Xəbərlər arxivi

21 Yanvar 2017

SOCAR rəhbərliyi Davos Beynəlxalq İqtisadi Forumunda iştirak etmişdir

+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 16-19 yanvar tarixlərində İsveçrənin Davos Beynəlxalq İqtisadi Forumun işində iştirak etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov təmsil olunmuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Forum çərçivəsində keçirdiyi bir sıra görüşlərdə iştirak edən SOCAR rəhbərliyi eyni zamanda beynəlxalq enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP-nin icraçı direktoru Bob Dadli ilə yanvarın 17-də keçirilmiş görüşündə “Azəri-Çiraq-Günəşli” layihəsinin gələcək inkişafı, “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər, BP və SOCAR tərəfindən Azərbaycanda icra olunan birgə layihələrin perspektivləri, habelə dünya bazarında neftin qiymətinin inkişaf təmayülləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 18-də Səudiyyə Ərəbistanı Energetika, sənaye və təbii resurslar naziri Xalid Əl-Falih və Saudi Aramco şirkətinin icraçı direktoru Əmin Nasirlə görüşmüşdür. Görüşdə Səudiyyə tərəfi neft qiymətinin stabilləşməsinə yönələn müştərək tədbirlərdə Azərbaycan və SOCAR-ın göstərdiyi konstruktiv yanaşmaya görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmiş, bir sıra qarşıtərəfli investisiya layihəsindən söz açmış, Azərbaycanla enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd etmişdir.

SOCAR-ın rəhbərliyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Energetika üzrə vitse-prezidenti cənab Maroş Şevçoviç və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də iştirak etmişdir. Cənub Qaz Dəhlizinin reallaşmasında hazırkı vəziyyət və fevral ayında Bakıda keçirilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü toplantısı haqqında görüşdə ətraflı müzakirələr olmuşdur. Azərbaycan Respublikası ilə Avropa qurumları arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanmış, TANAP, TAP və İAP (İonik Adriatik Boru Kəməri) boru kəmərləri layihələrinin perspektivləri ətrafında da fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Statoil şirkətinin prezidenti və icraçı direktoru cənad Eldar Saertre və onun heyəti ilə görüşündə tərəflər “Azəri-Çiraq-Günəşli” layihəsinin inkişaf istiqamətləri, habelə “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” (KADU) və “Aypara” layihəsinə dair fikirlərini bölüşmüşlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukrayna Prezidenti cənab Petro Poroşenko və Ukraynanın nazirlər heyəti ilə görüşündə iki ölkə arasında ticarət dövriyyəsinin inkişafında SOCAR-ın rolu qeyd olunmuş, Ukrayna və İsveçrədə SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin yüksək standartları vurğulanmışdır. Ukraynanın neft emalı zavodlarının Azəri Layt markalı xam neftlə təchiz olunmağa başlanılmasını xatırladan Ukraynanın dövlət başçısı SOCAR-ı Ukraynada neftin nəqli və emalı sahəsində, o cümlədən neft emalı zavodları, limanlar və digər infrastruktur obyektlərində yeni investisiya imkanlarını nəzərdən keçirməyə dəvət etmişdir. Görüşdə ikitərəfli iqtisadi komissiyanın fəaliyyətindən danışılmış, qeyd olunmuşdur ki, müxtəlif layihələrin müzakirəsi və həyata keçirilməsi üçün hər iki tərəfdən yüksək səviyyəli heyətlərin qarşılıqlı səfərləri də mühüm önəm kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İraq Kürdistan Regional Hökümətinin başçısı cənab Məsud Barzani ilə görüşündə energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilmiş, İraq Kürdistan Regional Hökümətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduğu bildirilmiş, əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu göstərilmişdir.

SOCAR rəhbərliyi həmçinin Davos Beynəlxalq Forumu çərçivəsində dəyirmi masa müzakirələrinə qatılmış, ikitərəfli görüşlər keçirmiş, digər tədbirlərdə də təmsil olunmuşdur. SOCAR prezidenti R.Abdullayev BP-nin icraçı direktoru Bob Dadlinin vasitəçiliyi ilə böyük neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil olunmuş işgüzar nahar müzakirəsində fəal iştirak etmişdir. SOCAR rəhbərliyi Saudi Aramco neft şirkətinin prezidenti Əmin Nasir və vitse-prezidenti Əbdüləziz Əl-Cüdəymi ilə görüş keçirmiş, müxtəlif ölkə və layihələr çərçivəsində şirkətlər arasında əməkdaşlıq imkanlarını müzakirə etmiş, dünyada neftin qiymətinin optimallaşdırılmasına yönələn OPEC və qeyri-OPEC ölkələrin əməkdaşlığı çərçivəsində gələcək müştərək tədbirlərin çərçivələri barədə razılıq əldə etmişlər.

SOCAR prezidenti R.Abdullayev və vitde-prezidenti E.Nəsirov “Əl-Dabbağ” şirkətlər qrupunun icraçı direktoru, Səudiyyə Ərəbistan Krallığının sabiq Kənd təsərrüfatı naziri cənab Əmr Abdulla Əl Dabbağla, ABŞ-ın APCO şirkətinin icraçı direktoru xanım Margeri Krausla görüşmüş, əməkdaşlıq və investisiya imkanları haqqında müzakirələr aparmışlar.

SOCAR rəhbərliyi ilə Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı cənab Günter Ötinger və onun ofisin rəhbəri cənab Mixael Hager arasında keçirilmiş görüşdə müzakirələr Cənub Qaz Dəhlizinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və s. mövzular ətrafında aparılmışdır. G. Ötinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirmişdir.

SOCAR-ın prezidenti R. Abdullayev Davos səfəri çərçivəsində Goldman Sachs International şirkətinin rəhbəri Riçard Con Qnoddenin dəvəti ilə işgüzar axşam yeməyində də iştirak etmiş, buraya dəvət olunmuş enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir.