Xəbərlər arxivi

17 Yanvar 2017

SOCAR-da Çex Respublikasının nümayəndə heyəti ilə görüş keçirilmişdir

+

SOCAR-ın Baş ofisində Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov qonaqları səmimi salamlayaraq, Azərbaycanın qədim neft diyarı olduğunu söyləmiş, dünyada sənaye üsulu ilə hasilata, neftin tankerlərlə, dəmir yolu, boru kəmərləri ilə nəql edilməsinə, emalına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirmişdir. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilmiş, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılmışdır. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən danışan Yaşar Lətifov qeyd etmişdir ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin etmişdir. Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanmışdır.

Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Azərbaycanı Çexiyanın strateji neft tədarükçüsü adlandıran nazir qeyd etmişdir ki, bu gün Azərbaycandan neft idxalı Çexiyanın enerji ehtiyaclarının üçdə bir hissəsini təmin edir. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayan cənab Mladek Azərbaycanın hazırda inşa etdiyi qaz boru kəmərlərinə diqqətlə yanaşdıqlarını söyləmiş, qaz təchizatının Çexiya üçün önəmli məsələ olduğunu nəzərə çatdırmışdır.

Görüşdə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət etdiyi vurğulanmış, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Nazir forumda ölkəsinin neft-kimya sənayesini təmsil edən nümayəndələrin iştirak etdiyini bildirmişdir.

Tərəfləri maraqlandıran digər məsələlər də diqqət mərkəzində olmuşdur.

17 Yanvar 2017

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Yanvarın 18-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

17 Yanvar 2017

SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi ilə əlaqədar mətbuat konfransı keçirilib

+

Yanvar 17-də SOCAR İstiqrazları üzrə ilk faiz ödənişinin həyata keçirilməsi münasibəti ilə SOCAR TOWER-də mətbuat konfransı keçirilmişdir. Konfransda giriş nitqi söyləyən «SOCAR Capital» şirkəti Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirmişdir ki, İstiqrazların buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub. S.Qasımov vurğulamışdır: «SOCAR İstiqrazlarının buraxılması ilə əhalinin yığımlarının iqtisadi proseslərə cəlb olunması və istifadəsiz vəsaitlərin öz sahiblərinə fayda gətirməsi üçün əlverişli imkan yaradılıb. Nəticədə istiqrazlara yatırılan vəsaitlər bu gün öz sahiblərinə ilk gəlirlərini gətirib».

Mətbuat konfransında qeyd edilmişdir ki, yanvarın 17-də həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR İstiqrazlarının sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödənilib. Bu vəsait artıq istiqraz sahiblərinin bank hesablarına köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

KİV nümayəndələrinin sullarını cavablandıran SOCAR-ın qiymətli kağızlarının emissiyası üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Əli Ağaoğlu bildirmişdir ki, hazırda SOCAR İstiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər: «SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb».

Konfransda bildirilmişdir ki, məhz belə əlverişli şərtlərinə görə SOCAR İstiqrazlarının ilkin buraxılışı zamanı investorlar tərəfindən 200 milyon dollardan artıq tələb qeydə alınıb ki, du ba istiqrazların ümumi həcmindən iki dəfə artıqdır. SOCAR İstiqrazlarının təkrar bazarı da həddən artıq aktiv olub. Bu kağızların dövriyyəyə buraxılmasından keçən 3 ay ərzində təkrar bazarda istiqrazlar üzrə təxminən 40 milyon dollarlıq əməliyyat aparılıb. Təkrar bazarda istiqrazlara fiziki şəxslərin marağı xüsusilə böyükdür, həmçinin bazarda istiqrazları Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətənaşlar da alırlar. Bu sahədə Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları daha fəaldırlar. Qeyd olunmuşdur ki, ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər.

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş İstiqrazları 2016-cı ilin sentyabr ayında buraxılmışdır. İstiqrazlar 100 milyon dollar həcmində, 5 il müddətinə və illik 5% gəlirliliklə emissiya edilmişdir. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfədən artıq olmuşdur. Oktyabr ayının 17-dən isə SOCAR İstiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək.

17 Yanvar 2017

SOCAR-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin kitabı Vyetnamda nəşr edilmişdir

+

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 2010-cu ildə Bakıda Azərbaycan və rus dillərində işıq üzü görmüş “Ömrümün illəri və izləri” adlı iri həcmli xatirələr kitabı bu günlərdə Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində nəfis şəkildə çap edilmişdir. Vyetnamda akademik Xoşbəxt Yusifzadənin şəxsiyyətinə və ömür yoluna böyük maraq göstərirlər. Bu, təsadüfi deyil. Ötən əsrin 70-80-ci illərində Azərbaycan Sənaye İnstitutunun - indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olarkən Vyetnamın gənc neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında Xoşbəxt Yusifzadənin böyük rolu olmuşdur. Vyetnam Sosialist Respublikası qarşısında xidmətlərinə görə akademik ölkənin “Dostluq” ordeni ilə təltif edilmişdir. Ona bu orden 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində təqdim olunmuşdur.

17 Yanvar 2017

BANM-də Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq

+

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuzla görüşmüşdür. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlarından danışmış, Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini vurğulamışdır.

BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuz Ali Neft Məktəbində tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirmişlər.

Görüşdə Bakı Ali Neft Məktəbi, BP və Twenty Eighty şirkəti ilə birgə BANM-də Layihələrin İdarə edilməsi Məktəbinin təsis edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. 7 moduldan ibarət olacaq bu layihədə müxtəlif sektorlarda çalışan mütəxəssislər üçün layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur.