Xəbərlər arxivi

12 Sentyabr 2017

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılışı olmuşdur

+

Sentyabrın 12-də hər il “Neftçilər günü” ərəfəsində keçirilməsi artıq ənənə halını almış “Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi olmuşdur. Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya və dünya çempionları iştirak etmişlər. İlk olaraq Spartakiadanın iştirakçı komandaları stadiona çıxmış, yarışların baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport vermişdir. Sonra çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibəti ilə təbrik etmiş, bildirmişdir ki, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlamış, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənabları bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir. R.Abdullayev dövlətin idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz açmış, bildirmişdir ki, bu fəaliyyət “Neftçi İdman Klubu” vasitəsilə həyata keçirilir. Ölkəmizdəki idman klubları arasında “Neftçi” həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim neft, qaz və kimya sənayesinin işçiləri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır. Bildirilmişdir ki, Spartakiada iştirakçılarının sayı ilbəil artır. Neft zəhmətkeşlərinin builki idman yarışlarında 14 növ üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır. SOCAR prezidenti peşəkar idmançıların yetişdirilməsi sahəsində də “Neftçi İdman Klubu”nun rolundan, klubun yetirmələrinin ölkəmizin beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışmış, qeyd etmişdir ki, bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qalib adını qazanmasında klubun böyük rolu olmuşdur. Belə ki, əldə edilən 162 medaldan 59-nu ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçiləri qazandırmışlar. Çıxışının sonunda R.Abdullayev Spartakiada iştirakçılarını bir daha təbrik etmiş, yarışlarda onlara uğurlar arzulamışdır.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmişəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açmış, bildirmişlər ki, paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanmış, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunmuşdur.

Sonra idmançıların nümunəvi çıxışları olmuşdur.

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış etmişlər.

12 Sentyabr 2017

H.Əliyev adına NEZ-də yeni layihə həyata keçirilir

+

Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan “Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalmışdır. Sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədi ilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir. Bunun üçün istismarda olan mexaniki təmizləmə sahəsinin tutum və avadanlıqlarından istifadə etməklə yanaşı, reagentlərin saxlanılması və verilməsi üçün 3 ədəd çən, 1 ədəd qarışdırıcı, 2 ədəd su nasosu, hər bir reagentin verilməsi üçün dozalaşdırıcı nasoslar quraşdırılacaqdır.

Quraşdırma işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir.