Xəbərlər arxivi

29 Avqust 2017

“Neft Daşları”nda estakada əsaslı təmir olunub

+

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 606 və 1702 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.

255 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 106 ədəd svay vurulmuş, 44 ədəd rigel proqon, 35 ədəd metal ferma, 33 ədəd maili svay başlığı və 30 ədəd oturacaq quraşdırılmış, suüstü əlaqələr təmin edilmişdir. Obyektdə 265 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilmişdir. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.

28 Avqust 2017

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

+

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2665 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1375-1356 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.

24 Avqust 2017

SOCAR “Borjomi meşələrini birgə xilas edək” aksiyasında fəal iştirak edir

+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən Azərbaycanın müvafiq dövlət orqanları və biznes qurumları Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınları ilə mübarizədə fəal iştirak edirlər. SOCAR-in Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisələri də yanğının söndürülməsi məqsədi ilə qonşu ölkədə başlamış “Borjomi meşələrini xilas edək“ aksiyasına qoşulmuşlar. “SOCAR Georgia Petroleum” şirkəti Borjomi-Xaraqulsk qoruğunda baş vermiş təbii fəlakətlə mübarizə üçün 45 ton təyyarə yanacağı, 10 ton benzin və 10 ton dizel yanacağı ayırmışdır. “SOCAR Georgia Petroleum” kollektivi həmçinin gələcəkdə yanğın nəticəsində məhv olmuş meşələrin bərpasında iştirak edəcəyini, yanğın söndürüldükdən sonra 2 hektar ərazidə agacların əkilməsini öz üzərinə götürməyə hazır olduqlarını da bildirmişdir.

23 Avqust 2017

Gənc qazmaçılara sertifikatlar verilib

+

Kompleks Qazma İşləri Trestində “Haliburton” şirkətinin “Landmark Learning” kursunu müvəffəqiyyətlə bitirmiş gənc qazmaçılara sertifikatların təqdim olunması məqarimi keçirilib. Tədbirdə SOCAR-ın vitse-prezidentləri Yaşar Lətifov və Bəhram Hüseynov, Baş ofisin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “Azneft” İB-nin, Kompleks Qazma İşləri Trestinin, Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissənin nümayəndələri iştirak etmişlər.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Kompleks Qazma İşləri Trestinin neft-qaz sənayesinin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, yeni yataqların açılmasında, hasilatın artırılmasında qazma işlərinin vacibliyini vurğulamışdır. Tədbirdə “Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündən qazılması nəzərdə tutulan 330 nömrəli quyunun qazma proqramı müzakirə edilmişdir. Trestinin müdiri İskəndər Şirəli müasir tipli qazma qurğularının istehsalata tətbiqindən söz açmış, əldə olunmuş nailiyyətlərdə mütəxəssis hazırlığının əhəmiyyətini qeyd etmişdir. “Günəşli” yatağında 5 saylı Dərin Dəniz Özülündə əlavə olaraq qazılacaq 8 quyudan biribiri-330 nömrəli quyunun qazma proqramının müzakirəsində SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, qazma şöbəsinin rəisi Əliş Həsənov, həmçinin Trestin, “Azneft” İB-nin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun nümayəndələri qazmaya hazırlıq işləri, mümkün risklər və onların aradan qaldırılması yolları haqqında fikir və mülahizələrini bildirmişlər. Tədbirdə həmçinin, Kompleks Qazma İşləri Trestinin nəzdində yaradılmış Well Plan analitik layihə qrupunun fəaliyətindən söz açılmış, bildirilmişdir ki, qrup tərtib edilmiş iş planlarının istehsalatda icrasının monitorinqini və supervayzinqini uğurla həyata keçirir. Qrupda müasir qazma proqramlarına yiyələnmiş gənc mütəxəssislər çalışır ki, bu il onlardan 12 nəfəri “Landmark Learning” proqramını mənimsəmişdir. Sonda həmin gənc qazmaçılara “Landmak Learning” proqramını uğurla bitirdikləri haqda sertifikatlar təqdim olunmuşdur.

23 Avqust 2017

“Neft Daşları” nda yeni quyu istismara verilib

+

SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. Bu günlərdə “Neft Daşları” yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1610-1602 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

22 Avqust 2017

Təmiz hava aylığı çərçivəsində nəqliyyat vasitələri ekoloji müayinədən keçirilmişdir

+

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər planına uyğun olaraq hər il olduğu kimi 2017-ci ilin avqustunda da respublika ərazisində “Təmiz hava” aylığı keçirilir. Tədbirdə fəal iştirak edən SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzi Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq şirkət üzrə nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların miqdarının normalara uyğunluğunun yoxlanılması işlərini yerinə yetirir. İstismarda olan avtomobillərin yanacaq sistemləri tənzimlənir və daima saz vəziyyətdə saxlanılır. ''Təmiz hava'' aylığı çərçivəsində Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları avqustun 14-dən beş gün müddətində Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin Bakı və Sumqayıt şəhərlərində istismar olunan nəqliyyat vasitələrini və xüsusi texnikaları yerində ekoloji müayinədən keçirmişlər və müayinələrin nəticələri müsbət qiymətləndirilmişdir. SOCAR-ın balansında olan nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi işləri tərtib olunmuş qrafikə uyğun olaraq davam etdirilir.

22 Avqust 2017

“Palçıq pilpiləsi” yatağındakı 1883 saylı özül əsaslı təmirdən sonra istismara verilib

+

“Neft Daşları” NQÇİ-nin istismar etdiyi “Palçıq pilpiləsi” yatağındakı 1183 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 3 ədəd müxtəlif ölçülü metal lövhə, 18 ədəd oturacaq, suüstü əlaqələr, eləcə də 67,5 kvadrat metr sahəyə 15 ədəd dəmir-beton tava, 716,5 kvadrat metr sahəyə polad vərəqə quraşdırılmış, pilləkənlər və məhəccər çəpəri tikilmişdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.

21 Avqust 2017

SOCAR-ın prezidenti Rövnəq Abdullayev işçi səfərlə Sankt-Peterburqa getmişdir

+

Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olmuşdur. Görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilmiş, ətraflı fikri mübadilələri aparılmışdır. 

18 Avqust 2017

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

+

“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2621 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1436-1430 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.

18 Avqust 2017

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda olmuşdur

+

Avqustun 17-də SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olmuş, “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olmuşdur. SOCAR prezidentinə məlumat verilmişdir ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaqdır. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər planı SOCAR prezidentinə təqdim olunmuş, görüləcək işlərin təsnifatı müzakirə edilmişdir. Bildirilmişdir ki, “Etilen-polietilen” zavodunda “TECHNİP İTALY S.p.A.” şirkəti tərəfindən icrasına start verilmiş və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artırılacaq, “SOCAR-Polimer” layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı gücləndiriləcəkdir. Eyni zamanda texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. Kimyaçılarla görüşüb söhbət edən R.Abdullayev həyata keçirilən əsaslı təmir və modernləşdirmə işlərinin əhəmiyyətini vurğulayaraq, onlara uğurlar arzulamışdır.

Sonra SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin balansında olan “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.

More