Xəbərlər arxivi

16 Yanvar 2017

Dəniz özüllərində təhlükəsizliyin gücləndirilməsi tədbirləri diqqət mərkəzindədir

+

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi heyət N.Nərimanov və Neft Daşları Neft-Qaz Çıxarma İdarələrinin dəniz özüllərində olmuşdur. İdarələrin istismarında olan “Bulla-dəniz” və “Neft daşları” yataqlarında istehsalat obyektlərinə baxışlar keçirilmiş, infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm qərarlar verilmiş, işçilərin daha təhlükəsiz meydança və özüllərdə yerləşdirilməsi üçün tədbirlər planı hazırlanmışdır. Keçirilmiş baxış və səyyar müşavirələrdə dəniz özüllərinin, qəza riskli estakadayanı meydançaların, hidrotexniki qurğu və kommunikasiya qovşaqlarının mövcud vəziyyəti ətraflı müzakirə olunmuş, əmək təhlükəsizliyinin daha etibarlı təminatı üçün zəruri tədbirlərin gücləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. İşçi heyətin üzvləri eyni zamanda “Neft Daşları” yatağında tikintisi başa çatdırılmış 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi ilə tanış olmuş, “Bulla-dəniz” yatağının 6 saylı özülündə qazılmaqda olan 78 nömrəli quyuda qazma işlərinin keyfiyyəti və özüldə təhlükəsizliyin təmin olunmasına nəzarət məsələləri ilə maraqlanmışlar. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirə zamanı dəniz özüllərində neftyığma məntəqələrinə birləşən və istismar olunmayan estakadaların kəsilərək, məntəqələrdən ayrılması; qəza riski müəyyən edilmiş meydançalardan işçi personalın ən qısa zamanda tam çıxarılması; yenilənməsi nəzərdə tutulan qazyığma məntəqəsində işçi sayının minimallaşdırılması; meydançalara gələn sualtı xətlərin dik borularının kəsilərək, suyun altında birləşdirilməsi; yığım-nəql xətlərinin bərkidilməsi, habelə neft-qazyığma məntəqələrində təmir işlərinin sürətləndirilməsi qərara alınmış, müvafiq tapşırıqlar verilmişdir. İşçilərin təhlükəsizliyinin SOCAR üçün ən yüksək prioritet olduğu, təhlükəsizliyin təminatı məqsədi ilə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi bir daha vurğulamışlar. Müşavirədən dərhal sonra təhlükəsizliyin gücləndiriməsi üzrə tədbirlər planının həyata keçirilməsinə start verilmişdir.

Ümumiyyətlə, estakadalar şəbəkəsinin səmərəsizliyini və qəza riskini nəzərə alaraq, son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanmışdır. 2014-cü ildən bəri istifadəyə tam yararsız olan estakadalar istismardan çıxarılaraq, yalnız işlək olan neftyığma məntəqələrindən istifadə edilirdi. Təhlükəsizliyin təmin olunması üçün qəza riskli estakadaların istismardan çıxarılması, neftyığma məntəqələrinin isə bərkidilməsi həyata keçirilirdi.

Xatırladaq ki, N.Nərimanov adına NQÇİ-nin 3 saylı neftyığma məntəqəsi də, istismar olunmayan estakadanın bir hissəsinin güclü tufan nəticəsində uçaraq, işlək neftyığma məntəqəsini də dənizə uçurmasının nəticəsində baş vermişdi. Odur ki, istismar olunmayan estakadaların işlək olan neftyığma məntəqələrindən kəsilərək, tam ayrılması təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə əlavə tədbir kimi nəzərdə tutulmuş və bu istiqamətdə aparılan işlərin icrası ilə bağlı xüsusi tapşırıqlar verilmişdir.

16 Yanvar 2017

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Yanvarın 17-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

16 Yanvar 2017

“Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilmişdir

+

Yanvarın 16-da “Azərikimya” İB-də SOCAR-ın Ekologiya İdarəsinin təşəbbüsü ilə Birliyin Etilen-polietilen zavodunun “EP-300” qurğusunun modernizasiyası və istismarı layihəsi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilmişdir. SOCAR-ın bir sıra idarə və müəssisələrinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Ekspertiza İdarəsinin, Bakı Ali Neft Məktəbinin, ADNSU-nun, SDU-nun, Polimer Materialları İnstitutunun, STP-nin, eyni zamanda Sumqayıt şəhərində yerləşən bir sıra idarə və müəssisə, Sumqayıt şəhər Bələdiyyəsi nümayəndələrinin, qeyri-hökümət təşkilatlarının, KİV və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə “Azərikimya” İB-nin İcraçı direktorun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açmış, ƏMTQ sənədi haqqında iştirakçılara məlumat vermişdir. Sonra “Azərikimya” İB-nin Modernizasiya və yenidənqurma işlərinin təşkili şöbəsi tərəfindən slaydlar vasitəsilə “Etilen-polietilen zavodunun “EP-300” qurğusunun modernizasiya və yenidənqurma layihəsi və onun texniki göstəriciləri” mövzusunda təqdimat keçirilmişdir. Qeyd olunmuşdur ki, layihə ərazisi SOCAR-ın müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənmiş, köhnə obyektlər demontaj edilmiş, yollar çəkilmiş, ətrafda abadlıq işləri aparılmış, ərazi tikinti işlərinin başlanılması üçün hazır vəziyyətə gətirilmişdir. Layihənin icrası ilə mövcud texnoloji qurğular modernləşəcək, EP-300 qurğusunun istehsal gücü artacaq, texnoloji proseslərin stabil və təhlükəsiz istismarına nail olunacaq, nəticə etibarilə ümumi məhsuldarlığın artmasına, alınan məhsulun keyfiyyətinin yüksəldilməsinə, işçilərin iş şəraitinin və sosial rifah halının yaxşılaşmasına zəmin yaranacaqdır. Sonra SOCAR-ın Ekologiya İdarəsi tərəfindən “ƏMTQ prosesi və layihənin ekoloji üstünlükləri”, “Layihə ərazisində ətraf mühitin ilkin vəziyyətinin tədqiqi”, “Potensial təsirlər və onların qiymətləndirilməsi” mövzularında geniş təqdimatlar dinlənilmiş, mütəxəssislər tərəfin¬dən layihənin texniki göstəriciləri, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq, ətraf mühitin, tullantıların və çirkab sularının idarə edilməsi planları və s. haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.

16 Yanvar 2017

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

+

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 620A saylı stasionar dəniz platformasının tikintisini uğurla başa çatdırıb. 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2520 kvadrat metr, çəkisi isə 2398 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilmiş, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilmişdir. 7 dayaq bloku, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilmiş, işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıqlar quraşdırılmışdır.

Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan sutkada 105 ton neft və 160 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.