Xəbərlər arxivi

26 Yanvar 2017

BANM rektoru Vyetnam Neft İnstitutunda olmuşdur

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Hanoy şəhərində keçirilmiş ilk iclasında iştirak etmişdir. Səfər çərçivəsində Elmar Qasımovun Vyetnam Neft İnstitutunda bir sıra görüşləri olmuşdur. İnstitutun rəhbəri, Elm və strategiya departamentinin baş meneceri və İqtisadi elmlər üzrə menecer yardımçısı ilə görüşlərdə E. Qasımov Bakı Ali Neft Məktəbində vyetnamlı tələbələrin təhsili üçün müvafiq imkanların olduğunu, yeni kampusda tələbələrin təhsili və sosial-mədəni inkişafı üçün hərtərəfli infrastrukturun yaradıldığını qeyd etmişdir. Vyetnam Təhsil və Təlim Nazirliyində görüşlər keçirmiş E. Qasımov BANM-da vyetnamlı tələbələrin təhsili ilə yanaşı, müvafiq sektorlarda çalışan mütəxəssislər üçün də təlim imkanlarının mövcud olduğunu söyləmişdir. Tərəflər arasında bu istiqamətdə konkret addımların atılması ilə bağlı razılıq əldə olunmuşdur.

Qeyd edək ki, səfər zamanı nümayəndə heyəti üzvlərinin Vyetnam Sosialist Respublikasının prezidenti Çan Dai Quanq ilə görüşü keçirilmiş, ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunmuşdur.

26 Yanvar 2017

SOCAR-da BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakasseti ilə görüş keçirilmişdir

+

SOCAR-ın Baş Ofisində ekologiya üzrə vitse-prezident xanım Rəfiqə Hüseynzadə ilə BMT İnkişaf Proqramının rezident nümayəndəsi cənab Alessandro Frakasseti arasında görüş keçirilmişdir. Görüşdə 26 fevral 2015-ci il tarixindən etibarən birgə həyata keçirililən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsinin bütün komponentləri üzrə məlumat verilmiş və hazırda layihə üzrə görülən işlərin icra vəziyyəti haqqında müzakirələr aparılmışdır. Söhbət əsnasında istehsalat zərurəti nəzərə alınaraq, “Tullantı Mərkəzi”ndə sözügedən layihə çərçivəsində quraşdırılan alternativ enerji mənbələrinin gücünün artırılması təklif olunmuşdur. Bununla yanaşı, gələcəkdə BMT-nin Azərbaycan Nümayəndəliyinin vasitəsilə Beynəlxalq İqlim Fondundan (GCF) qrant cəlb edilməsi məqsədilə aşağı təzyiqli səmt qazlarının azaldılması üzrə yeni layihə təklifinin hazırlanması barədə razılığa gəlinmişdir. Rəhbər komitənin növbəti görüşünün cari ilin fevral ayında keçirilməsi razılaşdırılmışdır.

26 Yanvar 2017

“Neft Daşları” yatağındakı 2585 nömrəli özüldə əlavə 10 quyu qazılacaq

+

SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə əlavə 10 quyunun qazılması üçün yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Dənizin 44 metr dərinliyində yerləşən özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaqdır. Korroziyaya qarşı mühafizə tədbirləri bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcəkdir. Yeni qazılacaq quyuların hər birindən sutkada 20 ton neft və 4500 kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, “Neft Daşları” NQÇİ tərəfindən hazırda 2585 nömrəli özüldə 16 quyu istismar edilir. Yeni obyektin cari ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur.