Xəbərlər arxivi

19 Yanvar 2017

Neft Daşlarında 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi istismara verilmişdir

+

SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən “Neft Daşları” yatağında inşa olunan 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi (İNYM) istismara verilmişdir. “Neft Daşları” NQÇİ-nin köhnəlmiş separasiya qurğularının yeniləri ilə əvəz edilməsi, eləcə də Xəzər dənizinin neft məhsullarından çirklənməsinin qarşısının alınması üçün neft və lay sularının yığılması və utilizasiyası sistemlərinin yaradılması məqsədi ilə tikilən yeni İNYM-nin inşaat işləri beynəlxalq standartlara uyğun yerinə yetirilimişdir. Məntəqənin meydança hissəsi 10 ədəd dayaq blokundan, 9 ədəd aralıq seksiyasından, həmçinin 7 ədəd minik və yanalma meydançasından ibarətdir. Meydançanın üst hissəsində 4 ədəd 370 kubmetrlik çökdürücü, mədənlərdən gələn neftin ilkin yığımı üçün 4 ədəd 10 kubmetrlik neft tutumu, təmizlənmiş neft üçün 2 ədəd 200 kubmetrlik çən, lay suyu üçün 2 ədəd 1000 kubmetrlik çən inşa edilmişdir. Çökdürücülər üçün “çiləmə soyutma sistemi” və köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, həmçinin, drenaj bloku, bioloji təmizləmə qurğusu və digər texnoloji avadanlıqlar quraşdırılmış, müxtəlif diametrli və təyinatlı boru xətləri çəkilmişdir. İNYM müasir tələblərə cavab verən bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur. Qeyd edək ki, 2A saylı İNYM sutkada 2500 kubmetr neft, 3250 kubmetr lay suyunu ayırmaq gücünə malikdir.

19 Yanvar 2017

SOCAR-ın idarə və müəssisələrində 20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

+

Azərbaycan xalqının qəhrəmanlıq tarixinin unudulmaz səhifəsi olan 20 yanvar ümumxalq hüzn gününün 27-ci ildönümü ilə əlaqədar bütün ölkədə olduğu kimi SOCAR-ın idarə və müəssisələrində də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, silsilə tədbirlər keçirilir. “Azneft” İstehsalat Birliyində keçirilmiş anım tədbirində Baş direktor Daşqın İskəndərov Sovet rejiminin Azərbaycana qarşı yönəlmiş hərbi-siyasi təcavüz aktı olan 20 Yanvar faciəsi haqqında məlumat vermiş, təpədən dırnağadək silahlanmış sovet ordusuna qarşı qəhrəmanlıq dastanı yazan xalqımızın azadlıq əzmindən danışmışdır. O, 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə milli birlik və özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq rəmzi kimi daxil olduğunu qeyd etmişdir. Tədbirdə çıxış edən digər natiqlər 1990-cı ilin yanvar faciəsinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin müdhiş gecədə həlak olan vətən oğullarının adlarının Azərbaycan tarixinə əbədilik həkk olunduğunu vurğulamışlar.

SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodu və Təmir-tikinti İdarəsində də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. İştirakçılar Etilen-polietilin zavodunun qarşısındakı meydan¬çada torpaqlarımızın müdafiəsi uğrunda döyüşərək şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət etmiş, abidə önünə qərənfillər düzmüşlər. Çıxış edən natiqlər həmin dövrdə Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, erməni¬pə¬rəst siyasəti nəticəsində baş vermiş Yanvar faciəsindən dərhal sonra həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndə-liyinə gələn, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cina¬yətin birbaşa təşkilatçısı olanları “əli qana bulaşmış qatil” adlandır¬an, müasir Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlamışlar.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda təşkil olunmuş mərasimin iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini yad etmişlər. Zavodun direktoru vəzifəsini icra edən Əliağa Səfərov bildirmişdir ki, həmin hadisələrdən 27 il keçsə də, tarix unudulmur. Qeyd olunmuşdur ki, həmin qanlı yanvar gecəsində zavodun işçisi Azad Rzayev şəhid olmuş, Gülmirzə Ağayev isə yaralanmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və 20 yanvar hadisələri zamanı zavodun əməkdaşlarından 8 nəfər əlil, 12 nəfər şəhid olmuşdur. Tədbirdə çıxış edən zavodun Mexanika və energetika şöbəsinin rəisi, Qarabağ müharibəsi veteranı Qabil Allahyarov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 yanvar hadisəsinə siyasi-hüquqi qiymətin verildiyini, həlak olunanların xatirəsinin bütün ölkə boyu əbədiləşdirildiyini xatırlatmışdır. Natiq hər il yanvarın 20-də xalqımızın axın-axın Şəhidlər Xiyabanı memorial kompleksini ziyarət etdiyini diqqətə çatdırmışdır.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində qanlı yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirdə çıxış edən TTSİ-nin rəisi Fuad Süleymanov demişdir ki, Azərbaycan xalqı bu dəhşətli faciəni törədənlərə bu gün də öz dərin nifrətini bildirir. Tədbirdə vurğulanmışdır ki, hələ o zaman sovet hökumətinin qanlı siyasətini ifşa edən Ulu Öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinin əsl mahiyyəti dünya birliyinə çatdırılmış, daha sonra isə bu faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvarın Ümumxalq hüzn günü elan olunması haqda Sərəncam imzalamışdır. Tədbirin sonunda 20 yanvar şəhidlərinə həsr olunmuş film nümayiş etdirilmişdir.

20 yanvar şəhidlərinin xatirəsi Ekologiya İdarəsində keçirilmiş tədbirdə də anılmışdır. İdarənin rəis müavini Əflatun Həsənov çıxış edərək Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, şəhidlərin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əminliyini ifadə etmişdir. Çıxış edən digər natiqlər tarixə “qanlı şənbə gecəsi” kimi həkk olunmuş 20 yanvar faciəsinin Azərbaycan xalqına qarşı cinayət aksiyası, eyni zamanda bütün insanlığa qarşı törədilmiş zorakılıq aktı olduğunu qeyd etmişlər.

Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirində məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və başqaları qanlı yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirmişlər. Tədbir 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə başa çatmışdır.