Xəbərlər arxivi

14 Sentyabr 2017

SOCAR-da Statoil şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

+

Sentyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul etmişdir. Qonağı səmimi salamlayan Rövnəq Abdullayev SOCAR və Statoil arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açmış, Statoil-un “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan kimi qlobal əhəmiyyətli layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olduğunu vurğulamışdır. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2050-ci ilədək davam edəcək yeni müqavilənin imzalanmasını əlamətdar hadisə adlandıran R. Abdullayev yeni müqavilənin xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını bir daha sübut etdiyini və tərəfdaşlığı yeni müstəviyə qaldırdığını bildirmişdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Lars Kristian Baxer Statoil-un Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərdiyini və əməkdaşlığın uzadılmasına dair bu gün imzalanmış müqavilənin bu yubileyə ən yaxşı hədiyyə olduğunu qeyd etmişdir. Enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayan Baxer AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirmişdir. O, AÇG layihəsinin təmsil etdiyi şirkətin beynəlxalq fəaliyyətində hələ uzun illər mühüm yer tutacağına əminliyini ifadə etmişdir.

Görüşdə SOCAR və Statoil şirkətləri tərəfindən “Qarabağ” yatağı, “Əşrəfi” və “Dan ulduzu” perspektiv strukturlarının birgə işlənilməsi istiqamətində müzakirələr aparılmış, təkliflər dinlənilmiş, fikir mübadiləsi olmuşdur. Eyni zamanda şirkətlərin ətraf mühitin mühafizəsi, insan resurslarının inkişafı, o cümlədən neft-qaz mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə uğurlu müştərək tədbirlər həyata keçirdikləri qeyd olunmuşdur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri nəzərdən keçirilmişdir.

14 Sentyabr 2017

Mətbuat üçün açıqlama

+

14 sentyabr 2017-ci il

Azərbaycan hökuməti və tərəfdaşlar “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzaladılar

Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.

Saziş bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanmışdır.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.



Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunmuşdur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “Bu gün Azərbaycan üçün əlamətdar bir gündür. Bu gün bizə “Əsrin Müqaviləsi”nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulmuşdur. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə $33 miyard sərmayə qoyulmuş və 440 milyon ton neft hasil edilməklə ölkəmiz $125 milyarddan çox birbaşa mənfəət əldə etmişdir.

Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır.”

BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli: “Ötən 23 il ərzində “Əsrin Müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişmişdir. Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar.”

Redaktorlar üçün qeydlər:

• AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanmışdır. O vaxtdan bəri yatağın işlənməsinə təqribən $33 milyard sərmayə qoyulmuşdur.

• İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilmişdir. İndiyədək AÇG-dən təqribən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft hasil edilmiş və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınmışdır.

• AÇG-dən həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilmişdir.

• 2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 000 barel hasilat əldə edilmişdir.

• Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.