Xəbərlər arxivi

29 Sentyabr 2017

N.Nərimanov adına NQÇİ-də 682 saylı estakadayanı meydança əsaslı təmir edilib

+

SOCAR istismar etdiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, estakada, meydança və özüllərin daha keyfiyyətli istismarının təmin edilməsi, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu günlərdə “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 682 saylı estakadayanı meydançada əsaslı təmir işləri həyata keçirib. Aparılan işlər zamanı meydançanın 7965 kvadrat metr sahəsində korroziyaya qarşı mühafizə tədbirləri görülmüş, eyni zamanda 16 şaquli və 6 maili svay, 28 ədəd anker vurulmuş, 6 ədəd metal lövhə və 4,8 tonluq məhəccər çəpəri quraşdırılmış, həmçinin əlavə işıqlandırma işləri həyata keçirilmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və obyekt istismara qəbul edilmişdir.

28 Sentyabr 2017

SOCAR-ın Elm Fondu qrant müsabiqəsi elan edir

+

SOCAR-ın Elm Fondu fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir. Müsabiqəyə yer, texnika və kimya elmlərini əhatə edən layihələr təqdim oluna bilər. Neft-qaz yataqlarının neftveriminin artırılması, quyularda parafin, qətran, asfalten və qum çökmə problemləri, neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi, quruda və dənizdəki neft-qaz obyektlərinin monitorinqində müasir robot texnikasından istifadə, neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıqlar yaradılması, neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri, hasilatın optimallaşdırılmasında kompüter proqram təminatının və informasiya texnologiyalarının tətbiqi, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi, kiçik dərinliklər geofizikasının geoloji və arxeoloji aspektləri, həmçinin neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit mövzularında elmi layihələrə üstünlük veriləcəkdir. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələrini, xüsusi layihələri və gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat”la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi tədqiqat layihələrini əhatə edən nominasiyalar üzrə keçirilir. Fundamental və tətbiqi xarakterli kiçik həcmli layihələr üçün 50 min manata qədər, orta həcmli layihələr üçün 50 mindən 100 min manata qədər, böyük həcmli layihələr üçün isə 100 mindən 200 min manata qədər maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur. Xüsusi layihələr kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş vəsait həcmində maliyyələşdirilir. Bu layihələrin predmetini Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi, xarici elmi tədbirlərdə iştirak etmə, xarici ölkələrin birində doktorantura xətti üzrə təhsil alma və ya stajkeçmə təşkil edir. “Həvəsləndirici mükafat” nominasiyası üzrə birinci yer üçün 10 (on) min manat, ikinci yer üçün hər biri 5 (beş) min manat məbləğində olan iki mükafat, üçüncü yer üçün isə hər biri 3 (üç) min manat məbləğində olan üç mükafat veriləcəkdir. Müsabiqədə AMEA-nın əməkdaşları və ya onlarla birgə layihədə çalışan SOCAR təmsilçiləri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən layihə rəhbərləri imzaladıqları ərizəni və əlavə olunan digər sənədləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı ş., İstiqlaliyyət küç., 30, otaq 508.) şəxsən təqdim etməlidirlər. Layihələr 1 noyabr 2017-ci il tarixinədək həftə içi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün AMEA-nın Elm və Təhsil İdarəsinə (tel.: 492-84-48; e-mail: eti@science.az) müraciət etmək olar. Elm Fondunun İdarə Heyətinin (İH) və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər. Layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqəyə qatıla bilər. Bu zaman yalnız bir nominasiya üzrə layihəyə rəhbərlik, ikinci layihədə isə icraçı qismində müsabiqədə iştirak etmək mümkündür. Layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır. Bir layihə üzrə iştirakçıların ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Layihə iştirakçılarının sayı yalnız Fondun İH-nin qərarı ilə artırıla bilər. Müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda, digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə, layihələr yuxarıda qeyd olunan vaxtdan sonra təqdim edildikdə və tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmadıqda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul edilmir. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır. Bütün layihələr bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır. Ərizəyə layihənin məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən ümumi məlumatlar, xərclər smetası, layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat, eləcə də layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış kimi sənədlər ərizəyə əlavə edilir. Ərizə və məlumat formalarının nümunələrini AMEA-nın www.science.az və SOCAR-ın www.socar.az ( http://socar.az/socar/az/research-and-development/science-fund/anounse) saytlarından əldə etmək olar. Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən olunmalıdır. Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün Elm Fondunun İdarə Heyətinə təqdim edir.

28 Sentyabr 2017

“Neft Daşları” yatağında yeni quyu istismara verilmişdir

+

“Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2663 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1090-1086 metr intervaldan sutkalıq 10 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.

27 Sentyabr 2017

N.Nərimanov adına NQÇİ-də qəzalı vəziyyətdə olan hidrotexniki qurğuların təmiri diqqət mərkəzindədir

+

“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakada, meydança və özüllərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı qəzalı vəziyyətdə olan 618 saylı estakadayanı meydançada aparılmış təmir-bərpa işləri nəticəsində buradakı 717 nömrəli quyu fəaliyyətsiz fonddan istismara qaytarılmışdır. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul vermiş, 4686-4669 metr intervaldan gündəlik 15 ton neft və 1800 kubmetr qaz hasilatı ilə istismara daxil edilmişdir.

Qeyd edək ki, hazırda 618 saylı estakadayanı meydançada ümumilikdə 3 quyu işlənilir. Bu quyulardan sutkada 37 ton neft və 7400 kubmetr qaz hasil olunur.

26 Sentyabr 2017

Layihələrin İdarəedilməsi Məktəbinin növbəti təlimi baş tutmuşdur

+

Bakı Ali Neft Məktəbində təşkil edilən Layihə İdarəetmə Məktəbinin II qrupun birinci modulunu yüksək imtahan nəticələri ilə başa vuran tələbələrinə sertifikatlar təqdim olunmuşdur. BANM-nin rektoru Elmar Qasımov hər bir iştirakçını yüksək nəticə əldə etməsi münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.

“Cədvəl və xərclərə nəzarət” modulunda iştirakçılara layihələrin planlaşdırılması və nəzarəti üçün lazım olan bacarıqlar aşılanmış, xərclərlə bağlı hesablama, proqnozlaşdırma, smeta tutma, monitorinq, təhlil metodları göstərilmişdir. Təlimi bank, informasiya texnologiyaları, inşaat və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malik olan Con Pelham aparmışdır.

Layihə İdarəetmə Məktəbinin iştirakçıları sırasına SOCAR, BP, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Sığorta”ASC və digər şirkətlərin nümayəndələri daxildir. “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən tədris proqramı 7 moduldan ibarətdir. Yekunda iştirakçılara Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatının verilməsi nəzərdə tutulur. Hazırda BANM-nin ən uğurlu layihələrindən biri olan Layihə İdarəetmə Məktəbinin növbəti qruplarına qeydiyyat aparılır.

26 Sentyabr 2017

SOCAR Midstream Operations mütəxəssisləri Gürcüstan ərazisindəki ölçü qovşağı və kompressor stansiyalarında olmuşlar

+

SOCAR Midstream Operations şirkətinin mütəxəssisləri sentyabrın 21-22-də Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin Gürcüstan ərazisində yerləşən 81 saylı Ölçü Qovşağı və 77 saylı Kompressor Stansiyasına səfər etmişlər. Səfər zamanı müəyyən edilmişdir ki, 81 saylı sahənin tikintisi üzrə 99,8% yüksək inkişaf göstəricisi əldə olunmuşdur. Bildirilmişdir ki, oktyabrın 1-dən sahə mexanki olaraq tamamlandıqdan sonra işəsalma və istismar qrupuna təhvil veriləcəkdir. Mütəxəssislərin qaldırdığı bütün suallara BP və podratçıları tərəfindən ətraflı cavab verilmişdir. BP nümayəndələri bildirmişlər ki, TANAP Boru Kəmərinin ilkin qazla doldurulması üçün nəzərdə tutulan 81 saylı sahənin tikinti və sazlanmasında heç bir gecikmə yoxdur və cari ilin sonunda 81 saylı Ölçü Stansiyası tam şəkildə istismara hazır olacaqdır.

77 saylı Kompressor Stansiyasında da işlərin yüksək templə davam etdiyi və bu ilin sentyabrına kimi 77% yüksək göstəricinin əldə edildiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, stansiyanın əsas boru kəmərinə qoşulması üçün nəzərdə tutulan işlər 2018-ci ilə planlaşdırılır. Sahəyə baxış zamanı tikinti və quraşdırma işlərində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunması müşahidə edilmişdir.

25 Sentyabr 2017

“Ümumdünya Dəniz günü”nə həsr olunmuş aksiya keçirilmişdir

+

Sentyabrın 25-də SOCAR-ın Ekologiya İdarəsi “Bibiheybətneft” NQÇİ ilə birlikdə “Ümumdünya Dəniz Günü” və “Biz dünyanı təmizləyirik” həftəsinə həsr olunmuş maarifləndirici aksiya keçirmişlər. Əvvəlcə Ekologiya İdarəsinin əməkdaşları “Ümumdünya Dəniz Günü” və “Biz dünyanı təmizləyirik” həftəsi haqqında məlumat vermişlər. Sonra aksiya çərçivəsində Xəzərin sahil ərazilərində təmizlik işləri aparılmışdır. Tədbir zamanı toplanılan zibil çeşidlənərək qablaşdırılmış və müvafiq qaydada ərazidən kənarlaşdırılmışdır.

Qeyd edək ki, Hökumətlərarası Dəniz Təşkilatı Assambleyasının 1977-ci ilin noyabrında keçirilmiş 10-cu sessiyasının qərarına əsasən, “Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd olunur. Azərbaycanda sentyabr ayının son həftəsinə təsadüf edən bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin mühafizəsinə cəlb olunur.

25 Sentyabr 2017

Bakı Ali Neft Məktəbinin 18 məzunu “Azneft” İB-də işlə təmin edildi

+

Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil almış 18 məzun SOCAR-ın “Azneft” İstehsalat Birliyində peşə fəaliyyətinə başlamışdır. Yeni işçilərin təqdimatı ilə əlaqədar olaraq Birlikdə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri Bəhram Hüseynov və Yaşar Lətifov, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, BANM-nin rektoru Elmar Qasımov iştirak etmişlər. Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov şirkətin qarşıdakı illərdə həyata keçirəcəyi layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu vurğulamışdır. Yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov BANM-in ilk məzunlarına peşə fəaliyyətlərində uğurlar arzulamış, əmin olduğunu bıdirmişdir ki, böyük potensiala və imkanlara malik məzunlar gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi yetişəcəklər. BANM-nin rektoru Elmar Qasımov qeyd etmişdir ki, hazırda BANM-in ilk məzunlarından 30 nəfəri PETKİM və STAR zavodlarında, 7 nəfər BP şirkətində, digərləri isə Maire Technimont Group, Halliburton və başqa transmilli şirkətlərdə işlə təmin olunmuşdur. “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov çıxışında bildirmişdir ki, BANM böyük nüfuza malik olan ali təhsil müəssisələrindən biridir. Məktəbin tələbələri Birlikdə təcrübə keçərkən özlərini fəal və aktiv göstərmişlər. Hazırda İstehsalat Birliyində çalışan BANM-in məzunlarından Aytəkin Qasımova və Roman Rəhimli SOCAR rəhbərliyinə, “Azneft” İB-nə və sevimli müəllimlərə minnətdarlıqlarını bildirmişlər. Sonda gənc mühəndislərə “Azneft” İB-nin vəsiqələri təqdim olunmuşdur.

25 Sentyabr 2017

SOCAR nümayəndələri TAP-ın tikinti ərazisində olmuşlar

+

SOCAR Midstream Operations MMC tərəfindən idarə və istismar olunan “AzTAP GmbH” şirkətinin nümayəndələri “TAP AG” Direktorlar Şurasının iclasında iştirak etmişlər. Daha sonra nümayəndələr TAP-ın tikinti ərazisinə daxil olan Qərbi Makedoniyaya (Yunanıstana) səfər etmiş, Pella bölgəsində kəmərin inşaat prosesinə baxış keçirmiş, avtomatlaşdırılmış qaynaq və boru kəmərinin xəndəyə endirilməsi işlərini müşahidə etmişlər. SOCAR təmsilçilərinin Mədəni İrs Tapıntısı sahəsinə də səfəri təşkil olunmuşdur. Qeyd edək ki, hazırda TAP layihəsinin Yunanıstan üzrə inkişafı 52.8% və ümumilikdə isə 57% təşkil edir.

22 Sentyabr 2017

“Günəşli” yatağındakı 115 nömrəli quyu istismara qaytarılıb

+

Neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də fəaliyyətsiz fondda olan quyuların istismara qaytarılmasıdır. “Azneft” İstehsalat Birliyi bu sahədə fəaliyyətini uğurla davam etdirir. Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 115 nömrəli quyu əsaslı işlərdən sonra istismara qaytarılıb. Məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul vermiş quyu 2291-2234 metr intervaldan gündəlik 190000 kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Ümumiyyətlə, cari ilin əvvəlindən “Günəşli” yatağındakı fəaliyyətsiz fondda olan 45 quyu gərgin araşdırma və əməliyyatlardan sonra istismara daxil edilib. Bu quyulardan cari ilin yanvar-avqust ayları ərzində ümumilikdə 125,6 milyon kubmetr qaz və 167,6 min ton neft hasil edilib.







More