Xəbərlər arxivi

31 Yanvar 2017

«Azərikimya»da Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirilmişdir

+

Yanvarın 31-də “Azərikimya” İstehsalat Birliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüş keçirilmişdir. Görüşdə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf tarixi, Birliyin istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri, həmçinin perspektiv layihələr haqqında ətraflı məlumat vermişdir. Görüşdə Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehferin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıta səfəri çərçivəsində enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında imzalanan sazişə də toxunulmuşdur.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Mixael Kindsqrab iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, neft-qaz və kimya sektoruna xüsusi önəm verildiyini qeyd etmiş, bu əməkdaşlığın Azərbaycan-Almaniya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Görüşdə həmçinin Sumqayıt Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik və özəl kimya müəssisələrinin yaradılmasında Almaniya şirkətlərinin və iş adamlarının öz investisiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılmışdır.

Daha sonra “Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilmişdir. Görüşdə səfiri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdir.

31 Yanvar 2017

Ekologiya İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında Əməkdaşlıq Sazişi imzalanmışdır

+

Ekoloji maarifləndirmə və təbliğat işlərində auditoriyanın genişləndirilməsi, keçirilən tədbirlərin daha sistemli, effektiv və davamlı təşkili zərurəti nəzərə alınaraq, SOCAR-ın Ekologiya İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında ekoloji maarifləndirmə sahəsində Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində müxtəlif layihələrin SOCAR-ın Ekologiya İdarəsi ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulur. Ekologiya İdarəsinin əməkdaşları həmçinin məktəbyanı sahələrin yaşıllaşdırılmasında, şagirdlərə seleksiya və calaqetmə vərdişlərinin aşılanmasında, canlı guşələrin və məktəb oranjeriyalarının yaradılmasında məktəblərə köməklik göstərəcəklər.

Qeyd edək ki, SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq Ekologiya İdarəsi gənclərin ekoloji təhsili və hazırlığının artırılması üçün müxtəlif olimpiadalar, intellektual müsabiqə və yarışmalar, ekskursiyalar, ekoloji maarifləndirməyə xidmət edən digər çoxsaylı tədbirlər keçirir.

31 Yanvar 2017

Zərdab-Şıxbağı-Qışlaq sahəsində çöl işləri aparılmışdır

+

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin Kəşfiyyatgeofizika İstehsalat Bölümü tərəfindən Yevlax-Ağcabədi neftli-qazlı rayonunun Zərdab-Şıxbağı-Qışlaq sahəsində seysmik, qravimetrik və maqnitometrik üsullarla tədqiqat işləri həyata keçirilmişdir. 178,5 kvadrat kilometrlik sahədə seysmik, 345 xətti kilometr həcmində qravimetrik və 345 xətti kilometr həcmində maqnitometrik çöl işləri aparılmış, əldə olunmuş materiallar emal və interpretasiya edilmişdir. İşlər ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla aparılmışdır.

Zərdab-Şıxbağı-Qışlaq sahəsində alınmış məlumatların kompleks təhlili əsasında ərazinin geoloji quruluşu dəqiqləşdirilmiş, sahənin neftlilik-qazlılığı proqnozlaşdırılmış, müxtəlif horizontlar üzrə struktur xəritələr qurulmuş, kəşfiyyat quyusunun qazılması üçün yerlər tövsiyyə edilmişdir.

31 Yanvar 2017

BANM-də “Schneider Electric” şirkəti ilə tədris mərkəzi qurulmuşdur

+

“Schneider Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində istehsalatda texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması məqsədi ilə müasir tipli Triconex Demo avtomatlaşdırılmış sistemini qurmuşdur. BANM-in yeni kampusunda “Schneider Electric” şirkəti ilə yaradılan tədris mərkəzində bu sistemdən istifadə etməklə həm BANM-in tələbələri, həm də SOCAR-ın mütəxəssisləri üçün təlim proqramları nəzərdə tutulub. Tədris mərkəzinin bu qurğu ilə təmin olunmasında məqsəd təlimlərin keçirilməsi ilə yanaşı, burada tədrisə texniki və elmi-metodik dəstəyin verilməsidir. Bu təlimlərdə iştirak gələcək mühəndislərə və neft şirkətinin işçilərinə Triconex Demo sistemi haqqında əsas biliklər əldə etməyə imkan verəcək. Mütəxəssislər mərkəzdə texnoloji proseslərin təhlükəsizliyinin avtomatlaşdırılması sahəsində ən müasir texnologiyalarla tanış olacaq və təhlükəsizlik texnikası sahəsində öz biliklərini artırmaq imkanı qazanacaqlar.

“Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Əmrah Təkdəmir bildirmişdir ki, Triconex Demo qəzalara avtomatlaşdırılmış nəzarət sistemi olaraq 30 ilə yaxın istismar müddətində qurğularda nasazlığın yaranmasının qarşısını alır.