Xəbərlər arxivi

28 Fevral 2017

BANM-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin orta-ixtisas proqramları üzrə rəhbəri Həsən Aslami ilə görüş keçirilmişdir

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Ali Məktəbin professor-müəllim heyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) orta-ixtisas proqramları üzrə rəhbəri Həsən Aslami ilə görüş keçirmişdir. Görüşdə BANM və Kabil Politexnik Universiteti arasında əməkdaşlığın qurulması müzakirə olunmuşdur. Tədbiri açan rektor Elmar Qasımov BANM-in ölkəmizdə öndə gedən ali təhsil ocağı olduğunu, bu məktəbdə qəbul imtahanlarında ən yüksək nəticəl göstərmiş tələbələrin təhsil aldığını qeyd etmişdir. Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, dünyanın bir çox ölkələrində neft-qaz sektorunda fəaliyyət göstərən beynəlxalq şirkətlər və ən nüfuzlu universitetləri ilə hərtərəfli əməkdaşlıq, BANM-in professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açmışdır. E.Qasımov bildirmişdir ki, Əfqanıstan universitetləri ilə Azərbaycanın ali məktəbi arasında əlaqələrin qurulması, eləcə də əfqan gənclərinin BANM-də təhsil almaq imkanları hər iki ölkənin maraqlarına cavab verir. Bu sahədə perspektiv imkanlar Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili ilə keçirilmiş görüşdə də müzakirə edilmişdir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin orta-ixtisas proqramları üzrə rəhbəri Həsən Aslami BANM-in zəngin təcrübəsi, burada tədris prosesinin təşkili, milli mütəxəssislər və ekspertlərin köməyi ilə neft-qaz sənayesi üçün yüksək səviyyəli mühəndislərin hazırlanmasını Kabil Politexnik Universiteti və Əfqanıstanın digər ali texniki məktəbləri üçün faydalı nümunə adlandırmış, qeyd etmişdir ki, işlərin tezliklə gerçəkləşməsi üçün BANM-in təklifləri haqqında Əfqanıstan Ali Təhsil Nazirliyi ilə müzakirələr aparılacaqdır.

28 Fevral 2017

“Pirallahı adası” yatağında yeni quyular qazılır

+

Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 2 quyunun qazma işlərini uğurla davam etdirir. 1140 nömrəli meydançada 1193 nömrəli quyunun layihə dərinliyi 895 metr, 1150 nömrəli meydançada 1160 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.

Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

27 Fevral 2017

SOCAR-ın gənc mütəxəssisləri Avropa Komissiyasının qrant müsabiqəsində qalib gəlmişlər

+

Bu günlərdə Avropa Komissiyası müsabiqə yolu ilə Avropa İttifaqının Ümumi Maraq Layihələri (PCI) siyahısına daxil etdiyi 149 enerji layihəsindən 18 layihəni seçərək bunların tədqiqat, müfəssəl layihələndirmə və tikinti işləri üçün Connecting European Facility (CEF) proqramı çərçivəsində ümumilikdə 444 milyon avro məbləğində qrant ayırmışdır. Sevindirici haldır ki, SOCAR-ın 4 əməkdaşı tərəfindən işlənmiş və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu tərəfindən təqdim edilmiş Yunanıstan ərazisində “Arxeoloji tədqiqatlar və tarixi abidələrin mühafizəsi məqsədilə qazıntılar” layihəsi də qaliblər sırasındadır. Bu layihəyə 14.018.347 milyon avro məbləğində qrant ayrılmışdır. SOCAR-ın gənc əməkdaşları tədqiqatın biznes planını və digər zəruri elementləri yüksək səviyyədə hazırlayaraq TAP layihəsi üçün mühüm olan bu qrantın alınmasında müstəsna rol oynamışlar. Onlar qrant sorğularının tərtib olunması, hər bir iş həcmi üzrə peşəkar biznes planının, xərc və mənfəət analizlərinin, iqtisadi əsaslandırmaların işlənməsi, iqtisadi modelləşdirmələr və s. məsələlərin öhdəsindən məharətlə gəlmişlər.

SOCAR-ın böyük uğura imza atmış əməkdaşları - Baş ofisdə İnvestorlarla Əlaqələr şöbəsinin rəisi Pərviz Babayev (qrupun rəhbəri), həmin şöbənin böyük mühəndisi Kamran Hüseynov, Marketinq və Biznesin İnkişafı şöbəsinin rəisi Emil Qasımlı və şöbənin böyük mühəndisi Əli Şahbazov artıq 5 ilə yaxındır ki, Avropa Komissiyasının Enerji qurumları ilə sıx əlaqədə çalışır və TANAP layihəsini PCI proqramı çərçivəsində Avropa İttifaqının Enerji Direktoratlığında, Avropanın Ötürücü Sistemlər Operatorlarının Şəbəkəsində, Enerji Tənzimləyicilərin Əməkdaşlığı üzrə Agentlikdə və digər qurumlarda uğurla təmsil və təşviq edirlər. SOCAR-ın bu ekspert qrupu 2014-2016-cı illər ərzində TANAP layihəsi üzrə olduqca mühüm tədqiqat işləri üçün Avropa İttifaqının CEF fondundan 10 milyon avrodan artıq vəsait cəlb etmişlər. Beləliklə, əməkdaşlarımızın peşəkar fəaliyyəti nəticəsində bu günədək TANAP və TAP layihələrinə qrant şəklində ümumilikdə 24.346.087 milyon avro həcmində vəsait cəlb olunmuşdur. Bununla da SOCAR üçün böyük məbləğdə vəsaitə qənaət edilmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Avropada bu cür qrantların ayrılması o qədər də asan başa gəlməyən prosesdir, çünki bu zaman yüksək keyfiyyətlə və Avropa İttifaqının müvafiq direktiv və qaydalarına uyğun şəkildə hazırlanmış sorğular müəyyən olunmuş meyarlar əsasında müstəqil ekspertlər tərəfindən qiymətləndirilir, seçilən məhdud siyahı bir neçə rəy mərhələsindən keçirilir, nəhayət yekun siyahı Avropa İttifaqının regional qrupa daxil olan üzv ölkələrinin rəyi ilə Avropa Komissiyasında təsdiq olunur.

SOCAR-ın gənc əməkdaşlarının nail olduqları bu uğur şirkətimiz üçün ikiqat əlamətdardır. Belə ki, onlardan 3 nəfəri SOCAR-ın Xarici Təqaüd Proqramının məzunlarıdır. Pərviz Babayev Avstriyanın Vyana İqtisad və Biznes Universitetində Energetika Menecmenti, Emil Qasımlı ABŞ-ın Luiziana Universitetində Biznesin İdarə olunması üzrə MBA təhsilini, Kamran Hüseynov isə Böyük Britaniyanın Qlazqo Universitetinin Biznesin İdarə olunması üzrə MBA təhsilini məhz SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində almışlar. Bu isə Xaricdə Təhsil üzrə Təqaüd Proqramının artıq SOCAR-a yalnız yüksək səviyyəli mütəxəssislər deyil, həm də böyük məbləğdə maliyyə gəlirləri qazandırmağa başladığını göstərir. Gənc mütəxəssislərimizi təbrik edirik!

27 Fevral 2017

H.Əliyev adına NEZ-in yenidənqurulması layihəsi çərçivəsində “sıfır zərər” günü qeyd edilmişdir

+

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsi çərçivəsində “sıfır zərər” (Zero Harm) günü qeyd edilmişdir. Layihənin PMC şirkəti “SOCAR-KBR”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri, zavod rəhbərliyi və yenidənqurma layihəsinə cəlb edilmiş mütəxəssislər iştirak etmişlər. Bildirilmişdir ki, zavodun yenidənqurması işlərini vahid mərkəzdən idarə etmək üçün SOCAR, H.Əliyev adına NEZ, SOCAR-KBR və KBR mütəxəssislərindən ibarət yaradılmış İnteqrasiya olunmuş İdarəetmə Komandası (Birgə Layihə Qrupu) tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Tətbiq edilən “sıfır zərər” fəlsəfəsinin əsas məqsədi məhz təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasıdır. Birgə Layihə Qrupunun fəaliyyətə başladığı gündən indiyədək ümumilikdə 450 000 adam/saat sərf edilmiş, bu müddət ərzində istehsalatın təhlükəsizliyi şəraitinə tam əməl olunmuşdur.

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov tədbirdə çıxış edərək “sıfır zərər” fəlsəfəsinin ilk gündən dəstəkləndiyini vurğulamış, kollektivə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, yenidənqurma layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əlieyev cənablarının iştirakı ilə NEZ-də Yeni Bitum Qurğusunun təməli atılmış, Bitum qurğusu üzrə Detallı Layihələndirmə, Satınalma və Tikintiyə Nəzarət müqaviləsi imzalanmış və işlərə start verilmişdir. Amec-Foster Viler/SOCAR-Foster Viler (AFV/SFV) şirkətləri ilə NEZ-in yenidənqurması üzrə İlkin Detallı Layihələndirmə (FEED) işləri yekunlaşmaq üzrədir. UOP, Axens, Poerner, Air Liquide, KT-Kinetics Technology şirkətləri ilə Layihələndirmə, Lisenziya və Zəmanət müqavilələri imzalanmış və müvafiq layihələndirmə işləri yekunlaşmışdır. Zavodun yeni baş planı hazırlanaraq razılaşdırılmışdır. Eyni zamanda, 2016-cı ilin avqust ayında zavodda mühüm təftiş, təmir və digər hazırlıq işləri həyata keçirilmişdir.

Tədbirin sonunda “sıfır zərər” fəlsəfəsinin tətbiqində fəallıq göstərmiş mütəxəssislər mükafatlandırılmışdır.

24 Fevral 2017

SOCAR-ın idarə və müəssisələrində Xocalı faciəsinin qurbanları yad edilmişdir

+

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar SOCAR-ın idarə və müəssisələrində silsilə tədbirlər keçirilir, soyqırım qurbanları böyük ehtiramla yad edilir. Fevralın 24-də SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Birliyin İdarəetmə aparatı, Etilen-polietilen zavodu, Təmir-tikinti İdarəsi və Karbamid zavodu əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimində tədbir iştirakçılarına 1992-ci il il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında geniş məlumat verilmişdir. Natiqlər vurğulamışlar ki, 1 mart 1994-cü ildə Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar Fərman imzalamış, Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə 26 fevral ''Xocalı soyqırımı günü'' elan olunmuşdur. Ümummilli lider Heydər Əliyevin ''Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır, bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir'' fikri Azərbaycan dövlətinin və xalqımızın bu dəhşətli faciəyə münasibətinin dəqiq ifadəsidir. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ''Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrində soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bu hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almamışdır. Anım mərasimində Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunmuşdur.

Bakı Ali Neft Məktəbində keçirilmiş tədbirdə soyqırım qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. BANM-in rektoru Elmar Qasımov bildirmişdir ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi aspektləri haqqında danışmış, bildirmişdir ki, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olmuşdur. Daha sonra BANM-in tələbələri “Xocalı tarixi və soyqırımın səbəbləri” və “Xocalı soyqırımının baş verməsi və nəticələri” mövzusunda çıxışlar etmişlər. Tədbirdə tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər səsləndirilmiş, sosial video çarx nümayiş olunmuşdur.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş anım mərasimini giriş sözü ilə QRTM-nin müdiri Nəzakət Məmmədova açaraq Xocalı faciəsi həqiqətlərini tədbir iştirakçılarının diqqətinə çatdırmişdır. Tədbirdə slaydlar nümayiş etdirilmiş, qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etməyə, Ali Baş Komandanın əmri ilə Lələtəpə kimi zirvələri fəth etməyə hər an hazırdır. Tədbirin sonunda QRTM-nin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa olunmuşdur.

“SOCAR PETROLEUM” QSC-nin kollektivi əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. “SOCAR PETROLEUM” QSC-nin konfrans zalında davam etdirilən toplantıda soyqırım qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən natiqlər bildirmişlər ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. “SOCAR PETROLEUM” QSC-nin əməkdaşları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılmasında əhəmiyyətindən ətraflı söz açmışlar.

24 Fevral 2017

“Günəşli” yatağında yeni quyu istismara verilmişdir

+

“Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 354 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Məhsuldar qat çöküntülərinin VI horizontunun 2578-2404 metr intervalından perforasiya olunan quyu, gündəlik 170 min kubmetr qaz və 2 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

23 Fevral 2017

2017-ci ildə “Abşeronneft” NQÇİ-də 40 yeni quyunun qazılması planlaşdırılır

+

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin aparıcı neft-qaz çıxarma idarələrindən biri olan “Abşeronneft” NQÇİ-nin kollektivi 2016-cı ildə son illərin illik rekord hasilat göstəricinə nail olmuşdur. Belə ki, NQÇİ-də ötən il ərzində proqnozda nəzərdə tutulan 313 min 900 tona qarşı 363 min 671 ton neft hasil edilmişdir (115,9 % ). NQÇİ-nin kollektivi bu tendensiyanı cari ildə də davam etdirmək niyyətindədir. İdarədə 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirədə çıxış edən “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov “Abşeronneft” NQÇİ-nin kollektivini əldə etdikləri uğura görə təbrik etmişdir. İdarənin rəisi Şahmar Hüseynov 2017-ci il ərzində planlaşdırılan işlər haqqında geniş məlumat vermiş, bildirilmişdir ki, hasilatın qorunub saxlanılması və artırılması istiqamətində bütün lazımi tədbirlər görüləcəkdir. NQÇİ-də 2017-ci ildə 40 yeni quyunun təhvil verilməsi planlaşdırılır, hazırda 8 quyu mənimsəmədədir. Cari ildə 12 quyunun yan lülə kəsilişi ilə qazılmasının planlaşdırıldığı, nəticədə 1808 ton əlavə neft alınmasının proqnozlaşdırıldığı bildirilmişdir. Hasilatın artırılması məqsədilə “Abşeronneft” NQÇİ-də bu il həmçinin mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikintisi istiqamətində genişmiqyaslı tədbirlərin görüləcəyi diqqətə çatdırılmışdır. Belə ki, 16 quyuluq 730 və 10 quyuluq 760 saylı stasionar dəniz özüllərinin tikintisi, 340, 570, 100, 250 stasionar dəniz özüllərinin və 50 saylı estakadayanı meydançanın əsaslı təmir edilməsi nəzərdə tutulur.

Müzakirələrdə 562-401 saylı meydançalar arası estakadadan imtina olunaraq texnoloji xətlərin suyun altından keçirilməsi qərarlaşdırılmış, 11 saylı baza meydança ilə 4 saylı özülün arasındakı estakadanın əsaslı təmir olunması, yeni xilasedici qayıqların, hasilatın artırılması üçün xüsusi dərinlik nasoslarının alınması üçün müvafiq göstərişlər verilmişdir. “Gürgan” və “Qərbi Abşeron” yataqlarının ehtiyat qalıqlarının yenidən qiymətləndirilməsinin həyata keçirilməsi razılaşdırılmışdır.

İdarənin aparıcı mütəxəssislərinin fikirlərini dinləyən “Azneft” İB-nin baş direktoru D.İskəndərov mövcud problemlərin aradan qaldırılması ilə bağlı göstərişlər vermişdir. Müşavirə iştirakçıları “Abşeronneft” NQÇİ tərəfindən Pirallahı adasında həyta keçirilmiş ekoloji tədbirlər, eləcə də tikintisi başa çatmaqda olan yeni neft yığım parkında görülən işlərlə yaxından tanış olmuşlar.

23 Fevral 2017

SOCAR Tower Amerika Mühəndislik Şirkətləri Şurasının “Milli Xüsusi Mükafat”ına layiq görülmüşdür

+

SOCAR-ın yeni inzibati binası - SOCAR Tower layihəsi bu il 50-ci ildönümünü qeyd edən Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsində “Milli Xüsusi Mükafat”a (National Recognition Award) layiq görülmüşdür. Bu, mühəndislik işində müstəsna nailiyyət əldə olunmasını nümayiş etdirən nüfuzlu mükafatlardandır. Qeyd edək ki, mükafatın rəsmi təqdimetmə mərasimi 2017-ci il aprelin 25-də Vaşinqtonda Washington Marriott Wardman Park otelində keçiriləcək. SOCAR Tower layihəsi üzrə məsul şəxslər və layihənin mühəndislik işlərini həyata keçirən şirkət Amerika Mühəndislik Şirkətləri Şurası tərəfindən həmin mərasimə dəvət olunmuşlar. Yüksək Mühəndislik Mükafatlandırması müsabiqəsinin 50-ci yubiley tədbirində SOCAR Tower layihəsi digər bütün qaliblərlə birlikdə təltif ediləcəkdir.

Xatırladaq ki, SOCAR-ın yeni inzabati binası - SOCAR Tower Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilmişdir. Tikinti işlərinə 2010-cu ildə başlanılmış, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlmişdir. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

23 Fevral 2017

BANM tələbələrini Yunanıstana göndərir

+

Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov cari ilin yaz semestrı ərzində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar. Səfər ərəfəsində BANM-in rektoru Elmar Qasımov tələbələr və onların valideynləri ilə görüşmüşdür. Rektor tələbələrə müvəffəqiyyət arzulayaraq bildirmişdir ki, Ali Məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etmək üçün dəstək verir. E.Qasımov Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsinin çox qürurverici hadisə olduğunu vurğulamışdır. O, Erasmus+ proqramı çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını, gələcəkdə əlaqələrin daha da genişləndiriləcəyini, tələbələrin sayının artırılacağını diqqətə çatdırmışdır. Rəhim Rəhimli və Məmməd Cəbrayılov tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildirmişlər. Görüşdə iştirak edən valideynlər böyük sevinc hissi keçirdiklərini söyləmiş, gənclərə uğurlar arzulamışlar.

22 Fevral 2017

“Neftqaztikinti” trestinin elektrik montyoru yıxılaraq dünyasını dəyişmişdir

+

Fevralın 22-də saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılmış, aldığı xəsarətdən keçinmişdir. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınmışdır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

More