Xəbərlər arxivi

30 Yanvar 2017

Bakı Ali Neft Məktəbində Meksika səfiri ilə görüş keçirilmişdir

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini və səfirliyin attaşesi Mario Fernandezlə görüşmüşdür. Rektor BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat vermiş, Məktəbdə görülən işlər və islahatlardan danışmışdır. Tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrə toxunan Elmar Qasımov BANM-in müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumlar ilə əməkdaşlığından ətraflı bəhs etmişdir.

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini səmimi qəbula görə təşəkkürünü bildirmiş, BANM ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkşafı üçün böyük perspektivlərin olduğunu söyləmişdir. İki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunan səfir Meksika Neft İnstitutu (Mexican İnstitute of Petroleum) ilə BANM arasında əməkdaşlığın mümkün perspektivlərini nəzərə çatdırmışdır.

Görüşdə, gələcək əməkdaşlıq, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq və BANM-də “Meksika günü”nün təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır.

30 Yanvar 2017

Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Yanvarın 31-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

30 Yanvar 2017

Neft Daşlarında İriləşdirilmiş Seperasiya Qurğusu tikiləcək

+

SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağında “Neftqaztikinti” Tresti tərəfindən yeni İriləşdirilmiş Seperasiya Qurğusu inşa olunacaq. 28 May adına NQÇİ-nin istismar edəcəyi nəzərdə tutulan bu qurğu yeni inşa olunacaq estakadayanı meydança üzərində yerləşdiriləcəkdir. Qurğunun texnoloji parametrlərinə fasiləsiz nəzarətin təmin edilməsi məqsədi ilə nəzarət ölçü cihazları, eyni zamanda avtomatika və yanğından mühafizə sistemləri, drenaj bloku, bütün digər zəruri texnoloji avadanlıqlar quraşdırılacaq, neft, qaz və texniki su xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcəkdir.

Qeyd edək ki, İriləşdirilmiş Seperasiya Qurğusu sutkada 13000 kubmetr neft, 3500 kubmetr suyu, həmçinin 100 000 kubmetrədək qazı qəbul etmək gücünə malik olacaqdır.