Xəbərlər arxivi

27 Yanvar 2017

BANM-də “Bərpaolunan enerji” mövzusunda seminar keçirilmişdir

+

Bakı Ali Neft Məktəbində “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda növbəti seminar keçirilmişdir. Seminarda dövlət orqanlarının, AMEA institutlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, bir sıra şirkətlərin nümayəndələri, o cümlədən müstəqil ekspertlər, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.

İclasda “Azalternativenerji” MMC-nin Bərpa Olunan Enerji Resurslarının Monitorinqi Mərkəzinin rəhbərinin müavini Rasim Məmmədovun “Azərbaycanda bərpaolunan enerji resurslarının monitorinqi” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi ölkə ərazisində bərpaolunan enerji resurslarının monitorinqini həyata keçirmək üçün 21 meteostansiyanın quraşdırıldığını və il ərzində radiasiyanın, temperaturun, rütubətin, küləyin sürətinin və sair parametrlərin ölçülməsi əsasında bərpaolunan enerji resurslarının qiymətləndirilməsinin nəticələrini açıqlamışdır. Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

27 Yanvar 2017

SOCAR-da Qeyri-Hökumət Təşkilatları rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair görüş keçirilmişdir

+

SOCAR-ın Baş Ofisində şirkətin kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə Qeyri-Hökumət Təşkilatları rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair görüş keçirilmişdir. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli tədbir iştirakçılarını salamlamış və 2016-cı il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış etmişdir. Təqdimatda SOCAR-ın tabeliyində olan idarə və müəssisələrdə təhsil, təlim və karyera imkanları, bu istiqamətdə həyata keçirilən layihələr, vətəndaşların qəbulu, işçilərlə əlaqələr və başqa sahələr üzrə statistik göstəriçilər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 2016-cı ildə əməkdaşların 5017 nəfəri başqa işə keçirilmiş, 1017 nəfəri isə işə yeni qəbul olunmuşdur. SOCAR üzrə Tarif-İxtisas Komissiyalarına 1630 nəfər müraciət etmiş, onlardan 1400-nün iddiası təmin olunmuşdur ki, bu da qəbul edilmiş ərizələrin 80 %-nin həll edilməsi deməkdir. SOCAR-da işə qəbul prosesinin mövcud əmək qanunvericiliyinə və şirkətdaxili standart və qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirildiyi, müsabiqələrin İRD tərəfindən təşkil edildiyi və aidiyyəti sahə mütəxəssislərinin iştirakı ilə aparıldığı qeyd olunmuş, məlumat verilmişdir ki, 2016-cı ildə SOCAR-da elan edilmiş 1244 vakansiya üzrə müraciət etmiş 72567 nəfərdən 642 nəfər işə qəbul olunmuş, 246 nəfər isə kadr ehtiyat bazasına alınmışdır. Bununla yanaşı İRD tərəfindən işçilər arasında mütəmadi olaraq məmnunluq sorğusu da keçirilir ki, bu yolla hər bir əməkdaş tərəfindən tutduğu vəzifənin qənaətbəxşliyi qiymətləndirilir. İl ərzində İRD tərəfindən motivasiya və effektivliyin artırılması məqsədi ilə həm işçilər, həm də təşkilat rəhbərləri üçün müvafiq kurslar təşkil olunub. Təqdimatda SOCAR-ın Xarici və Daxili Təqaüd Proqramları, Yay məktəbi, Ödənişli yay təcrübəsi proqramları, eləcə də neft sənayesi üçün peşəkar fəhlə kadrlarının hazırlanması üçün təlim mərkəzlərinin fəaliyyəti haqqında məlumat verilmişdir.

Toplantıda çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdə həyata keçirilən kadr siyasəti, müxtəlif layihələr barədə ətraflı məlumat vermiş, bildirmişdir ki, şirkət üçün insan faktoru mühüm amildir. X.Məmmədov bildrimişdir ki, SOCAR-ın qarşısına qoyulmuş hədəflərin dəf olunması üçün insan resurslarının idarə ediməsi sahəsində dəyişikliklərə ehtiyac var. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasın sosial-iqtisadi həyatında əvəzsiz xidmətləri olan SOCAR müntəzəm olaraq birgə fəaliyyət göstərdiyi beynəlxalq məsləhətçi şirkətlərlə insan resurslanının idarə edilməsi sahəsində proqramlar icra edir və bu da daha effektiv nəticələr əldə etmək, proseslərin şəffaflığını daha da artırmaq üçün əlavə imkanlar yaradır.

Görüşdə iştirak edən QHT rəhbərlərindən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov və başqaları çıxış edərək, SOCAR-ın həyata keçirdiyi layihə və proqramlardan söz açmış, vətəndaş cəmiyyəti ilə əlaqələrini müsbət qiymətləndirmiş, QHT ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflər vermişlər.

27 Yanvar 2017

“Günəşli” yatağındakı 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir

+

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul vermiş, 2798-2739 metr intervaldan sutkalıq 40 ton neft və 3500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.