Xəbərlər arxivi

12 Yanvar 2017

“Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsi inşa edilir

+

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir. Yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədi ilə inşa edilən Məntəqə ayrıca özül üzərində quraşdırılacaq. Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1900 kvadrat metrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılmış, 36 ədəd svay vurulmuş, blokların bir-birilə bərkidilməsi üçün suüstü əlaqələr quraşdırılmışdır. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir. “Bulla-dəniz” yatağında yerləşən özüllərdən hasil olunan neftin, qazın və kondensatın 2A saylı Qazyığma Məntəqəsinə, oradan da sahilə nəql olunması məqsədi ilə 22,174 kilometr uzunluğunda müxtəlif diametrli texnoloji sualtı boru kəmərlərinin çəkilməsi, o cümlədən 8 kilometrlik qaz və maye xətlərinin yerinin dəyişdirilməsi işləri də həyata keçiriləcəkdir.

Obyekt istismara verildikdən sonra “Bulla-dəniz” yatağında hasil olunan 6,9 milyon kubmetr qazın, eləcə də 1350 ton neft və kondensatın yığılaraq sahilə nəqli təmin ediləcəkdir.

12 Yanvar 2017

BANM-də layihə iştirakçıları mükafatlandırıldı

+

Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş ''Kvant fizikası gənc alimlərin təqdimatında'' layihəsinin bağlanış-mükafatlandırma mərasimi keçirilmişdir. BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətini çox yüksək qiymətləndirərək gənclərə göstərilən dəstəyə görə təşəkkür etmişdir. Rektor 2016-cı ildə BANM-in əməkdaş və tələbələrinin 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini, bu layihələrin icrasına Ali Məktəb tərəfindən yüksək səviyyədə dəstək verildiyini vurğulamışdır.

''Kvant fizikası gənc alimlərin təqdimatında'' adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı bildirmişdir ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabrından etibarən hər həftənin bazar günü olmaqla 5 həftə davam etmiş və bütün təlimlər BANM-də keçirilmişdir.

BANM-in professoru Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov layihə çərçivəsində təlimlərin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını bildirmişlər. Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılmışdır.



12 Yanvar 2017

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

+

Yanvarın 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı”nda cari təmir işləri aparılacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.