Xəbərlər arxivi

7 Sentyabr 2017

2017-ci ilin avqust ayında həyata keçirilmiş qazma işləri

+

2017-ci ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10184 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin 10130 metri istismara, qalanı isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93646 metr qazma işi görülmüşdür ki, bunun da 87208 metri istismara, 6438 metri isə kəşfiyyata aid olmuşdur.

2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.

7 Sentyabr 2017

“Maire Tecnimont Group”un vitse-prezidenti Bakı Ali Neft Məktəbində olmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi və şirkətin Azərbaycan üzrə nümayəndəliyini həyata keçirən “KT-Kinetics Technology” şirkətinin rəhbəri Nikolo Heilpern ilə görüşmüşdür. Ali Məktəbin “Maire Tecnimont Group” ilə əməkdaşlığından söz açan rektor BANM tələbələrinin şirkətin təcrübə proqramlarında iştirakından danışmış, bu proqramların önəmini vurğulayaraq, yaradılan imkanlara görə tərəfdaş şirkətə təşəkkür etmişdir.

“Maire Tecnimont Group”un birinci vitse-prezidenti Canni Bardazzi bildirmişdir ki, əsas məqsədlərindən biri peşəkar səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaq olan şirkət, ikitərəfli əməkdaşlığın davamlı inkişafına diqqətlə yanaşır. O, həmçinin BANM-a mühazirə oxumaq niyyətində olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, təcrübə proqramı BANM və “Maire Tecnimont Group” arasında 2016-cı il oktyabrın 19-da imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir. 17 həftəlik proqram çərçivəsində tələbələr texniki biliklərə, real problemləri həll etmək, liderlik və kommunikasiya bacarığına yiyələnir, müqavilələrin idarəolunması ilə tanış olurlar. Cari ildə BANM-in məzunları Riyad Baxşiyev və Sənan İbrahimov “KT-Kinetics Technology” şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa vuraraq, həmin şirkətdən iş təklifi almışlar və hazırda BANM məzunları sözügedən şirkətdə çalışırlar.

7 Sentyabr 2017

“Ödənişli Yay Təcrübəsi” proqramı uğurla davam etdirilir

+

SOCAR 2010-cu ildən etibarən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, iqtisadiyyat və proqramçı ixtisasları üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Ödənişli Yay Təcrübəsi” proqramını həyata keçirir. Cari ildə proqrama 122 nəfər tələbə cəlb edilmişdir və proqram uğurla davam etdirilir. Bu günlərdə Baş ofisin İnsan Resursları Departamentinin əməkdaşları SOCAR-ın müəssisə və təşkilatlarında Ödənişli Yay Təcrübəsi proqramı üzrə təcrübə keçən tələblərlə görüşmüşlər. Görüşlər təcrübə rəhbərləri və təcrübəçilərlə fərdi və kollektiv şəkildə baş tutmuşdur. “Azneft” İstehsalat Birliyi, Heydər Əliyev adına Neft Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təcrübə keçən tələbələrlə görüşən Departament əməkdaşları onların iş şəraiti ilə tanış olmuşlar. Təcrübədən məmnun qalan tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən və iş şəraitindən razılıq bildirmiş, təhsillərini başa vurduqdan sonra karyeralarını məhz SOCAR-da davam etdirmək arzusunda olduqlarını vurğulamışlar. Proqram və iştirakçıların fəaliyyəti haqda fikirlərini bölüşən təcrübə rəhbərləri yay təcrübəsinə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını qeyd etmişlər. Sonda həm təcrübə proqramının iştirakçıları, həm də təcrübə rəhbərlərinin ödənişli yay təcrübəsi proqramı ilə bağlı rəy və təklifləri dinlənilmişdir.