I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbənin məhz bu ali təhsil müəssisəsini seçdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ali məktəbin ilk 102 məzunu SOCAR-da, SOCAR Polymer, SOCAR AQŞ, SOCAR Upstream kimi layihələrdə, Türkiyədə PETKİM və STAR zavodlarında, BP, Maire Technimont Group, Halliburton və digər transmilli şirkətlərdə işlə təmin olunmuş, eyni zamanda, BANM-in və dünyanın Stenford Universiteti, Colorado School of Mines (ABŞ), Hamburg-Harburg Texnik Universiteti, Friedrich-Alexander Erlangen Nürnberq Universiteti (Almaniya) kimi nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunmuşlar.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmiş, BANM-də təhsil alan gələcək yüksək ixtisaslı mühəndis kadrların Azərbaycan sənayesinin inkişafına dəyərli töhfə verəcəklərinə əmin olduğunu bildirmişdir. R.Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2017-cı ilin mayında istifadəyə verilmiş BANM-in yeni kampusunun cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” şüarının həyata keçirilməsinin əyani təzahürü olduğunu bildirmiş, ölkə başçısının etimadını layiqincə doğrultmaq üçün SOCAR kollektivinin əzmkarlıqla çalışdığını söyləmişdir. BANM-in qarşısında dünyanın yüksək reytinqli ali məktəbinə çevrilmək vəzifəsinin qoyulduğunu deyən SOCAR prezidenti bu işdə məktəbin professor-müəllim heyətinə uğurlar arzulamışdır.

BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz BANM kimi ali təhsil ocağı ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, bu məktəbdə yetişdirilən mühəndislərin Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdıqlarını demişdir.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məktəbə yeni qəbul olunmuş tələbələrə mühəndis kimi yetişməyin çətinliklərindən danışmış, onlara ağsaqqal neftçi kimi məsləhətlərini vermişdir.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev təhsil naziri Mikayıl Cabbarovun təbriklərini və xoş arzularını çatdırmış, tələbələrə təhsildə və gələcək karyeralarında uğurlar arzulamış, onların gələcəkdə Azərbaycanın yüksək ixtisaslı, peşəkar mühəndisləri olacağına əminliyini vurğulamışdır.

BANM-i “Kimya mühəndisliyi” ixtisası üzrə müvəffəqiyyətlə bitirən və hazırda BP şirkətində çalışan Əhməd Qələndərli ölkə Prezidentinə, SOCAR-ın rəhbərliyinə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərinə minnətdarlıq edərək, məktəbin məzunları adından SOCAR-ın prezidenti R. Abdullayevə xatirə hədiyyəsi bağışlamışdır. Tədbirdə 2017/2018-ci tədris ili üzrə qəbul imtahanında 700 bal toplayan tələbələr, onların valideynləri, bitirdikləri orta məktəblərin direktorları da çıxış etmişlər.

Sonda 2017/2018-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrə tələbə biletləri təqdim olunmuşdur.

15 Sentyabr 2017

H.Əliyev adına NEZ-in qurğularında təmir işləri aparılıb

+

Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа - 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrında qrafikə uyğun olaraq illik təmir işləri aparılıb. İlkin еmаl qurğusunun bir çox hissələri təmir edilmiş və ya yenisi ilə əvəzlənmiş, 2 ədəd nasos quraşdırılmışdır. Hazırda qurğu 650 m3/saat məhsuldarlıqla istismar olunur və texniki göstəricilər tələb olunan normalara uyğundur. Katalitik krekinq qurğusunda korroziyaya uğrayan hissələr dəyişdirilmişdir. Xüsusi əhəmiyyəti nəzərə alınaraq, 100-cü bölmədən su kondensatın təmizlənməsi bölməsinə qədər yeni kondensat xətti quraşdırılmış, hidro-təmizləmə bölməsində modernizasiya işləri aparılmışdır. Katalitik riforminq qurğusunda isə istismara yararsız hissələr təzələnmiş, qurğunun hidro-təmizləmə bölməsi yoxlanılmışdır. Bölmə üçün 2,5 ton yeni katalizator əlavə olunmuşdur ki, bu da alınan yanacağın keyfiyyət göstəricilərinə müsbət təsir göstərəcəkdir. Kokslaşdırma qurğusunda da cari təmir işləri görülmüş, xüsusilə buxarın alınması qazanında sferik hissə dəyişdirilmişdir. Qeyd edək ki, buxar qazanı reaktorlar bölməsindəki siyirtmələrin gövdəsinə buxarın verilməsini təmin edir.